Zirvələrin fəth edilməsi ilə yeni tarix yazılır TƏHLİL

Bu günlərin hər bir anı, dəqiqəsi, saatı bizlər üçün əzizdir, müqəddəsdir. Məhz 2020-ci il sentyabrın 27-dən etibarən Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlarla 30 il erməni işğalı altında olan torpaqlarımız azad edilməyə başladı. İlk gün 6 kəndin işğaldan azad edilməsi sevincini yaşadıq, hər kəs bir –birini təbrik etdi, əllər göylərə ucaldı, insanlar "Allah sənə çox şükür, sən haqq mübarizəmizdə bizə kömək ol" deyildi, o dilək də vurğulandı ki, "Allahım sən bizim döyüşən ordumuzu, əsgər və zabitlərimiz qoru". Şəhidlərimiz oldu, qazilərimiz düşdü, insanlar əyilmədilər, ruhdan düşmədilər bir-birinə başsağlığı verdilər, "başın sağ olsun, Vətən var olsun" dedilər. Xain düşmən Gəncəyə, Bərdəyə və digər şəhərlərimizə raket hücumları etdi, xalq daha da birləşdi, daha böyük əzm və qətiyyətlə düşmənin məhv edilməsi üçün Ali Baş Komandan, Fateh Sərkərdə, Prezident İlham Əliyevin ətrafında birləşdi. Xalqın dəstəyindən, torpaqlarımızın azad edilməsindən ruhlanan müzəffər ordumuz yüksək əhval-ruhiyyə ilə irəli getdi, daha böyük ərazilərimizin işğaldan azad etməyə nail oldu. Oktyabrı 4-ü 2020-ci ildə Cəbrayılın ardınca oktyabrın 9-da Hadrut düşməndən azad edildi. Erməni terrorçu dəstələri Azərbaycan ordusunun Şuşaya başqa istiqamətdən gedəcəyini gözlədiyi halda Azərbaycan Ordusu məhz Hadrutu azad edib, sonradan Şuşaya doğru istiqamət aldı. Noyabrın 8-i 2020 - ci ildə Qarabağımızın incisi Şuşa şəhəri erməni terrorçu dəstələrindən azad edildi. Bu baxımdan demək olar ki, Şuşanın azad olunmasında Hadrut döyüşlərinin çox böyük rolu olub. Biz millət olaraq qələbəni masa üzərində deyil döyüş meydanında əldə etdik. Bu qələbə müstəqilliyimizin tarixinə qızıl hərflərlə yazılır. Bu gün olduğu kimi gələcəkdə də yetişən nəsil 44 günlük Vətən Müharibəsində əldə olunan böyük qələbənin incəliklərini öyrənməyə, mənimsəməyə çalışacaq. Ermənilər isə bundan sonra başlarını qaldıra bilməyəcəklər, gələcəkdə gənc ermənilər erməni olduqlarına görə xəcalət çəkəcəklər, utanacaqlar, babalarını söyüb, təhqir edəcəklər. Ona görə də Paşinyan indi özünü ağıllı göstərməyə çalır. Deyir ki, bilsəydi ki, rüsvayçı məğlubiyyətlə üzləşəcəklər müharibəyə girmədən işğal olunan Azərbaycan torpaqlarını qaytarardı. 2020-ci ilin sentyabrın 27-ə qədər Paşinyan fərqli fikir söyləyirdi, Şuşaya gəlib, içki qəbul etdikdən sonra təlxəklik edirdi, başında böyük fikirlər səsləndirirdi.

Qısa müddətdə Azərbaycan ordusu erməni silahlı terrorçu dəstələrini zərərsizləşdirməyə nail oldu

Tarixə nəzər yetirdikdə bir daha bəlli olur ki, Ermənistanın terrorçu rəhbərləri 1991-1993-cü illərdə Azərbaycanda yaranan hakimiyyət böhranından, AXC-Müsavat iqtidarının səriştəsizliyindən istifadə edərək 20 faiz torpaqlarımızı işğala edib, 1 milyona yaxın insanı ev -eşiyindən didərgin salmışdır. 30 ilə yaxın bu vəziyyət davam etdi. Azərbaycan bu münaqişənin sülh yolu ilə həllinə nail ola bilmədi. İşğalçı Ermənistan beynəlxalq hüququ kobudcasına tapdalayaraq, dünyanın mötəbər beynəlxalq təşkilatlarının qətnamələrinə belə əhəmiyyət verməyib. BMT-nin Təhlükəsizlik Şurası Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunmasını tələb edən 4 qətnamə qəbul etsə də Ermənistan bu qərarlara əhəmiyyət verməyib. Bununla yanaşı AŞPA, ATƏT, İslam Konfransı Təşkilatı, NATO-nun Parlament Assambleyası Ermənistanın işğalçılıq siyasətini kəskin pisləyən bəyanatlar qəbul ediblər. ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə sülh danışıqlarıda nəticəsiz qaldı. Təbii ki, sonsuza qədər danışıqlar aparıla bilməzdi. Bir gün status-kvo dəyişməli idi və belə də oldu. 2020-ci ilin iyulun 12-də Ermənistanın silahlı qüvvələri artilleriya və iriçaplı silahların köməyilə Tovuz rayonunun Ağdam kəndi istiqamətində Azərbaycan silahli qüvvələrinin Azərbaycan-Ermənistan sərhədindəki mövqelərinə hücuma keçdilər. Sözügedən hücum nəticəsində Azərbaycanın 11 hərbçisi həlak oldu, bir neçəsi yaralandı, həmçinin dinc sakinlər həyatlarını itirdilər, mülki obyektlərə, kəndlilərin evlərinə və xəstəxana binasına ciddi zərər yetirildi. Hücum üçün məhz Tovuzun istiqamət seçilməsinin səbəbi o idi ki, Ermənistanla dövlət sərhədi aktiv hərbi münaqişə zonası hesab olunmadığından, orada Azərbaycan hərbi qüvvələrinin əsas hissələri cəmləşməyib.

Hücumun istiqamətini müəyyənləşdirən amillərdən biri də sözügedən bölgənin strateji mövqeyi və Azərbaycanın enerji və nəqliyyat infrastrukturunun əhəmiyyətidir. Ermənistan, Azərbaycanın neft infrastrukturunun özünün əsas hərbi hədəflərindən biri olduğunu gizlətmir. Bundan əlavə, Ermənistanın hərbi-siyasi rəhbərliyinin məqsədi bölgədə yeni gərginlik mənbəyi yaratmaq və münaqişənin coğrafi genişləndirilməsi yolu ilə özünün də iştirakçısı olduğu KTMT-nin müdaxiləsinə bəraət qazandırmaq idi. Lakin ermənilərin məkrli planları alt-üst edildi. Qısa müddətdə Azərbaycan ordusu erməni silahlı terrorçu dəstələrini zərərsizləşdirməyə nail oldu. Bundan sonra Ermənistan rəhbərli himayədarlarını dövriyyə salmaqla və üzərinə öhdəliklər götürməklə vəziyyətin normallaşmasına nail olundu. Lakin Ermənistan öhdəliklərini yerinə yetirmədi. BMT Təhlükəsizlik Şurası da susmağa üstünlük verirdi. Mötəbər təşkilatın erməni qoşunlarının Qarabağdan qeydsiz-şərtsiz çıxarılması ilə bağlı verdiyi dörd qətnamənin icrasına maraq göstərmədi. Bununla yanaşı, işğal etdiyi Azərbaycan ərazilərinin qanunsuz məskunlaşdırılması ilə bağlı erməni tərəfinin həyata keçirdiyi siyasət, Livan ermənilərinin məqsədyönlü şəkildə həmin rayonlara köçürülməsi və Qarabağla Ermənistan arasında yol infrastrukturunun inşa edilməsi vəziyyəti daha da ağırlaşdırdı və danışıqlar prosesini dayandırdı.

Zəfərə gedən yol

Sentyabrın 27-də başlayan Vətən Müharibəsi erməni-terrorçu hərbi birləşmələrinin və onların havadarlarının rüsvayçı formada məğlubiyyəti ilə başa çatdı. Şuşamızın düşməndən təmizlənməsi ilə Ermənistanın ağ bayraq qaldıraraq təslim olmaqdan başqa çıxış yolu qalmadı. Çünki Paşinyanın və digər Ermənistan rəhbərlərinin də etiraf etdiyi kimi müharibə bir qədər də uzansa idi 25-30 min erməni silahlısı tam şəkildə mühasirəyə düşəcəkdilər. Bundan sonra mühasirədə olan erməni silahlıları ya öldürüləcək, ya da əsir alınacaqdılar. Paşinyan və komandası növbəti rüsvayçılıqla üzləşməmək üçün təslim olmağa üstünlük verdilər. Müharibənin xronologiyasına nəzər yetirərkən onu vurğulamaq olar ki, Şuşanın azad edilməsi həlledici hərbi qələbədir. Bununla tam şəkildə Qarabağa qovuşa bildik. Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş naziri tərəfindən noyabrın 10-da imzalanan üçtərəfli bəyanat Azərbaycan tarixinin ən böyük diplomatik qələbəsini təsdiq edən gündür. Üçtərəfli bəyanata əsasən Dağlıq Qarabağın heç bir xüsusi statusu olmayacaq. Dağlıq Qarabağ Muxtar Vilayəti də tarixə qovuşdu. Bu bəyanat mahiyyət etibarilə Ermənistanın kapitulyasiyasıdır. Noyabrın 10-da şanlı qələbəmizin təsdiqi olan üçtərəfli Bəyanatın imzalanması müjdəsini xalqa çatdırarkən Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan xalqı bir daha göstərdi ki, nə qədər böyük xalqdır, nə qədər vətənpərvər xalqdır, nə qədər dəmir iradəyə malik olan xalqdır: "30 ilin əziyyəti, 30 ilin ümidsizliyi, 30 ilin əzabları xalqımızı sındırmadı, iradəmizə heç bir mənfi təsir göstərmədi. Əksinə, biz daha da bütövləşdik, daha da mətinləşdik, daha da gücləndik, özümüzü toparladıq, dedik ki, artıq yetər, biz bu işğala dözməyəcəyik…Mən müharibədən əvvəl deyəndə ki, mən bilirəm nəyi nə vaxt etmək lazımdır, əminəm ki, xalqımızın mütləq əksəriyyəti başa düşürdü mən nəyi nəzərdə tuturam və səbirlə bu günü gözləyirdi, mənə inanırdı, Prezident kimi, Ali Baş Komandan kimi inanırdı, gözləyirdi və bu gün gəldi" söyləyən dövlətimizin başçısı İlham Əliyev bu fikirlərin davamı olaraq bildirmişdir ki, "Dedik yetər artıq, bu əsarət yetər! Bizim şəhərlərimiz əsarət altında nə qədər qalacaq?! Mənfur düşmən bizim təbiətimizi nə qədər murdarlayacaq, bizim torpağımızda gəzəcək, yeyəcək, içəcək, rəqs edəcək, bizi təhqir edəcək. Dedik ki, düşmənə yerini göstərəcəyik, düşməni torpaqlarımızdan qovacağıq və qovduq da!" Haqqımız olan qələbə təntənəli şəkildə qeyd olunmalı idi və oldu da. Noyabrın 10-da dostları sevindirib, düşmənləri xar edən qələbə paradı keçirildi. Bu parad həm də işğal altında olmuş torpaqlarımızın 30 il həsrətində olduğu Qələbə paradı oldu. "Azadlıq" meydanında keçirilən Qələbə Paradında 3000 nəfərdən artıq şəxsi heyət, 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş etdirildi. Parada, həmçinin, Vətən Müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş olundu. 2020-ci noyabrın 11-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşündə bildirimişdir ki, atılan addımlar bütün bir məqsədi güdürdü ki, qısa müddət ərzində az itkilərlə düşmənə elə sarsıdıcı zərbə vuraq ki, düşmən məcbur olub torpaqlarımızdan çıxsın: "Döyüş meydanında qazanılmış qələbələr siyasi müstəvidə də qələbənin qazanılmasını şərtləndirdi. Əgər döyüş meydanında biz bu qələbəni qazanmasaydıq, inanmıram ki, işğalçı qalan torpaqlardan çıxacaqdı.Necə ki, torpaqlarımızı 30 ilə yaxın müxtəlif yollarla işğal altında saxlamağa can atan düşmən bu işğalı əbədi etmək istəyirdi, biz danışıqlar yolu ilə də heç bir nəticə əldə edə bilməzdik. Biz bu müharibəni şəhidlərimizin canı-qanı bahasına, hərbçilərimizin rəşadəti hesabına, dövlətimizin siyasəti hesabına qazanmışıq".

Ulu Öndərimiz Heydər Əliyevin tarixi fikri yada düşür "Mən fəxr edirəm ki, azərbaycanlıyam"

Qələbə paradında Azərbaycanla bərabər dost, qardaş ölkənin vətəndaşları, ordusunun əsgər və zabitləri, baş Komandan , Prezident Rəcəb Tayyib Ərdoğan da iştirak etdilər. Qələbə Paradında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışı zamanı bildirdi ki, Türkiyə hər zaman Azərbaycanın yanında olacaq: "İnanıram ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dastan yazmağa davam edəcək. Türkiyə olaraq Azərbaycanla münasibətlərimizdə hər zaman Ulu Öndər Heydər Əliyevin "iki millət, tək dövlət" şüarını rəhbər tutduq. Qazi Mustafa Kamal Atatürkün əziz ifadəsi ilə Azərbaycanın kədərini kədərimiz, sevincini sevincimiz bildik. Qarabağın 30 il işğalda qalmasını qəlbimizdə yara bildik. Bu gün də Qarabağın azad edilməsini birlikdə qeyd edirik".

Qələbə Paradında Türkiyə Ordusunun mehmeçikləri sıra keçidində qürurla və əzmlə keçdilər. Bu məqamda Türkiyə qardaşlarımızın bizə olan hədsiz rəğbətinin daha bir nümunəsi ondan ibarət idi ki, Qarabağda şəhid olan 2783 şəhidimiz sayında mehmetçik sıra keçidində iştirak etdilər. Əhsən belə qardaşlığa, var olsun belə birlik. Söz yox ki, qələbə paradımızın yolu uğurlu və xeyirli olacaq. Qələbə Paradı Azərbaycan Silahlı Qüvvələrinin tarixinə, hərb tariximizə yaddaşlardan silinməyəcək şanlı bir səhifə kimi yazılmaqla yanaşı, həm də zamanında Ermənistana pay olaraq verilən Zəngəzurun, Göyçənin, İrəvanın Böyük Azərbaycan torpaqlarına qatılmasına işartı olacaq. Prezident, Ali Baş Komandan İlham Əliyevin Qələbə Paradında dediyi fikirlərdə ümidləri artırır. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Qələbə Paradında Zəngəzurun, Göyçənin, İrəvan mahalının bizim tarixi torpaqlarımız olduğunu bildirdi: "Azərbaycan 30 ilə yaxın işğal altında yaşayırdı. 90-cı illərin əvvəllərində Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti torpaqlarımızın işğal altına düşməsinə səbəb olub. Əslində, Ermənistanın aqressiv təcavüzkar siyasəti hələ 80-ci illərin sonlarından başlamışdır. O vaxt indiki Ermənistan respublikasında yaşamış 100 minlərlə azərbaycanlı öz dədə-baba torpaqlarından didərgin salındı. Zəngəzur, Göyçə, İrəvan mahalı bizim tarixi torpaqlarımızdır. Bizim xalqımız bu torpaqlarda əsrlər boyu yaşayıb".

Bu məqamda Ulu Öndərimiz Heydər Əliyevin tarixi fikri yada düşür: "Mən fəxr edirəm ki, azərbaycanlıyam". Bəli, Ulu Öndərimizin dediyi kimi biz fəxr edir və qürur duyuruq ki, qalib dövlətin qürurlu vətəndaşlarıyıq.

İLHAM ƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə