"Nikah zamanı tibbi arayışla yanaşı narkoloji rəy də tələb olunmalıdır" - DEPUTATDAN TƏKLİF

“Bildiyiniz kimi, narkotik vasitələrin qəbulu insan sağlamlığına ən çox zərər verən vərdişlərdən biridir. Eyni zamanda bu problem cəmiyyətə ciddi ziyan vurur və insan taleyinə mənfi təsir göstərir”.

SİA xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Göydəniz Qurbanov plenar iclasda çıxışı zamanı deyib.

Deputat bildirib ki, Azərbaycanda narkomaniyaya qarşı dövlət səviyyəsində ardıcıl mübarizə aparılır: “Ölkəmizdə bu istiqamətdə kompleks tədbirlər görülür. Digər ölkələrlə müqayisədə göstəricilərin daha aşağı olması dövlətin həyata keçirdiyi ciddi siyasətin nəticəsidir”.

Göydəniz Qurbanov qeyd edib ki, müzakirə olunan qanun layihəsi işə qəbul prosesində daha məsuliyyətli yanaşmanın formalaşmasına xidmət edə bilər.

O, əlavə təkliflə çıxış edərək nikah prosesində tibbi yoxlamaların genişləndirilməsini təklif edib: “Nikah bağlanarkən tibbi arayışla yanaşı, narkoloji tibb müəssisəsi tərəfindən verilmiş rəyin də təqdim olunması məqsədəuyğun olardı”.

Deputat bildirib ki, bəzi hallarda narkoloji asılılıq nikahdan sonra üzə çıxır və bu da ailə problemlərinə səbəb olur: “Əgər bu hallar öncədən müəyyən edilərsə, boşanmaların sayının azalması mümkündür”.

Sonda deputat qeyd edib ki, bu addım ailə institutunun möhkəmlənməsinə töhfə verə bilər.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə