“Uşaqların rəqəmsal mühitdə qorunması kompleks yanaşma tələb edir“ -SOSİOLOQ DANIŞDI
“Son illər informasiya texnologiyalarının sürətli inkişafı və sosial şəbəkələrin geniş yayılması uşaqların sosiallaşma prosesinə ciddi təsir göstərən əsas amillərdən birinə çevrilmişdir”.
Bu sözləri SİA -ya açıqlamasında əməkdar jurnalist , sosioloq Mətanət Məmmədova bildirib.
Onun sözlərinə görə, bu kontekstdə uşaqların zərərli kontentdən qorunması və onların rəqəmsal mühitdə təhlükəsizliyinin təmin edilməsi həm ictimai, həm də elmi müzakirələrin mərkəzində dayanır:
” Məsələnin aktuallığı təkcə fərdi deyil, həm də ictimai təhlükəsizlik aspektindən qiymətləndirilməlidir.
Son dövrlərdə müxtəlif ölkələrdə, o cümlədən Türkiyədə məktəbdə baş vermiş faciəvi hadisələr bir daha göstərir ki, yeniyetmələr arasında aqressiv davranışların formalaşması təsadüfi deyil və çoxşaxəli səbəblərlə bağlıdır. Xüsusilə erkən yaşda zorakılıq və kriminal məzmunlara məruz qalma uşaqların psixoloji inkişafına mənfi təsir göstərərək onların davranış modellərində təhriflər yarada bilər. Bununla belə, qeyd etmək vacibdir ki, bu cür hallar yalnız sosial şəbəkələrin təsiri ilə izah oluna bilməz; burada ailədaxili münasibətlər, psixoloji vəziyyət, sosial mühit və kommunikasiya çatışmazlığı kimi amillər də mühüm rol oynayır.
Müasir dövrdə internetin əlçatanlığı uşaqlara geniş informasiya imkanları təqdim etsə də, eyni zamanda onların nəzarətsiz və filtrsiz məzmunlarla qarşılaşma riskini artırır. Bu baxımdan, rəqəmsal mühitin uşaqların psixologiyasına və davranışına təsiri kompleks şəkildə təhlil edilməlidir. Əvvəllər oyun klubları vasitəsilə müşahidə olunan təsirlər bu gün daha geniş miqyasda və daha dərin formada, birbaşa ev mühitində özünü göstərir.
Problemin həlli yalnız valideyn nəzarəti ilə məhdudlaşdırıla bilməz. Əksinə, burada ailə, məktəb və ümumi informasiya mühiti arasında qarşılıqlı əlaqə və məsuliyyət bölgüsü vacibdir. Valideynlər uşaqların rəqəmsal davranışlarını izləməklə yanaşı, onlarla açıq ünsiyyət qurmalı, rəqəmsal savadlılığın formalaşdırılmasına töhfə verməlidirlər. Eyni zamanda, məktəblərdə psixoloji xidmətlərin gücləndirilməsi və riskli davranışların erkən mərhələdə aşkarlanması mühüm əhəmiyyət kəsb edir.
Dövlət səviyyəsində qəbul olunan normativ-hüquqi aktlar və tənzimləyici mexanizmlər də bu prosesin vacib komponentlərindən biridir. Xüsusilə müəyyən yaş qrupları üçün internet istifadəsinə dair məhdudiyyətlərin tətbiqi, eləcə də təhlükəsiz rəqəmsal mühitin yaradılması istiqamətində atılan addımlar preventiv xarakter daşıyır.
Uşaqların sosial şəbəkələrin zərərli təsirlərindən qorunması çoxsəviyyəli yanaşma tələb edən mürəkkəb bir prosesdir. Əgər ailə, təhsil sistemi və dövlət strukturları arasında koordinasiyalı fəaliyyət təmin olunmazsa, gələcəkdə bu kimi risklərin artması qaçılmaz olacaqdır. Buna görə də, problemin həlli kompleks və davamlı strategiyaların tətbiqini zəruri edir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB