“Orta Şərqdə geosiyasi gərginlik yeni eskalasiya mərhələsinə keçib” - POLİTOLOQ DANIŞDI

“Hazırkı geosiyasi dinamika göstərir ki, Orta Şərqdə formalaşan qarşıdurma artıq klassik “kölgə müharibəsi” çərçivəsini aşaraq daha strukturlaşmış və çoxsəviyyəli eskalasiya mərhələsinə çoxdan daxil olub”.
Bu sözləri SİA-ya açıqlamasında politoloq Aytən Qurbanova bildirib.

Onun sözlərinə görə, fevralın 28-dən etibarən başlanan hərbi toqquşmalar fonunda əldə edilmiş 14 günlük atəşkəs regionda nisbi sabitlik illüziyası yaratsa da, bu fasilə daha çox tərəflərin yenidən qruplaşması və növbəti mərhələyə hazırlığı kimi qiymətləndirilə bilər:

”Əldə olunmuş qısamüddətli atəşkəs klassik mənada münaqişənin dondurulması deyil, taktiki fasilə xarakteri daşıyır. Məhz bu nöqteyi-nəzərdən yanaşdıqda, atəşkəs sülhə aparan mərhələ deyil, daha geniş qarşıdurmadan öncəki “fasilə” kimi çıxış edə bilər.

Mövcud vəziyyətin təhlili isə göstərir ki, qarşıdurmanın inkişafını üç əsas istiqamət üzrə proqnozlaşdırmaq mümkündür.

Birincisi, aşağı intensivlikli uzunmüddətli qarşıdurmadır ki, bu da ən real ssenari hesab oluna bilər. Hazırkı şərtlərdə ən ehtimal olunan variant tərəflərin ikinci mərhələdə birbaşa müharibədən yayınaraq proksi aktorlar və hədəfli zərbələr vasitəsilə qarşıdurmanı davam etdirməsidir. Bu model İranın “asimmetrik cavab” strategiyasına uyğundur, İsrailin yüksək texnoloji üstünlüyü ilə selektiv zərbələr endirməsinə imkan verir və ABŞ üçün də genişmiqyaslı müharibəyə cəlb olunmadan regional balansı qorumağa şərait yaradır. Bu ssenaridə risklərin aşağı görünməsinə baxmayaraq, davamlı qeyri-sabitlik region iqtisadiyyatına və enerji təhlükəsizliyinə ciddi təsir göstərə bilər.

İkincisi, regional eskalasiya və çoxcəhətli müharibədir. Yəni atəşkəsin pozulması və ya iri miqyaslı toqquşma halında münaqişə sürətlə genişlənə bilər. Bu halda Livan istiqamətində “Hizbullah–İsrail” xətti yenidən aktiv fazaya keçə bilər, regiondakı ABŞ qüvvələrinə qarşı hücumlar intensivləşə bilər və Yəməndə husilərin Qırmızı dənizdəki fəaliyyətləri qlobal ticarət marşrutlarını ciddi təhlükə altına sala bilər. Bu ssenari regiondakı mövcud böhranı dərinləşdirərək dövlətlərarası deyil, çoxmərkəzli müharibə modelini gücləndirir.

Üçüncüsü isə genişmiqyaslı regional münaqişədir. Bu, ən riskli ssenaridir. Əgər tərəflərdən biri strateji “qırmızı xətt”in keçildiyini iddia edərsə (məsələn, İranın nüvə obyektlərinə genişmiqyaslı zərbələr və ya İsrail ərazisinə kütləvi hücumlar), ABŞ birbaşa quru əməliyyatlarına başlaya və İran da öz növbəsində bütün regional proksi şəbəkəsini aktivləşdirə bilər. Bu ssenari qlobal iqtisadiyyata şok təsiri göstərə və böyük güclərarası rəqabəti açıq qarşıdurma mərhələsinə keçirə bilər.

Ona görə də münaqişənin mahiyyətini yalnız regional çərçivədə izah etmək kifayət deyil. Bu qarşıdurma artıq qlobal güc balansının elementinə çevrilib. Çünki ABŞ üçün əsas prioritet Orta Şərqdə strateji nəzarəti və müttəfiqlərinin təhlükəsizliyini qorumaqdır. Çin isə öz növbəsində enerji təhlükəsizliyi və tədarük xətlərinin sabitliyində maraqlıdır. Digər tərəfdən, Rusiya da Qərbin diqqətinin və resurslarının bölünməsini öz geosiyasi maraqları baxımından əlverişli hesab edir. Bu aktorların dolayı və ya birbaşa iştirakı münaqişənin lokal çərçivədən çıxaraq sistem xarakteri almasına səbəb ola bilər.

Hazırkı mərhələdə tammiqyaslı müharibə qaçılmaz görünməsə də, 14 günlük atəşkəsin davamlı sülhə çevrilməsi üçün real siyasi və institusional mexanizmlər mövcud deyil. Əksinə, mövcud dinamika göstərir ki, qarşıdurma uzunmüddətli və aşağı intensivlikli formatda davam edəcək. Həmçinin eskalasiya riski yüksək olaraq qalmaqla “təsadüfi müharibə” ehtimalı da istisna olunmur”.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə