Küveytdə Ümummilli Lider Heydər Əliyevin anım mərasimi olub

Dekabrın 11-də müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünyaşöhrətli siyasi xadim, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatının iyirmi ikinci ildönümü münasibətilə Azərbaycanın Küveyt Dövlətindəki Səfirliyində anım mərasimi keçirilib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, tədbirdə Küveytdə yaşayan və təhsil alan Azərbaycan icmasının üzvləri, həmçinin Küveyt ictimaiyyətinin nümayəndələri və bu ölkədə yaşayan digər türkdilli dövlətlərin vətəndaşları iştirak ediblər. Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycanın Küveytdəki səfiri Emil Kərimov Ümummilli Lider Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti barədə geniş çıxış edib. Səfir vurğulayıb ki, müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin xatirəsi hər zaman böyük ehtiramla anılır və millətin məhəbbətini qazanmış Ümummilli Lider Azərbaycan xalqının yaddaşında xilaskar dövlət xadimi kimi əbədi yaşayacaqdır.

E.Kərimov çıxışında qeyd edib ki, 1993-cü ildə Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə gələndə ölkə vətəndaş müharibəsi ərəfəsində, torpaqlarımız işğal altında idi, hərc-mərclik hökm sürürdü, iqtisadiyyat tənəzzülə uğramış və hakimiyyət uğrunda mübarizə gedirdi. Lakin onun uzaqgörənliyi və əzmi sayəsində Azərbaycan bu çətin sınaqlardan çıxaraq sürətli inkişaf yoluna qədəm qoyub.

Diplomat vurğulayıb ki, Ümummilli Lider bəşəri dəyərlər zəminində xalqın müstəqillik məfkurəsini reallığa çevirib, müasir dövlətçilik sisteminin mükəmməl siyasi-ideoloji, iqtisadi və mənəvi dayaqlarını qurub. Eyni zamanda, Ümummilli Liderin xalqımızın başına gətirilən 20 Yanvar və Xocalı soyqırımı kimi faciələrə hüquqi-siyasi qiymət verilməsində müstəsna rol oynadığı xüsusi olaraq qeyd olunub.

Səfirin sözlərinə görə, Ulu Öndər Heydər Əliyev tərəfindən işlənib hazırlanmış və müstəqil Azərbaycanın hərtərəfli inkişafının əsasını təşkil edən neft strategiyası bu gün də uğurla həyata keçirilir və ölkəmiz artıq dünyada təkcə neft deyil, həm də təbii qaz ixrac edən etibarlı tərəfdaş kimi tanınır.

O, həmçinin qeyd edib ki, Azərbaycan qədim İpək Yolunun bərpası ilə bağlı mühüm nəqliyyat qovşağına çevrilmək istiqamətində əhəmiyyətli infrastruktur layihələrini reallaşdırır. Səfir E. Kərimov Azərbaycanın Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars, TANAP və TAP kimi qlobal neft, qaz və dəmir yolu layihələrinin fəal təşəbbüskarına və iştirakçısına çevrildiyini xüsusi olaraq vurğulayıb.

Emil Kərimov çıxışı zamanı Heydər Əliyev irsinin qorunması, zəngin mədəniyyətimizin təbliği və tarixi abidələrimizin bərpasında mühüm rol oynayan, eləcə də dünya mədəniyyətinin bir sıra incilərinin təmir və bərpasında iştirak etməklə humanitar diplomatiyaya rəhbərlik edən Heydər Əliyev Fondunun prezidenti, birinci vitse-prezident Mehriban xanım Əliyevanın misilsiz xidmətlərini xüsusi olaraq qeyd edib.

Səfir E. Kərimov tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, Ulu Öndər Heydər Əliyev dost ölkələrlə əlaqələrin inkişaf etdirilməsində, o cümlədən Azərbaycan ilə İslam ölkələri arasında münasibətlərin qurulması və möhkəmləndirilməsində böyük rol oynayıb. Qeyd olunub ki, 1994-cü il dekabrın 13-də Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev İKT Zirvə görüşündə iştirak etmək üçün Mərakeşə səfər edərkən Küveyt əmiri Şeyx Cabir Əl-Əhməd Əl-Sabah ilə görüşüb və bununla da iki ölkə arasında əlaqələrin əsasını qoyub.

Səfir əlavə edib ki, dövlət başçıları arasında daha sonra 1995-ci ilin mart ayında Kopenhagendə və oktyabr ayında ABŞ-da səmimi görüşlər baş tutub və müzakirələr aparılıb. Vurğulanıb ki, Küveyt Dövlətinin münaqişənin ilk illərində azərbaycanlı qaçqınlara humanitar yardımlar göndərməsi və Azərbaycanda həyata keçirilən bir sıra layihələrin maliyyələşdirilməsində iştirakı əlaqələrin dərinliyini göstərir. Azərbaycan Respublikası və Küveyt Dövləti həm ikitərəfli əsasda, həm də BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlığı Təşkilatı, OPEC+ kimi beynəlxalq təşkilatlar çərçivəsində yaxından əməkdaşlıq etməkdədir.

Diplomat çıxışında Ulu Öndərin yalnız Azərbaycanın tarixində deyil, həm də dünya siyasət səhnəsində dərin iz buraxmış lider olduğunu, onun irsinin və ideyalarının bizim üçün bir mayak rolunu oynadığını qeyd edib.

Vurğulanıb ki, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Heydər Əliyev siyasi kursunu uğurla davam etdirərək xalqımızı vahid məqsəd ətrafında birləşdirib və onun rəhbərliyi altında 30 illik həsrətdən sonra Qarabağın işğaldan azad edilməsi kimi tarixi Zəfəri gerçəkləşdirib.

Səfir çıxışının sonunda işğaldan azad olunmuş torpaqlarımızda sürətli quruculuq və bərpa işlərinin aparıldığını qeyd edib, uca Tanrıdan böyük liderimizə və şəhidlərimizə rəhmət, qazilərimizə isə şəfa diləyib.

Eyni zamanda, tədbirdə “Vətənsevər” Azərbaycan-Küveyt Mədəniyyət və Dostluq Cəmiyyətinin sədri Könül Hacızadə və Küveyt Dövlət Universitetində təhsil alan azərbaycanlı tələbə Səbinə Cəbrayılova çıxış edərək, təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət quruculuğu prosesindən danışıb.

Tədbirin sonunda Ümummilli Lider Heydər Əliyev barədə sənədli film nümayiş etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə