“Bakı Türk dövlətlərinin dialoq, məsləhətləşmə və ortaq qərar məkanı kimi qəbul olunur” -DEPUTAT DANIŞDI

“Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan uzun illərdir türk dünyasında birlik ideyasını ardıcıl şəkildə dəstəkləyən, bu birliyi konkret təşəbbüslərlə möhkəmləndirən ölkədir. Məhz bunun nəticəsidir ki, bu gün Bakı türk dövlətlərinin dialoq, məsləhətləşmə və ortaq qərar məkanı kimi qəbul olunur. Bu, əlbəttə, dövlətimizin artan beynəlxalq nüfuzunun, etibarlı tərəfdaş imicinin və düşünülmüş xarici siyasət kursunun məntiqi nəticəsidir”.
Bu sözləri SİA -ya açıqlamasında Millət Vəkili Ülviyyə Həmzəyeva bildirib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumət başçılarının və vitse-prezidentinin görüşü iştirakçılarını qəbul etməsi, məncə, təkcə diplomatik hadisə kimi deyil, həm də türk dünyasının gələcək siyasi konturlarını müəyyənləşdirən mühüm məqam kimi dəyərləndirilməlidir. Bu görüş bir daha göstərir ki, bu gün Azərbaycan türk dövlətləri arasında sadəcə coğrafi bağ rolunu oynamır, eyni zamanda siyasi iradəni, strateji baxışı və ortaq maraqları bir araya gətirən əsas mərkəzlərdən biri kimi çıxış edir.
Xüsusilə bugünkü mürəkkəb beynəlxalq münasibətlər sistemində türk dövlətlərinin ortaq mövqedən çıxış etməsi, siyasi və iqtisadi əməkdaşlığı daha da dərinləşdirməsi olduqca vacibdir. Bu mənada Bakıda keçirilən belə yüksəksəviyyəli görüşlər türk dünyasının həmrəyliyinə, qarşılıqlı etimadın möhkəmlənməsinə və yeni əməkdaşlıq istiqamətlərinin formalaşmasına ciddi töhfə verir. Azərbaycan isə bu prosesdə təşəbbüskar, birləşdirici və məsuliyyətli mövqeyi ilə seçilir.
Bu qəbul həm də onu göstərir ki, Türk Dövlətləri Təşkilatı artıq sadəcə ortaq tarix və mədəniyyət platforması deyil. Bu gün bu təşkilat geniş coğrafiyada söz sahibi olan, regional və beynəlxalq proseslərə təsir imkanları getdikcə artan bir siyasi əməkdaşlıq mərkəzinə çevrilməkdədir. Azərbaycan da bu mühüm platformanın aparıcı qüvvələrindən biri kimi türk dünyasının birgə gələcəyinin qurulmasında xüsusi rol oynayır.
Əminəm ki, Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan bundan sonra da türk dövlətləri arasında birliyin, həmrəyliyin və qarşılıqlı dəstəyin güclənməsinə öz mühüm töhfəsini verməyə davam edəcək”.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə