"Zəngəzur dəhlizinin açılması təhlükəsizlik rejimini gücləndirəcək” - ŞƏRH EDİLDİ

“Zəngəzur dəhlizi yeni geo-siyasi reallıqları formalaşdırır və Azərbaycan burada bir sıra üstünlüklər əldə edir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov deyib.


Onun sözlərinə görə, ən əsası ondan ibarətdir ki, Naxçıvan Muxtar Respublikası blokadadan azad olur və kommunikasiya əlaqələri formalaşır:
“Avtomobil və dəmir yolu infrastrukturu meydana gəlir və burada regional əməkdaşlıq üçün çox geniş imkanlar formalaşır. O cümlədən böyük türk dünyası arasında əlaqələr genişlənir. Hesab edirəm ki, Zəngəzur dəhlizi Vaşinqton razılaşmalarından sonra yeni bir nəfəslə istifadəyə veriləcək. Bununla da orta dəhlizin əhəmiyyəti artacaq. Şərq ilə Qərb, Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında olan əlaqələrdə yeni bir mərhələ başlayacaq. Azərbaycanın tranzit gəlirləri əldə etmək imkanı daha da artır. Bu dəhliz vasitəsilə gələcəkdə həmçinin yaşıl enerjinin də nəqli həyata keçirilə bilər. Bu baxımdan Zəngəzur dəhlizinin açılması böyük perspektivlər vəd edir. Hesab edirəm ki, burada Azərbaycan mühüm iqtisadi dividentlər əldə edəcək. Eləcə də regionda təhlükəsizlik sistemi daha da dayanıqlı olacaq. Bizim üçün əsas məsələ sülh arxitekturasının etibarlı və gözlənilən olmasıdır. Bu baxımdan dəhlizin açılması həm də təhlükəsizlik rejimini gücləndirəcək”.

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə