Media təşkilatı Qarabağın minalardan təmizlənməsi prosesinə necə qoşuldu? - MÜSAHİBƏ
Bu günlərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) ilə 7 024 230 manat məbləğində satınalma müqaviləsi imzaladığı məlum olub. Bu məlumat bir sıra suallar doğurub. Xüsusən də, uzun illərdir yalnız media sahəsindəki aktiv fəaliyyəti ilə tanınan bir təşkilatın ANAMA ilə necə sıx əməkdaşlığa başladığı və Dövlət Satınalmalarının Vahid İnternet Portalında agentliyin tərəfdaşları siyahısında yer alması maraq doğurur.
1news.az olaraq məqama aydınlıq gətirmək və təşkilatın minatəmizləmə sahəsindəki fəaliyyəti barədə daha ətraflı məlumat almaq üçün BAMF-ın prezidenti, ictimai xadim və əməkdar mədəniyyət işçisi Umud Mirzəyevlə həmsöhbət olduq.
- İstərdik ki, bu yeni layihə ilə bağlı ətraflı məlumat verəsiniz. Minatəmizləmə və mətbuat fondu?
- İlk öncə Beynəlxalq Avrasiya Mətbuat Fondunun fəaliyyəti və o cümlədən, Azərbaycanda davam etdirilən mina təhlükəsi ilə mübarizə proqramı haqqında maraqlandığınız üçün təşəkkür etmək istərdim. Bildiyiniz kimi, bu gün qlobal mina problemi dünya əhalisini ən çox təhdid altında saxlayan bəşəri problemlərdən biridir. Mina təhlükəsi bu gün Azərbaycanda da ən ciddi və aktual problemlərindən biri kimi cənab prezident İlham Əliyevin xüsusi diqqət ayırdığı məsələlər sırasındadır.
Qurucusu və rəhbəri olduğum Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) 1992-ci ildə dövlət qeydiyyatına alınmış və regionda BMT-nin QHT bölməsinin ən yüksək Əsas məşvərətçi statusuna sahib olan yeganə qeyri-hökumət təşkilatıdır. BAMF öz statusundan istifadə edərək müxtəlif istiqamətlərdə, xüsusilə, Azərbaycanın tarixi reallıqlarının çatdırılması ilə bağlı BMT-nin Cenevrə, Nyu York, Vyana ofislərində və digər nüfuzlu beynəlxalq auditoriyalarda mütəmadi olaraq silsilə tədbirlər, paralel sessiyalar keçirir. Dünyanın qaynar nöqtələrindən, konflikt zonalarından obyektiv informasiyanın yayılması məqsədilə yaradılan BAMF-ın təşkilatçlığı ilə təkcə Birinci Qarabağ müharibəsi zamanı xarici jurnalistlərin, diplomatların Qarabağa 100-dən çox səfərləri təşkil olunmuşdur. BAMF bu gün 5 fərqli: Media və vətəndaş cəmiyyətinin inkişafı, sülhməramlı aksiyalar və münaqişələrin həlli, qaçqınların və məcburi köçkünlərin problemləri, icmaların inkişafı və təhsil istiqamətlərində layihələr icra etməkdə və fəaliyyət göstərməkdədir. Mina aksiyası proqramına necə qoşulmağımıza gəldikdə isə, BAMF uzun illərdir ki, özünün nizamnaməsinə əsasən müharibə və münaqişələrin yaratdığı problemlərin həllinə yönələn və davamlı inkişafa xidmət edən sosial-humanitar yönümlü layihələr həyata keçirir. BAMF olaraq ilk dəfə 2000-ci ildə Azərbaycan höküməti və BMT-nin İnkişaf Proqramının birgə həyata keçirdiyi Mina Təhküləsi ilə mübarizə proqramına qoşulmuşuq. Daha sonra isə Azərbaycanda mina təhlühlükəsi ilə mübarizə proqramının əsasını təşkil edən ölkə əhəmiyyətli “Birinci Səviyyəli Tədqiqat” (2000), “Minaların Mənfi Təsirinin Tədqiqi (2002)”, “Mina qurbanlarının ehtiyaclarının qiymətləndirilməsi” (2004) kimi mühüm layihələrin icraçısı olduq. Bu tədqiqatlar və keçirilən sorğular bizim nizamnamə məqsədlərimizdə yer alan konflikt bölgələrindən obyektiv informasiyanın toplanması və yayılması bəndindən irəli gələn fəaliyyətlər idi.
2002-ci ildə minaların mənfi təsirinin araşdırılması layihəsini icra etdiyimiz zaman biz Naxçıvan da daxil olmaqla ölkənin dörd bir yanında bir milyondan çox vətəndaş arasında sorğular həyata keçirdik. Sorğuların nəticələri və bütün təsdiqedici sənədlər bu günə qədər də BAMF-ın arxivində saxlanılır. Həmin vaxt Göygöl rayonunun Topalhəsənli kəndində 84 yaşlı, mina partlayışı nəticəsində bir gözünü və bir ayağını itirmiş ağbirçək bir xanımla görüşümüzdə acizanə şəkildə mina bəlasından xilas olmaları üçün dəstək göstərməyimizi, onları xilas etməyimizi xahiş etdi. Məlum oldu ki, həmin xanım bir müddət əvvəl öz mal-qarasını otararkən keçmiş sovet ordusunun həmin ərazidə yerləşən hərbi hissəsindən qalma minanın qurbanına çevrilib. O vaxtlar ANAMA yeni yaranmış və indikindən fərqli olaraq imkanları elə də geniş olmayan bir qurum idi. Bu və buna bənzər çoxsaylı müraciətlərdən sonra hazırladığımız layihə təklifinin nəticəsi olaraq Yaponiya səfirliyinin dəstəyi ilə müharibədən zərərçəkmiş bölgələrdən olan seçilmiş 11 nəfərdən ibarət BAMF-ın “İcma Mina Aksiyası” komandasını yaratdıq. Təsdiqlənən layihəyə 11 ədəd qoruyucu geyim dəsti, 11 ədəd dedektor və 1 ədəd ambulans daxil idi. Hazırda Sizin soruşduğunuz və son olaraq Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) ilə 2026-cı il üzrə bağlanan əməkdaşlıq müqaviləsi də məhz bu komandanın illərdir davam edən fəaliyyətinin uzadılması ilə bağlıdır. Biz artıq 25 ilə yaxındır ki, ANAMA ilə uğurlu əməkdaşlığa sahibik və bu gün agentliyin yeganə QHT tərəfdaşıyıq.
BAMF-ın “İcma Mina Aksiyası” komandası təkcə 2025-ci ildə 2,058 hektar, 2002-ci ildən indiyədək isə 16,274 hektar ərazini mina və partlamamış hərbi sursatlardan təmizləmiş və 2118 ədəd piada əleyhinə, 1841 ədəd tank əleyhinə mina və 17,869 ədəd isə partlamamış hərbi sursat aşkarlanmışdır. Bu gün komandımızın təmizlədiyi ərazilərdə məcburi köçkünlər üçün iri qəsəbələr salınmış, sosial infrastruktur obyektləri tikilmiş, kənd təsərrüfatı, irriqasiya sistemləri inkişaf etdirilmiş, bilavasitə ölkənin iqtisadiyyatına və sosial inkişafına hiss olunacaq qədər töhfələr verilmişdir. Azərbaycanın işğaldan azad olunmuş və müharibədən zərər çəkmiş rayonlarında məskunlaşan yüz minlərlə vətəndaşımıza BAMF-ın peşəkar təlimçiləri tərəfindən “Partlayıcı Sursatların Təhlükəsinə dair Maarifləndirmə (PSTM)” təlimləri də keçirilməkdədir. BAMF-ın “İcma Mina Aksiyası” komandası ANAMA-dan əlavə UNICEF, UNDP, А kimi BMT agentlikləri ilə yanaşı Təhsil Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili İşlər Nazirliyi, Dövlət Əmək Müfəttişliyi Xidməti və digər lokal dövlət qurumları ilə də uğurlu əməkdaşlıq təcrübəsinə sahibdir.
- Layihənin gələcəkdə daha da genişləndirilməsi planlaşdırılırmı?
- Bəli, mümkündür. Ancaq burada bəzi diqqət ediləsi məqamlar var. Çox təəssüf ki, Azərbaycan bu gün minalarla ən çox çirklənmiş ölkələr sırasında yuxarı pillələrdə yer alır. Beynəlxalq və yerli ekspertlərin tədqiqatlarına və təxminlərinə əsasən ölkə ərazisində 1.5 milyona yaxın mina olması ehtimal edilir. Uzun illərdir mina sahələrində çalışan komandanın rəhbəri kimi bu rəqəmin real olduğunu və hətta daha böyük ola biləcəyini xüsusilə vurğulamaq istərdim. Bu isə o deməkdir ki, Azərbaycanın mina problemi 10, 15 və bəlkə də 20 ildən çox davam edə bilər. Belə olduğu halda biz öz kadr potensialımız, çoxillik təcrübəmiz və regiona bələd olma üstünlüyümüzlə öz töhfəmizi vermək istəyirik. BAMF-ın “İcma Mina Aksiyası” komandasının minatəmizləmə əməliyyatları və bütün regional layihələr uzun illərdir ki, BAMF-ın Tərtər regional ofisindən idarə olunur. Buradan Ağdam, Ağdərə, Suqovuşan, Kəlbəcər və digər istiqamətlərdə davam edən əməliyyatlara çıxışlar təmin olunur. BAMF-ın “İcma Mina Aksiyası” komandasının kadr potensialı dedikdə isə 25 ilə yaxındır bizimlə bərabər olan və ilk gündən minatəmizləmə sahəsində çalışan əməkdaşlarımızın çoxillik təcrübəsinə və fədakarlığına vurğu edirik. Həmçinin, onu da bildirim ki, BAMF-ın “İcma Mina Aksiyası” komandasının vətən uğrunda canından keçən 3 şəhidi də vardır. 44 günlük İkinci Qarabağ müharibəsi zamanı BAMF-ın “İcma Mina Aksiyası” komandası Tərtər, Ağdərə, Suqovuşan istiqamətlərində yerlərə düşən mərmilərin təmizlənməsini dayanmadan həyata keçirib. Mən özüm də şəxsən 44 gün Qarabağda - ön cəbhədə Əl Cəzirə media şəbəkəsini müşaiyət etmişəm.
BAMF-ın ANAMA ilə olan illik müqavilələri ilə bağlı da bəzi məlumatları bölüşmək istərdim. ANAMA ilə BAMF arasında müqavilələr imzalanan zaman qarşımıza müəyyən təmizləmə öhdəliyi qoyulur. Məsələn, ötən il bu öhdəlik 2000 hektar olaraq müəyyənləşdirilmişdi. İlin sonunda biz artıq 2058 hektar ərazini təmizləməklə qarşıya qoyulan hədəfi keçdik və bir növ müqavilənin şərtlərini daha dəqiq desək əsas öhdəliyimizi yerinə yetirmiş olduq. Nəticədə bu bizim ANAMA ilə olan əməkdaşlığımızın davam etməsi və yeni müqavilənin imzalanması üçün əsas səbəb oldu. Əgər cari – 2026-cı ilin sonunda da müqavilə üzrə qarşıya qoyulan öhdəliyi uğurla başa vursaq düşünürəm ki, bu əməkdaşlıq davam edəcək. Həmçinin, cənab prezidentin tapşırığına əsasən Qarabağa qayıdış prosesinin günü-gündən sürətləndiyini nəzərə alsaq sözügedən layihənin genişləndirilməsi istisna edilmir.
Bir məqamı da diqqətinizə çatdırmaq istərdim ki, Beynəlxalq Avrasiya Mətbuat Fondunun “İcma Mina Aksiyası” komandası bu gün beynəlxalq minatəmizləmə standartlarından qat-qat aşağı xərclərlə bu fəaliyyətləri icra edir. Dünya təcrübəsinə də diqqət yetirdikdə minatəmizləmə əməliyyatlarının əksər hallarda QHT-lər tərəfindən həyata keçirildiyini müşahidə edə bilərik. Buna əsas səbəb isə QHT-lərin qeyri-kommersiya təşkilatı olmaları buna görə də digər təşkilatlarla müqayisədə daha az məsrəflərlə fəaliyyət göstərmələri və gəlir əldə etməmələridir. Çox təəssüf ki, bəzən mətbuatda və cəmiyyətdə BAMF-ın müqavilə məbləği və satınalmaların “Bir mənbə metodu” tətbiq olunaraq keçirilməsi ilə bağlı yanlış və xoşagəlməz fikirlər səsləndirilir. İstərdim ki, bu müsahibə vasitəsilə fürsətdən istifadə edərək bu tip sual doğuran və cəmiyyətdə çaşqınlıq yaradan məqamlara aydınlıq gətirim. Minatəmizləmə üzrə ANAMA ilə bağlanan müqavilələrimizin büdcələrində 90%-a yaxın büdcə vəsaiti işçilərin əməkhaqqı, əməkhaqqıdan tutulmalar və sığorta xərclərinə aiddir. Yerdə qalan 10%-a yaxın hissəyə isə onların qidalanmaları, yerləşmə və nəqliyyat xərcləri, sahədə lazım olan zəruri mal-materiallar və bank xərcləri daxildir. Elə bizim son bağlanan müqaviləmizdə də əməkhaqqı və ona daxil olan xərclər büdcənin 85%-ni təşkil edir. O ki, qaldı satınalmanın rəqabət təmin edilmədən “Bir mənbə metodu” ilə keçirilməsinə düşünürəm ki, az öncə qeyd etdiyim “BAMF-ın “İcma Mina Aksiyası” komandasının çoxillik təcrübəsi, kadr potensialı, dayanıqlı infrastruktura və maddi-texniki bazaya sahib olması və illik öhdəlikləri uğurla yerinə yetirməsi” buna ən düzgün cavab ola bilər.
- Bu müqavilənin icrası məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərə, doğma yurdlarına qayıdış prosesini zaman baxımından nə dərəcədə sürətləndirəcək?
- Bu sualın kankret cavabı var: minatəmizləmə olmadan təhlükəsiz qayıdış mümkün deyil. Məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərə təhlükəsiz, planlı və davamlı şəkildə qayıdışının əsas və ilkin şərti həmin ərazilərin mina və partlamamış hərbi sursatlardan tam təmizlənməsidir. Bu baxımdan, ANAMA ilə bağlanan müqavilənin icrası qayıdış prosesinin sürətləndirilməsində həlledici rol oynayır. Bu gün ANAMA gecə-gündüz dayanmadan fəaliyyət göstərir. Çox böyük işlər görür. O cümlədən, ANAMA ilə əməkdaşlıq edən 4 kommersiya təşkilatı, Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili İşlər Nazirliyi mühəndis-istehkam bölmələri və yeganə vətəndaş cəmiyyəti təşkilatı olan BAMF da öz töhfəsini verməyə çalışır. Minatəmizləmə işlərinin intensiv aparıldığı ərazilərdə yaşayış məntəqələrinin salınır, yol və kommunikasiya xətlərinin çəkilir, sosial infrastrukturun bərpa olur. Məhz bu səbəbdən dövlət tərəfindən həyata keçirilən “Böyük Qayıdış” proqramının icrasında minatəmizləmə fəaliyyətləri əsas dayaqlardan biri hesab olunur. BAMF-ın “İcma Mina Aksiyası” komandası tərəfindən son 25 ilə yaxın müddətdə və İkinci Qarabağ müharibəsindən indiyədək təmizlənmiş ərazilərdə artıq minlərlə məcburi köçkün üçün yeni qəsəbələr inşa edilib, kənd təsərrüfatı və iqtisadi fəaliyyət bərpa olunub. Gəncə beynəlxalq havalimanı, Sevinc qəsəbəsi, Göygöl rayonu Topalhəsənli və Quşqara qəsəbələri, Goranboy rayonu Ağcakənd qaçqın düşərgələri, Tərtər, Bərdə və Ağdam rayonu müxtəlif qaçqın düşərgələri, İkinci Qarabağ müharibəsindən sonra Talış kəndi, Suqovuşan qəsəbəsi və Ağdərə rayonunun, o cümlədən, Qazaxın işğaldan azad olunan sərhədboyu kəndlərinin və digər strateji ərazilərin təmizlənməsi məhz BAMF-ın “İcma Mina Aksiyası” komandası tərəfindən həyata keçirilib. İkinci Qarabağ müharibəsi başa çatdıqdan dərhal sonra BAMF-ın “İcma Mina Aksiyası” komandası ən çətin relyefə malik və mina və hərbi sursatlarla çirklənmiş Talış kəndi və Suqovuşan qəsəbəsi istiqamətində olan yolun təmizlənməsini həyata keçiriblər. Bu gün də bizim komandamız ən strateji və ən çox çirklənmiş ərazilərdə təmizləmə tapşırıqları alır və müvəffəqiyyətlə yerinə yetirir. Bəzən olur ki, biz 1 m² ərazidən 7, 8 və bəzən də daha çox mina aşkarlayırıq.
- BAMF-ın mina aksiya proqramı çərçivəsində BMT və ABŞ Dövlət Departamenti kimi beynəlxalq tərəfdaşlarla olan əməkdaşlığı ölkədə aparılan minatəmizləmə əməliyyatlarına hansı səviyyədə töhfə verir?
- Az öncə qeyd etdiyim kimi, BAMF ilk dəfə olaraq mina aksiyası proqramına Azərbaycan höküməti və BMT-nin İnkişaf Proqramının birgə dəstəyi ilə qoşulub. BAMF-ın “İcma Mina Aksiyası” komandası da Yaponiya hökumətinin dəstəyi ilə yaradılıb. Ondan sonra da biz beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlıq etmişik. 2000-ci illərin əvvələrində həyata keçirilən və yuxarıda adları sadalanan layihələrimiz də məhz beynəlxalq donorların dəstəyi ilə icra olunmuşdu. İstərdim daha çox son illərdə icra etdiyimiz layihələri qeyd edim. BMT-nin uşaq fondu UNICEF, Qaçqınlar üzrə ali komissarlığı UNHCR və BMT-nin İnkişaf proqramı olan UNDP-nin dəstəyi ilə icra etdiyimiz “Partlayıcı Sursatların Təhlükəsinə dair Maarifləndirmə (PSTM)” layihələri nəticəsində son 5 ildə ümumilikdə 1.000.000-a yaxın vətəndaş maarifləndirilmiş və 150.000-dən çox çap materialları paylanılmışdır.
2022-ci ildən 2024-cü ilə qədər BAMF Avropa İttifaqının maliyyə dəstəyi, UNDP-nin vasitəçiliyi və ANAMA-nın tapşırığı ilə qeyri-texniki tədqiqat (QTT) partlayıcı sursatların zərərsizləşdirilməsi (EOD) layihələrini həyata keçirib. Bu layihələrin əsas məqsədi keçmiş təmas xətti boyunca və işğaldan azad olunmuş ərazilərdə mina və partlayıcı sursatlarla çirklənmənin xarakterini, dərəcəsini və təsirini daha yaxşı müəyyən etmək üçün innovativ üsullardan istifadə etməklə sistematik qeyri-texniki tədqiqatın aparılması və aşkarlanan və yerli icmalardan daxil olan çağırışlar əsasında mina və partlayıcı sursatların məhv edilməsi idi. Ümumilikdə 200-dən çox icma olmaqla 310,000 hektardan çox ərazidə tədqiqat işləri aparılmış və bütün hesabatlar mütəmadi olaraq ANAMA-nın IMSMA bazasına yüklənmişdir. EOD komandası isə həmin müddət ərzində 600-dən çox çağırışa cavab vermiş və yüzlərlə mina və PHS zərərsizləşdirmişdir.
Azərbaycanda ilk dəfə olaraq həyata keçirilən qadın minaaxtaranlar komandalarının yaradılması layihəsi də ANAMA ilə yanaşı BAMF-ın adı ilə bağlıdır. 2023-cü ildə Avropa İttifaqı və ABŞ Dövlət Departamentinin maliyyə dəstəyi ilə BAMF, ANAMA, UNDP və Minalar üzrə Məşvərət Qrupu (MAG) təşkilatının birgə tərəfdaşlığı ilə fəaliyyətə başlayan komanda hazırda ANAMA-nın dəstəyi ilə BAMF-ın “İcma Mina Aksiyası” komandasının bir hissəsi kimi fəaliyyətinə davam edir. Hazırda, 20 qadın minaaxtaranın çalışdığı komanda təkcə 2025-ci ildə 450 hektar ümumilikdə isə indiyədək 650 hektardan çox ərazini təmizləyib. Tapıntılara gəldikdə isə qadın minaaxtaranlarımız 2025-ci ildə 155 ədəd tank əleyhinə mina, 333 ədəd isə partlamamış hərbi sursat aşkarlayıblar.
Minatəmizləmə fəaliyyəti ilə yanaşı BAMF Azərbaycanın mina probleminin beynəlxalq səviyyədə tanınması və həllinin dəstəklənməsi məqsədilə bir sıra beynəlxalq əlaqələr qurmuş və bu sahədə fəaliyyət göstərən təşkilatlarla əməkdaşlıq etmişdir. Xüsusilə, BAMF BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə mina probleminin 18-ci məqsəd kimi əlavə olunması təşəbbüsü ilə çoxsaylı fəaliyyətlər icra etməkdədir. BAMF minalarla bağlı beynəlxalq konfransların, seminarların və dəyirmi masaların təşkilində dəstək göstərir, problemin həlli üçün petisiyalar hazırlayır və beynəlxalq ictimaiyyətin diqqətini bu məsələyə cəlb edir. Azərbaycanın mina probleminin Əl Cəzirə Media Şəbəkəsi ilə olan əməkdaşlıq çərçivəsində çatdırılması və son 3 ildə keçirilən I, II, və III mina konfranslarının birbaşa yayımlanmasında olan dəstək BAMF-ın bu sahədə olan əsas töhfələrindən biridir. Son olaraq isə 2024 və 2025-ci illərdə BMT-nin İnsan hüquqları şurası çərçivəsində mina problemi və münaqişə zonalarında yaşayan uşaqların hüquqları mövzularında 2 yan tədbirin təşkilatçısı olduq.
- İkinci Qarabağ müharibəsindən sonra da mina hadisələrinin və minadan zərərçəkənlərin sayı artmaqdadır. Son olaraq bununla bağlı cəmiyyətə hansı mesajı verərdiniz?
- Ən önəmlisi odur ki, heç bir halda mina probleminə etinasız yanaşılmasın. Təəssüf ki, bəzən cəmiyyətdə minatəmizləmə fəaliyyəti “adi texniki iş” kimi təqdim olunur və ya bu sahədə çalışan insanların üzləşdiyi real risklər yetərincə dərk edilmir. Halbuki minatəmizləmə dünyanın ən təhlükəli peşələrindən biridir və burada hər addım insan həyatı ilə ölçülür.
Biz mina qurbanları ilə birbaşa işləyən, onların ağrısını, itkilərini və həyat hekayələrini yaxından bilən bir təşkilatik. Son beş il ərzində, bütün təhlükəsizlik qaydalarına maksimum riayət edilməsinə baxmayaraq, BAMF-ın “İcma Mina Aksiyası” komandasının 2 əməkdaşı minadan zərər çəkib. Bu gün onlar BAMF-ın Partlayıcı Sursatların Təhlükəsinə dair Maarifləndirmə (PSTM) komandasında çalışaraq öz həyat təcrübələrini insanlara ötürür, başqalarının eyni faciə ilə üzləşməməsi üçün fəaliyyət göstərirlər. Ümumiyyətlə, bu gün BAMF-ın mina aksiyası və maarifləndirmə komandalarında çalışanlar arsında birbaşa minadan zərərçəkənlər, mina qurbanlarının ailə üzvləri və müharibənin ağır nəticələrini yaşamış şəxslər var. Xatırlayıram, 2007-ci ildə sorğular apararkən Tərtərin Dəmirçilər kəndində minadan zərərçəkənin olduğu, aztəminatlı və çox şəraitsiz vəziyyətdə yaşayan bir ailə üçün öz hesabımıza ev tikib hədiyyə etmişdik. Yəni, biz bu sahəyə yalnız iş kimi deyil, insani, sosial və vicdani məsuliyyət kimi yanaşırıq.
Cəmiyyətə çağırışım isə odur ki, mina probleminə münasibətdə daha həssas, daha anlayışlı, daha diqqətli və daha məsuliyyətli olaq. Həmçinin, unutmayaq ki, hər təmizlənən 1 m² ərazi bir insanın həyatını xilas edə, bir ailənin faciəsinin qarşısını ala bilər. Mina təhlükəsi aradan qalxmadan nə tam təhlükəsiz qayıdışdan, nə də dayanıqlı inkişafdan danışmaq mümkündür. Bu, bütün Azərbaycan cəmiyyətinin ortaq problemidir. Sonda bir daha bu cür önəmli mövzuda təklif etdiyiniz müsahibəyə görə sizə və saytınıza təşəkkür edirəm.
Minatəmizləmə prosesinin Azərbaycan tarixi və xalqı üçün böyük əhəmiyyətini, eləcə də qadın minaaxtaranların ərazilərin təmizlənməsindəki əvəzsiz töhfəsini nəzərə alaraq, 1news.az komandası orada aparılan işlərin miqyasını oxuculara əyani şəkildə nümayiş etdirmək üçün Tərtərdən xüsusi reportaj hazırlayacaq.
(Ardı var..)
Faiqə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB