Hər iki ölkənin biznes əlaqələri üçün böyük potensial var

Bu gün keçirilən tədbirdə Almaniyanın 40-dan çox iş adamı və biznes strukturunun nümayəndəsi iştirak edir. Konfrans çərçivəsində özəl sektorun qarşılıqlı əlaqələrinin genişləndirilməsi və potensial imkanlar müzakirə ediləcək. SİA xəbər verir ki, bunu Almaniya-Azərbaycan Ticarət Palatasının sədri Narqis Viek (Nargis Week) Bakıda keçirilən Almaniya-Azərbaycan ixracat və maliyyə konfransında çıxış edərkən deyib.

O bildirib ki, Almaniya biznesi dəqiqlik və şəffaflığa daha çox üstünlük verir.

“Azərbaycan qanunvericiliyi burada şəffaf biznes qurmağa əhatəli imkanlar yaradıb. Konfransda hər iki tərəfin iş adamlarının tanış olması, əlaqələr yaratması üçün əlverişli zəmin hazırlanıb. Bu imkandan yararlanmaq lazımdır. Konfransda təcrübə və biliklərin paylaşması da vacib məsələlərdən biridir. Almaniya sənayesinin inkişafı yerli iş adamları və biznes qurumları üçün təcrübə ola bilər. Azərbaycanda həyata keçirilən islahatlar investisiya yatırılması, çevik və sərbəst biznesin qurulmasına imkan verir. İstər Almaniyanın, istərsə də Azərbaycanın böyük iqtisadi potensialı var. Bu potensialdan istifadə etmək lazımdır”, - deyə N.Viek nəzərə çatdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə