“Azad ərazilərdə mina problemi mülki geri dönüşü və infrastrukturun bərpasını ləngidir" - POLİTOLOQ DANIŞDI
"İşğaldan azad olunmuş ərazilərdə mina problemi Azərbaycan üçün post-münaqişə dövrünün ən ciddi humanitar və təhlükəsizlik çağırışlarından biridir".
Bu sözləri SİA-ya açıqlamasında politoloq Polad Mehdiyev bildirib.
Onun sözlərinə görə, uzun illər ərzində Ermənistan tərəfindən bu ərazilər məqsədyönlü və sistemli şəkildə minalanmışdır. Bu vəziyyət mülki əhalinin geri dönüşünü, infrastrukturun bərpasını və iqtisadi fəaliyyətin bərpasını əngəlləyir.
Hazırda mina təmizləmə işləri dövlətin prioritet siyasətindən biridir və ANAMA tərəfindən mərkəzləşdirilmiş qaydada həyata keçirilir. Eyni zamanda Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və beynəlxalq tərəfdaşlar da bu prosesə cəlb olunub. Azad edilmiş ərazilərdə minlərlə hektar sahə artıq yoxlanılıb, yüz minlərlə mina və partlamamış hərbi sursat zərərsizləşdirilib. Lakin minaların sıxlığı və xəritələrin natamam və ya səhv təqdim olunması işin mürəkkəbliyini artırır.
Hüquqi baxımdan, mina problemi yalnız təhlükəsizlik məsələsi deyil, həm də beynəlxalq humanitar hüququn kobud pozuntusudur. Mülki əhaliyə təhlükə yaradan, geri dönüş hüququnu əngəlləyən bu vəziyyət Ermənistanın müharibədən sonrakı qeyri-konstruktiv mövqeyinin göstəricisidir. Mina xəritələrinin tam və dəqiq təqdim olunmaması isə beynəlxalq humanitar öhdəliklərin pozulması deməkdir və hüquqi məsuliyyət yaradır.
Siyasi səviyyədə Azərbaycan mina problemini beynəlxalq gündəmdə ardıcıl şəkildə qaldırır. Rəsmi Bakı bu məsələni həm milli, həm regional, həm də humanitar təhlükəsizlik məsələsi kimi təqdim edir. Məqsəd həm beynəlxalq dəstəyin artırılması, həm də Ermənistan üzərində siyasi və hüquqi təzyiq mexanizmlərinin gücləndirilməsidir.
Minatəmizləmə prosesi Azərbaycanın “Böyük Qayıdış” strategiyasının əsas şərtidir. Dövlət bu işi mərhələli, planlı və prinsipial şəkildə davam etdirir. Lakin problemin miqyası göstərir ki, bu, uzunmüddətli bir prosesdir və beynəlxalq ictimaiyyətin real və səmərəli dəstəyi olmadan tam həllini tapması çətindir.
Buna baxmayaraq, Azərbaycan öz suveren ərazilərində təhlükəsiz və dayanıqlı həyatın bərpası yolunda qətiyyətli mövqeyini qoruyur və bu istiqamətdə bütün səylərini davam etdirir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB