“2025-ci il sentyabrın 1-i beynəlxalq diplomatiya tarixində mühüm bir dönüş nöqtəsi kimi qalacaq. Həmin gün ATƏT-in Nazirlər Şurası uzun illərdir fəaliyyət göstərən, lakin son illərdə getdikcə formal xarakter daşıyan Minsk Qrupunun fəaliyyətini rəsmən dayandırdı. Bu qərar “sakit prosedur” adlanan diplomatik mexanizm vasitəsilə qəbul edildi – heç bir ölkə etiraz etmədi və bununla da məsələ yekdilliklə həll olundu. Əslində, bu qərar həm də tarixi bir həqiqətin təsdiqi idi: Qarabağ münaqişəsi artıq bitmiş, bu münaqişənin onillərlə davam edən diplomatik formatı isə öz funksiyasını tam itirmişdi”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Elnarə Akimova ATƏT-in Minsk Qrupunun fəaliyyətinin rəsmən dayandırılmasını şərh edərkən deyib.
Onun sözlərinə görə, bu ləğv qərarının həm hüquqi, həm də siyasi mənası var: “Hüquqi baxımdan ATƏT-in özü, onun əsas sənədləri və üzv ölkələrin razılığı əsasında həyata keçirilən bu addım diplomatik qaydaların qorunduğunu göstərir. Siyasi müstəvidə isə burada Azərbaycan diplomatiyasının ardıcıl və prinsipial mövqeyinin izlərini görməmək mümkün deyil.
Minsk Qrupu ilk dəfə 1992-ci ildə – o vaxtkı ATƏT-in (o zaman CSCE) qərarı ilə yaradıldı. Məqsəd Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail olmaq idi. 1994-cü ildən etibarən ABŞ, Rusiya və Fransa həmsədrlik institutunu formalaşdırdılar və prosesə rəhbərlik etdilər. Onlar münaqişə tərəflərini – Azərbaycan və Ermənistanı danışıqlar masasına gətirməli, sülhün bərpasına nail olmalı idilər. Lakin sonrakı illərin təcrübəsi göstərdi ki, Minsk Qrupu daha çox status-kvonu qorumağa çalışırdı. İllər keçdi, görüşlər bir-birini əvəzlədi, amma nəticə dəyişmədi. Münaqişə həll olunmadı, əksinə, Ermənistanın işğalçılıq siyasəti davam etdi, yüz minlərlə azərbaycanlı öz torpaqlarına qayıda bilmədi”.
Millət vəkili qeyd etdi ki, Minsk Qrupunun fəaliyyətsizliyinin bir neçə əsas səbəbi vardı. “Birincisi, həmsədrlərin geosiyasi maraqları ziddiyyətli idi. Rusiya regionda öz təsir dairəsini saxlamaq istəyirdi, ABŞ və Fransa isə bəzən bu münaqişədən böyük güclərin rəqabət meydanı kimi istifadə edirdilər. İkincisi, qrupun mandatı geniş olsa da, icra mexanizmi yox idi – yəni qərarlar qəbul olunsa belə, onları həyata keçirəcək hüquqi və siyasi vasitələr müəyyən edilməmişdi.
Nəticədə Minsk Qrupu illərlə davam edən “danışıqlar marafonu”nda heç bir irəliləyiş əldə edə bilmədi. Azərbaycan tərəfi dəfələrlə xəbərdarlıq edirdi ki, bu format real nəticə vermir. Amma beynəlxalq ictimaiyyət uzun müddət “proses davam edir” görüntüsü ilə kifayətləndi.
2020-ci ilin payızında baş verən 44 günlük Vətən müharibəsi bu diplomatik durğunluğu kökündən dəyişdi. Azərbaycan Ordusu müasir texnologiyalardan istifadə edərək öz torpaqlarını azad etdi. Hərbi qələbə ilə yanaşı, bu hadisə beynəlxalq hüququn əsas prinsiplərini də bərpa etdi: ölkələrin ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipi real güc qazandı. Müharibə göstərdi ki, onillərlə nəticəsiz qalan diplomatik format artıq mənasını itirib.
Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bəyan edirdi ki, münaqişə bitib və Minsk Qrupunun fəaliyyəti keçmişdə qalıb. Müharibədən sonra yeni reallıq yarandı: Ermənistan kapitulyasiya aktına imza atdı, regionda yeni siyasi xəritə formalaşdı”.
E.Akimova Minsk Qrupunun ləğvi əslində Azərbaycan diplomatiyasının ardıcıl mövqeyinin nəticəsi olduğunu vurğuladı: “Müharibədən sonra Bakı açıq şəkildə bildirdi ki, köhnə format artıq mövcud deyil və sülh prosesi yeni reallıqlar əsasında qurulmalıdır.
Bu istiqamətdə mühüm diplomatik addımlar atıldı: Ermənistanla sülh sazişi üzrə danışıqlar, sərhədin delimitasiyası və nəqliyyat kommunikasiyalarının açılması kimi məsələlər gündəmə gətirildi. Azərbaycan həm ikitərəfli, həm də beynəlxalq müstəvidə fəal siyasət apardı. Nəhayət, 2025-ci ildə həm Bakı, həm də İrəvan rəsmi şəkildə Minsk Qrupunun ləğvini tələb etdi. ATƏT üzv ölkələri də bu mövqeyi dəstəklədi və beləliklə, uzun illərin nəticəsiz formatı tarixə qovuşdu”.
Deputatın sözlərinə görə, Minsk Qrupunun ləğvi yalnız bir beynəlxalq təşkilatın fəaliyyətinə son qoymaq deyil, həm də regionda yeni sülh dövrünün başlanğıcıdır. “Azərbaycan diplomatiyası göstərdi ki, güc və ədalət birləşəndə, ardıcıl siyasi xətt yürüdüləndə nəticə qaçılmazdır.
44 günlük Vətən müharibəsi hərbi qələbə idi, Minsk Qrupunun ləğvi isə onun diplomatik davamıdır. Bu qərar Cənubi Qafqazda real sülhün və sabitliyin qurulması üçün mühüm addımdır və tarixdə Azərbaycan dövlətinin mühüm diplomatik uğuru kimi qalacaq”,- deyə millət vəkili əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə