"Müharibədən qaçınma siyasəti davam edir" - ŞƏRH EDİLDİ

"ABŞ, İsrail və İran arasında davam edən gərginlik hazırda daha çox idarə olunan eskalasiya vəziyyətinə yaxın görünür. Yəni, başqa sözlə desək, tərəflər arasında qarşıdurma riski yüksək olaraq qalır, lakin eyni zamanda heç biri genişmiqyaslı və nəzarətdən çıxmış müharibəyə keçməkdə maraqlı deyil".

Bunu SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib.

Onun sözlərinə görə, bu balans çox incədir və əsasən tərəflərin bir-birini qarşılıqlı çəkindirmə məntiqi üzərində qurulub: "Son dövrlərdə baş verən hadisələr göstərir ki, tərəflər bir-birinin “qırmızı xətlərini” sınaqdan keçirir, lakin həmin xətləri tam aşmamağa çalışırlar.

Hazırkı gedişatın ən xarakterik xüsusiyyəti odur ki, tərəflər mərhələli eskalasiya və mərhələli de-eskalasiyaya üstünlük verirlər. Yəni qarşılıqlı olaraq sərt ritorika müşahidə olunur, müəyyən insidentlər baş verir - məsələn, Hörmüzdəki vəziyyət bunun bariz göstəricisidir - ardınca cavab addımları atılır, daha sonra isə diplomatik və ya vasitəçi kanallar vasitəsilə gərginlik müəyyən səviyyədə aşağı salınır. Bu model tam sabit deyil, amma tərəflərin hələ də nəzarət həddini qorumağa çalışdığını göstərir.

Ən kritik risk nöqtələrindən biri Hörmüz boğazı kimi strateji ərazilərdir. Burada baş verən hər hansı ciddi eskalasiya qlobal enerji bazarına birbaşa təsir göstərdiyi üçün münaqişə təkcə regional deyil, həm də qlobal iqtisadi təhlükəsizlik məsələsinə çevrilir. Bu da üçüncü tərəflərin - Avropa İttifaqı, Çin və Rusiya kimi aktorların - prosesə dolayı təsirini artırır.

Hərbi qarşıdurma ehtimalına gəldikdə isə, hərbi əməliyyatların yenidən başlaması riski mövcuddur, lakin tərəflərin bundan maksimum dərəcədə qaçmaq istədikləri də müşahidə olunur. Bunun əsas səbəbi odur ki, belə bir müharibə tərəflərin heç biri üçün sürətli qələbə vəd etmir. İranın vəziyyəti ortadadır və onun ABŞ-yə qalib gəlmə ehtimalından danışmaq çətindir. İran daha çox assimetrik təzyiq vasitələri ilə müdafiə strategiyasına üstünlük verir.

ABŞ isə əvvəlki hərbi təcrübələrdən çıxış edərək sürətli qələbənin mümkün olmadığını görüb. Ona görə də İranı maksimum təzyiq altında saxlamaq və iqtisadi-siyasi blokada vasitəsilə zəiflətmək strategiyasını davam etdirir. Yəni ABŞ daha çox uzunmüddətli təzyiq modelinə, İran isə dözümlülük strategiyasına üstünlük verir.

Ümumi olaraq qiymətləndirildikdə, mövcud vəziyyət aktiv gərginlik, lakin idarə olunan qarşıdurma mərhələsi kimi xarakterizə oluna bilər".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə