Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə ACTRAV arasında bəyannamə imzalanıb - FOTOLAR
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Əmək və Sosial Münasibətlər Akademiyasında Beynəlxalq Əmək Təşkilatının (BƏT) İşçilərin Fəaliyyəti Bürosunun (ACTRAV) Avropa və Mərkəzi Asiya üzrə rəhbəri Serqius Qlovaskas ilə görüş keçirilib. Konfederasiyadan SİA-ya bildirilib ki, tədbirdə çıxış edən AHİK sədri Sahib Məmmədov əmək bazarında baş verən dəyişikliklərə uyğunlaşmaq üçün təhsilin inkişafı və beynəlxalq əməkdaşlığın əhəmiyyətini vurğulayıb. O, Akademiyanın fəaliyyət istiqamətləri, 100 faiz qəbul göstəricisi, yeni yaradılan İxtisasartırma və Kadrların İnkişafı Mərkəzi, beynəlxalq təlimlərin təşkili barədə məlumat verib.
Bildirilib ki, Akademiya Böyük Britaniyada yerləşən Peşəkar Əməyin Təhlükəsizliyi və Sağlamlığı İnstitutu (IOSH) tərəfindən beynəlxalq akkreditasiyadan keçib. IOSH dünyanın əməyin təhlükəsizliyi sahəsində ən nüfuzlu təşkilatlarından biridir. Bu akkreditasiya sayəsində Akademiya beynəlxalq səviyyədə tanınan təlimlər keçirə, bilik və bacarıqları qiymətləndirə və IOSH sertifikatları təqdim edə bilər. Bu sertifikata malik olan şəxslər yalnız Azərbaycanda deyil, dünyanın istənilən ölkəsində peşəkar əmək təhlükəsizliyi mütəxəssisi kimi tanınırlar.
Görüşdə AHİK və BƏT/ACTRAV arasında əməkdaşlıq çərçivəsində rəqəmsal tədris, sosial dialoq, əməyin təhlükəsizliyi, gender bərabərliyi, gənclərin və qadınların rolunun artırılması kimi prioritet istiqamətlər müzakirə edilib. Həmkarlar ittifaqlarının müasir əmək bazarına uyğun modernləşdirilməsi vacib addım kimi dəyərləndirilib.
BƏT/ACTRAV-ın Avropa və Mərkəzi Asiya üzrə rəhbəri Serqius Qlovaskas Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının fəaliyyətini yüksək qiymətləndirib, iki qurum arasında mövcud münasibətlərin uğurla inkişaf etdiyini bildirib. O, əməkdaşlığın genişləndirilməsi istiqamətində fikir və təkliflərini bölüşüb.
Daha sonra Akademiyanın İxtisasartırma və Kadrların İnkişafı Mərkəzində professor-müəllim heyətinin iştirakı ilə tədbir keçirilib. BƏT-in Azərbaycandakı milli əlaqələndiricisi Yaşar Həmzəyev çıxışında iki qurum arasında əlaqələrin inkişafının əhəmiyyətini vurğulayıb, ölkəmizdə əmək hüquqlarının müdafiəsində beynəlxalq həmkarlar ittifaqı təşkilatlarının qərar və tövsiyələrinə xüsusi önəm verildiyini qeyd edib.
Akademiyanın beynəlxalq əlaqələr üzrə prorektoru Xəyalə Məmmədova ali təhsil müəssisəsinin fəaliyyəti, tədris prosesinin təşkili və tətbiq olunan yeniliklər barədə təqdimatla çıxış edib. O, Akademiyanın BP, İslam Əməkdaşlıq Təşkilatının Əmək Mərkəzi, York Universiteti, Turin Beynəlxalq Təlim Mərkəzi və digər nüfuzlu qurumlarla əməkdaşlığını diqqətə çatdırıb.
Tərəflər Azərbaycan həmkarlar ittifaqları ilə BƏT/ACTRAV arasında əməkdaşlığın gələcək istiqamətləri barədə fikir mübadiləsi aparıblar.
Tədbirin sonunda AHİK və ACTRAV arasında həmkarlar ittifaqları təhsilinin inkişafı və gücləndirilməsi sahəsində Əmək və Sosial Münasibətlər Akademiyasının inkişaf etdirilməsi məqsədilə əməkdaşlıq haqqında Bəyannamə imzalanıb.
Sənəddə həmkarlar ittifaqı üzvlərinin bilik və peşə bacarıqlarının artırılması, rəqəmsal platformaların və alətlərin tətbiqi, vahid regional təhsil portalının yaradılması nəzərdə tutulur. Bəyannamədə, həmçinin, BƏT ekspertlərinin iştirakı ilə Əmək və Sosial Münasibətlər Akademiyasının təhsil proqramlarında gənclərin akademik və sosial fəaliyyətlərə daha fəal qoşulmasını təşviq etmək məqsədilə maarifləndirmə və təcrübə mübadiləsinin həyata keçirilməsi planlaşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə