“Böyük Qayıdış proqramının bütün mərhələlərinin uğurla başa çatacağına şübhə yoxdur” - ŞƏRH

“Azərbaycanlıların azad olunmuş torpaqlara Böyük Qayıdış proqramı bütün bucaqlardan baxanda uğurla icra olunur. Böyük Qayıdış çərçivəsində həm ərazilərin bərpası istiqamətində mühüm işlər görülür, həm də insanların məskunlaşdırılması yönümündə fəaliyyət davam edir”. Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.

Onun sözlərinə görə, azad olunmuş ərazilərdə bərpa olunan enerji mənbələrinin yaradılması istiqamətində də işlər geniş miqyasda aparılır:

“Bu bölgələrdə sosial infrastrukturun yaradılması, şəhər tipli qəsəbələrin və kəndlərin salınması, eyni zamanda kənd təsərrüfatı yönümlü işlərin görülməsi, təhsil obyektlərinin yaradılması və digər istiqamətlər üzrə həyata keçirilən tədbirlər plan üzrə davam edir. Azərbaycan dövləti Böyük Qayıdış proqramının icrasına fasiləsiz və dinamik proses kimi yanaşır. Hər ötən gün bu istiqamətdə görülən işlər açıq şəkildə müşahidə olunur və ictimaiyyətin diqqət mərkəzindədir.

Görülən işlər Böyük Qayıdış prosesinin birbaşa iştirakçıları olan və azad edilmiş ərazilərə qayıdan insanların da gözləri önündə baş verir. Bu prosesin maraqlı tərəflərindən biri də onun həm Azərbaycan ictimaiyyətinin nəzarəti altında olması, həm qayıdan insanların bu prosesin iştirakçısı kimi çıxış etməsi, həm də bu bölgələrdə infrastrukturun tikintisi ilə məşğul olan çoxsaylı insanların fəal iştirakı ilə həyata keçirilməsidir.

Qeyd etmək lazımdır ki, bu bölgələrdə fəaliyyət göstərən Qarabağ Universitetində təhsil alan yerli və xarici tələbələrin də bu prosesdə iştirakı onun əhəmiyyətini daha da artırır.

Böyük Qayıdış proqramının icrası Azərbaycan dövlətinin strateji fəaliyyət istiqamətlərindən biridir. Bu, həm insanların həmin ərazilərdə yaşayışının təmin olunması baxımından əhəmiyyətlidir, həm də bu bölgələrin iqtisadi potensialının üzə çıxarılması nöqteyi-nəzərindən vacibdir. Eyni zamanda, bu ərazilərdə həyata keçirilən işlər dövlətin təhlükəsizliyi baxımından da mühüm rol oynayır. Belə ki, insanların məskunlaşdırılması, infrastrukturun qurulması, hüquq-mühafizə orqanlarının, məhkəmə sisteminin, sərhəd xidmətinin, Azərbaycan Ordusunun və digər dövlət qurumlarının yerli strukturlarının yaradılması bu bölgələrin güclü təhlükəsizlik çətiri altına alınmasını təmin edir.

Bu bölgələrdə inşa olunan beynəlxalq hava limanları da Böyük Qayıdış proqramının mühüm tərkib hissəsidir. Bir sözlə, bir müddət əvvəl başlanmış bu proses artıq əhəmiyyətli bir mərhələyə çatmışdır və görülən işlər dövlət strategiyasının əsas istiqamətlərindən birini təşkil edir.

Aydın görünür ki, bütün proses dövlət başçısının nəzarəti altındadır. Dövlət başçısının mütəmadi olaraq bu bölgələrə səfər etməsi, müxtəlif obyektlərin açılışında iştirak etməsi və yeni layihələrin təməlini qoyması bu məsələyə yüksək səviyyədə diqqət yetirildiyini göstərir. Bu proses dayanmadan və fasiləsiz şəkildə davam edir və mövcud temp qorunarsa, Böyük Qayıdış proqramının bütün mərhələlərinin uğurla başa çatacağına şübhə yoxdur”.

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə