Zəngəzur kimindir? - RAKURS

İran və Rusiyanın qanunsuz müdaxiləsi yalnız düşmənçilikdir

Azərbaycan Naxçıvana quru keçidi əldə etmək üçün yollar axtarır. Beynəlxalq səviyyədə aparılan danışıqlardan tutmuş, Ermənistanla ikitərəfli görüşlərə qədər məqsəd birdir, məsələni sülh yolu ilə həll etmək. Əslində tarixən bizimki olduğu halda, hazırda Ermənistanın idarəçiliyində olan, bu ölkənin ərazisi hesab edilən Qərbi Zəngəzurdan keçid istəmək və bu istəyə adekvat reaksiya vermək yalnız iki ölkənin – Azərbaycanla Ermənistan arasında aparılan danışıqlardan və onların istəyindən asılıdır. Və burada üçüncü qüvvə, ölkə, beynəlxalq təşkilatın heç bir rolu və marağı olmamalıdır. Amma Ermənistanın məsələni bilərəkdən beynəlmiləl statusa qədər daşıması səbəbindən, indi həm regional, həm də qeyri-regional güclərin maraqlarını nəzərə almaq lazım gəlir.

Rusiyanın Qafqaz siyasəti çar və sovet dövründən bu günümüzə qədər dəyişməyib. Forma dəyişsə də mahiyyət eynidir, Moskva “mən Qafqazdayam və heç yerə gedəsi deyiləm” deyir. Ötən əsrin əvvəllərində çar Rusiyasının süqutu ilə imperiyanın yerində bir neçə müstəqil dövlət yaransa da, II Nikolayın varisi olan “proletariat diktaturası” Leninin rəhbərliyi altında yeni bir imperiyanın əsasını qoydu. Təzəcə müstəqillik əldə etmiş dövlətləri yeni imperiyanın subyektinə çevirmək, xalqları müstəmləkə zülmü altında inlətmək üçün min bir oyun qurdu, “kasıblar hökuməti”nin əli ilə hakimiyyətləri bir-birinin ardınca devirdi və istəyinə nail oldu. 70 illik əsarətdən sonra xalqlar yenidən azadlıq əldə etdi, öz haqqını, hüququnu bərpa etdi. Amma Rusiyanın mahiyyəti yenə dəyişməyib, yenə imperiya xislətini gizlətmir, heç bir ölkənin maraqlarını nəzərə almadan yalnız öz iddialarının təmin olunmasına çalışır.

Bu gün Kreml açıq şəkildə keçmiş SSRİ-nin bərpasına can atır. Ukraynada baş verən, bu ölkənin şəhər və kəndlərini xarabazara çevirən, milyondan artıq insanını məhv edən, on milyondan artıq vətəndaşını ölkədən didərgin salan müharibənin məqsədi də budur. Rusiya hər kəslə güc dilində danışır, uzun illər, hətta yüz ilər boyunca ələ keçirdiyi torpaqların yeraltı və yerüstü sərvətlərini, bu ərazilərdə yaşayan xalqların beyin məhsullarını, xammalını insan resurslarını zorla ələ keçirərək bu gün dünyanın ən zəngin ölkəsinə çevrilən Rusiyanı danışdıran da həmin var-dövlətdir, sərvətdir.

Rusiya ələ keçirdiyi torpaqlarda möhkəmlənmək üçün çox unikal üsullardan istifadə etməsi heç kimə sirr deyil. Bu üsullar nədir? Öncə rus millətindən olanların, həm də daha çox qadınların imperiyanın ucqarlarına müxtəlif adlar və bəhanələrlə yerləşdirilməsi, onlara xüsusi imtiyazların verilməsi, həmçinin həmin qadınlarla evlənənlərin də bu imtiyazlardan istifadə imkanları barədə apardığı təbliğat bu bədnam siyasətin həyata keçməsində böyük rol oynadı. Xalqların müqavimət qabiliyyətinin minimum endirilməsi üçün yerlərdə olan savadlı kadrların Rusiyanın içərilərinə köçürülməsi, onlara müxtəlif şəraitin yaradılması ilə, digərlərinin də həvəsini artırırdı və düşünən beyinlər talançı, qaniçən imperiyaya xidmət etmiş olurdu. Əsas məsələ isə həmin şəxslərin ruslaşdırılması idi. Onların bir qismi özlərini rus millətinin nümayəndəsi kimi təqdim etməsələr də, övladları böyüdükləri mühitə uyğun olaraq özlərini “böyük qardaş”ın nümayəndəsi hesab edirdi.

Dünyada təklənən və bütün qonşuları ilə müharibə şəraitində olan Rusiya beynəlxalq münasibətlər sistemində özünün ən çirkli siyasətini yürütməkdədir. “Bizim sərhədlərimiz rusların yaşadığı ölkələrdə bitir”, fikrini Rusiyanın brinci şəxsi heç nədən və kimdən çəkinmədən bəyan edir. Adətən, bu “eşq”ə düşənlərin sonu heç də yaxşı qurtarmır, bu, artıq ağıl kəmliyidir, bu, qlobal savaş, hətta növbəti dünya müharibəsi deməkdir. Ən təhlükəlisi odur ki, Rusiya məhv olacağını hər kəsdən yaxşı bilir. “Cəhənnəmə gedən özünə yoldaş axtarar” prinsipindən çıxış edir. Əlində nüvə silahı olsa da, başında zərrə qədər də ağıl yoxdur.

Rusiyanın Azərbaycanla bağlı siyasətini analiz etsək, Moskvanın növbəti münaqişə ocağı yaratmaq istəyini açıq-aydın görərik. Azərbaycan Vətən müharibəsinə başlayanda və bu savaşı cəmi 44 günə Zəfərlə, Böyük Qələbə ilə başa vuranda Rusiya Azərbaycanda yox idi. Rusiya ordusu Ermənistanda qalsa da, Azərbycandan ötən əsrin 90-cı illərindən tərk etmişdi. Qəbələ RLS-də qalan sonuncu rus əsgəri isə 2013-cü ildə buradan getdi. Həm birinci, həm də ikinci Qarabağ müharibəsində Rusiya bütün imkanları ilə Ermənistana hərbi yardım edirdi. Vətən müharibəsi ərəfəsində Rusiyanın Ermənistana milyardlarla dollarlıq təmənnasız silah-sursat yardımı etməsini heç kim unutmayıb. Müharibənin gedişində də ruslar Ermənistan silahlı qüvvələrinin tərkibində idilər. Qarşı tərəfin apardığı hərbi əməliyyatlardan “rus qoxusu” gəlirdi. Ən sonunda ifşa və biabır olacağından qorxan Rusiya Şuşanın azad edilməsindən sonra naəlac qalıb taktikasını dəyişdi, Ermənistan rəhbərliyinə müharibəni təcili dayandırmaq və danışıqlara başlamaq əmrini verdi. Hadisələrin gedişi də göstərdi ki, bu, sadəcə vaxt qazanmaq, Azərbaycanı arxayın salmaq və sonunda separatçı erməni xuntasının Qarabağda mövcudluğunu davam etdirməsi üçün idi. Rəsmi Bakı isə başlatdığı haqlı iddiasını reallaşdırmaq, torpaqlarını azad etmək, bir milyona yaxın məcburi köçkününün öz yurdlarına qatıtmasını təmin etməkdə israrlı idi. Separatçıların qondarma “ordusu”na fürsət verməmək üçün bütün strateji yüksəkliklər ələ keçirildi, Ermənistandan gələn təminat yolları kəsildi, Qarabağdan təbii sərvətlərimizin daşınmasına son qoyuldu. Rusiyanın “sülhməramlı” adı altında Qarabağa yerləşdirdiyi 1960 nəfərlik hərbi birləşməsi isə tam olaraq neytrallaşdırıldı. Bu taktika və strategiya sayəsində Azərbaycan həm erməni separatizmindən, həm də Rus ordusundan xilas oldu.

Əslində, Rusiyanın o vaxt Qarabağda nə baş verdiyini anlamaq imkanı olmadı. Paşinyanın “Qarabağ Azərbaycan ərazisidir” etirafı isə Kremlə növbəti ağır zərbə oldu. Putin vassalı olan Ermənistan rəhbərliyindən bunu gözləmirdi. Amma olanlar olmuşdu, Paşinyan hökumətinin reallıqla məcburi barışığı Kreml rəhbərini çıxılmaz duruma soxmuşdu. Bu gün Ermənistan Rusiyanın rəhbərlik etdiyi heç bir regional təşkilatda iştirak etmir və üzünü Qərbə tutur. Moskva isə “rıçaq”larinı işə salmaqla İrəvanı “imana-dinə” gətirmək istəyir. Bu “rıçaq”ların biri 102-ci ordudur, ikincisi Rusiya sərhədçilərinin İran istiqamətində dislokasiya olunması və “üçtərəfli Bəyanat”dan istifadə edərək “Zəngəzur dəhlizi”nə nəzarəti ələ keçirməkdir. Rusiya 5 minlik 102-ci oldusu ilə Ermənistana, daha doğrusu Paşinyan hakimiyyətinə qarşı nə isə edə bilər, amma Zəngəzur dəhlizinə… bu, bir az qəliz məsələdir. Çünki, avqustun 8-də Vaşinqtonda, daha dəqiq desək Ağ Evdə Trampın birbaşa təşkilatçılığı ilə Ermənstanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması üçün saziş imzalandı. Tərəflər sülhə doğru addım atacaqlarına dair sənədə imza atdılar. Bununla da Rusiyanın məsələyə müdaxiləsini minimum endirdilər.

Rusiyanın məsələyə yeni şəkil vermək üçün çıxış yolu varmı? Qətiyyətlə “yox” demək istərdik, amma hesab etsək ki, bu ölkənin adı Rusiyadır və yer üçündən silinmək, bir dövlət olaraq mövcudluğuna son qoymaq istəyir, onda Moskvanın çıxış yolunu intiharda – Zəngəzura hərbi müdaxilədə görmək olar. Qısaca desək, Rusiya Zəngəzura – Orta dəhlizin cənub seqmentinə nəzarət etmək üçün arzuolunmaz hərəkətlərə qalxarsa sonu heç də yaxşı olmaz.

İranın Zəngəzur iştahası

Zəngəzur məsələsi siyasi arenaya ayaq basandan Tehran müxtəlif rəngli xəttlər çəkməyə başlayıb. Əsasən “qırmızı xətt” dediyi “Zəngəzur dəhlizi” mövzusuna qarşı İranın bir fobiyası yaranıb. Düzdür, buna fobiya da demək olmaz, çünki, İranın fars-molla rejiminin yanaşmasında tarixi cizgilər axtarmağa dəyər. Ermənistanı dövlət kimi yaradanlarla İranın işbirliyi də özünü göstərməkdədir. Qars müqaviləsi ilə Naxçıvana olan iştahları ölən, Zəngəzuru isə Azərbaycandan qoparıb Ermənistana təhvil verməklə Türk dünyasını ikiyə bölən sovet rəhbərliyinin hərəkətləri yenicə taxt-taca yiyələnmiş Pəhləvilərin “ürəyindən tikan çıxarmışdı”. İranın indiki molla rejimi də Pəhləvilərin Türk düşmənçiliyini məmuniyyətlə davam etdirirlər. Çünki İranın da mahiyyəti dəyişməyib, sadəcə formaya “əl gəzdirilib”.
İran Zəngəzurdan nə istəyir, yaxud İranın Zəngəzurda nə işi? Burada yenə Ermənistan rəhbərlərinin yürütdüyü siyasət dövrəyə girir. Sırf düşmənçiliyi ucbatından həm Türkiyə, həm də Azərbaycan tərəfindən blokadaya alınmış Ermənistana 30 ildə nəfəslik verən İran İrəvana bunun bədəlini ödətdirməlidir, ya yox? Bu “nəfəsliyə” görə, Ermənistan İrana istədiyini verməyə çalışır. Ona görə də daha çox Ermənistan üçün “həyat yolu” olan “Zəngəzur dəhlizi”nin açılmasına qarşı olan İrana əks getməkdə İrəvan çətinlik çəkir. Amma bu dəfə sifariş yuxarılardan gəlib, Vaşinqton İrəvanın çox həssas nöqtəsindən vurub. ABŞ-nin əlehinə getmək Ermənistana yaxşı heç nə vəd etmir. Tehran da bunu bilir, amma “uğurlu yol” göstərə bilmir. Ona görə də Amerikanın diqqətini məsələdən yayındırmaq üçün yenidən “nüvə danışıqları”nı ortaya atır…



Tehran səngərlərə qayıtmağa hazırdır

İran və Aİ-3 ölkələri (Böyük Britaniya, Fransa və Almaniya) avqustun 26-da “nüvə” danışıqlarının yeni raundu keçirəcək. Avropalılar Tehranın 12 günlük müharibənin kəsdiyi Vaşinqtonla dialoqa qayıtmasında təkid edirlər. Amma ali lider Əli Xamenei bunun əleyhinədir. Bütün bunların fonunda İran və İsrail arasında yeni qarşıdurma xəbərləri getdikcə artır. Sonuncu bu yaxınlarda ilk dəfə Tehranın yaxın müttəfiqləri olan Husilərdən kasetli raketlə vuruldu. İsrailin baş nazirinin ofisində izah edildiyi kimi, yəhudi dövləti özünü "istənilən tərəfdən" təhdidlərdən müdafiə etməyə hazırdır.

İran və Aİ3 arasında növbəti məsləhətləşmələr Cenevrədə keçiriləcək. Görüş 12 günlük müharibədən sonra ardıcıl ikinci olacaq. İslam Respublikası və Avropa ölkələri nümayəndələri arasında əvvəlki görüş iyulun 25-də İstanbulda keçirilib. Həmin vaxt BMT Təhlükəsizlik Şurasının 2015-ci il nüvə sazişi çərçivəsində Tehrandan qaldırdığı sanksiyaların mümkün qaytarılması müzakirə edilib. Aİ3 İranın ABŞ-la danışıqlar masasına qayıtmasını və ABŞ və İsrailin bombardmanları nəticəsində zəiflədiyi güman edilən nüvə proqramının hazırkı vəziyyətini aydınlaşdırmasında təkid edib. Bildirilib ki, Tehran İstanbulda nüvə problemi ilə bağlı prinsipial mövqelərini bir daha təsdiqləyib.

Bu gün İran İsrail və ABŞ-la yeni müharibəyə başlamaq istəmədiyinə dair siqnallar verir, lakin bunun müqabilində heç bir ciddi güzəşt təklif etmir. Britaniyanın “The Telegraph” qəzetinin mənbələrinə görə, BMT Təhlükəsizlik Şurasının sanksiyalarının bərpasının və yeni regional qarşıdurmanın genişlənməsinin qarşısını almaq üçün Tehran kompromis kimi uranın zənginləşdirilməsi səviyyəsini 60%-dən 20%-ə endirmək variantına icazə verir. “The Telegraph”ın mənbələrinə görə, bu variant İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani tərəfindən lobbiçilik edilir. Sərt xətt tərəfdarları buna qarşıdır. “The Telegraph” xüsusilə qeyd edir ki, Laricaninin müxalifəti nüfuzlu təhlükəsizlik agentliyi olan İslam İnqilabı Keşikçiləri Korpusudur (İİKK).

Aşağı zənginləşdirmə variantı çətin ki, İranın nüvə materialının təkmilləşdirilməsi üzrə milli proqramından tamamilə imtina etməsinin və yalnız xaricdən uranın alınmasının tərəfdarı olan Birləşmiş Ştatlara yaraşmaz. ABŞ prezidenti Donald Tramp artıq açıq şəkildə bildirib ki, bu məsələdə güzəştə getməyə hazır deyil, çünki hətta İslam Respublikasında mülki nüvə proqramı digər Yaxın Şərq dövlətləri üçün də risk yaradar və nüvə silahı yarışına səbəb olar. Bundan əlavə, bir sıra ehtimallara görə, dağıdılmış nüvə mərkəzlərinin dağıntıları altında qalmağa davam edən İranın artıq topladığı yüksək zənginləşdirilmiş uran ehtiyatlarının taleyi qaranlıq olaraq qalır.

Demək olmaz ki, İran elitası “sıfır” zənginləşdirmə variantını nəzərdən keçirmir. Belə ki, bir həftə əvvəl İran prezidenti Məsud Pezeşkianın islahatçı dairələri təmsil edən tərəfdaşlarının açıq məktubu İranda geniş yayılıb. Onlar hakimiyyəti siyasi məhbusları azad etməyə, nüvə proqramının inkişafını dayandırmağa, sərt dini qanunları ləğv etməyə və SEPAH-ın təsirini zəiflətməyə çağırıblar. 27 hərəkatın birləşdiyi İslahat Cəbhəsinin imzaladığı mesajda deyilir: “İsraillə müharibənin nəticələri, tüğyan edən inflyasiya, istehsalda durğunluq, milli valyutanın çökməsi və kapitalın geri çəkilməsi ilə birlikdə iqtisadi iflic riskini həmişəkindən daha nəzərə çarpan etdi”.

Məktubun yaratdığı rezonansdan sonra İranda hökumətin bütün qərar qəbuletmə mexanizminin əlində cəmləşən Əli Xamneyi avqustun 24-də buna cavab verməli olub. Beləliklə, o, ABŞ-la dialoqda böhranın həll oluna bilməyəcəyinə əminliyini bildirib. “İranın əleyhdarları İranın Amerikaya tabe olmasını istəyirlər”, - deyə rəhbər izah edib. “İran xalqı bu cür yanlış gözləntiləri olanlara bütün gücü ilə müqavimət göstərəcək”. Eyni zamanda o qeyd edib ki, “ABŞ əleyhinə şüarlar səsləndirməməyi” və “ABŞ-la birbaşa danışıqlar aparmağı” xahiş edən insanlar səthi fikirlərə sadiqdirlər: “Bu məsələ (ABŞ ilə münasibətlərdə vəziyyət) həll olunmazdır”, - Xamenei əminliyini ifadə edib.

Bu arada, Yaxın Şərqdə İsrail və İran arasında növbəti müharibə hissi artmaqdadır. Avqustun 22-də Yəmənin “Ənsar Allah” qruplaşması ilk dəfə olaraq yəhudi dövlətinə doğru kasetli raket atıb, İsrailin hava hücumundan müdafiə sistemi bu raketin qarşısını ala bilməyib. Buna cavab olaraq avqustun 24-də İsrail ordusu husilərin hərbi və enerji obyektlərinə, o cümlədən prezident sarayı kompleksinə, iki elektrik stansiyasına və yanacaq anbarına bir sıra zərbələr endirib. İsrail mediası iddia edir ki, komandanlıq hazırda Husilərin nəzarət zonalarında hədəf bankı genişləndirmək variantını nəzərdən keçirir. Yəhudi dövləti xüsusilə Ənsar Allahın arsenalının İranın köməyi ilə təkmilləşdirilməsindən narahatdır.

İsrail baş nazirinin ofisinin müşaviri Dmitri Gendelman, yəhudi dövlətinin İranı husilərin son atışlarına görə bilavasitə məsuliyyət daşıması ilə bağlı NG ilə söhbətində belə izah edib: “İsrail heç bir tərəfdən ərazisinin atəşə tutulmasına icazə verməyəcək və vətəndaşlarını haradan gəlsələr də, bu təhlükələrdən qorumaq üçün əlindən gələni edir”.

Bu yaxınlarda İsrail Müdafiə Nazirliyinin baş direktoru Əmir Baram ABŞ-dakı israilli podratçılara havada 11-12 saat qala bilən əlavə iki KC-46 yanacaq dolduran təyyarənin alınması üçün müqavilə imzalamağı tapşırıb. Bu qərar, yerli medianın qeyd etdiyi kimi, İsrail Hərbi Hava Qüvvələrinin İran və Yəmən də daxil olmaqla, uzaq məsafələrdə əməliyyatlar aparmaq imkanlarını iki dəfədən çox artırmalıdır. Bu məlumatlara görə, yəhudi dövləti hazırda 10 il əvvəl dəyişdirilməsi nəzərdə tutulan köhnəlmiş “Ram” yanacaqdoldurma təyyarələrindən istifadə edir. Media yeni sərəncamı İranla qarşıdurmanın növbəti mərhələsinə hazırlıq elementi kimi şərh edib.

Tehran əmin edir ki, Yaxın Şərqdə istənilən, hətta ən neqativ ssenariyə hazırdır. Belə ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu komandirinin müavini Əli Fədavi bu günlərdə İsrailin “Şir kimi insanlar” əməliyyatına başladığını elan etdiyi və İslam Respublikası ərazisindəki nüvə və hərbi obyektlərə hücum etdiyi vaxtda İran Silahlı Qüvvələrinin (QQ) hazırlığının “iki ay əvvəlkindən qat-qat yüksək olduğuna” əmin olduğunu bildirib. "Bu uğur (milli müdafiə sənayesinin) güc və imkanlarımızı gücləndirmək üçün lazım idi və xalq onun təzahürünü məsələn, 12 günlük müharibə zamanı, bütün dünyanın İranla qarşı-qarşıya gəlmək əzmində olduğu bir zamanda görür", - Fədavi vurğulayıb. Ayrı-ayrılıqda Tehran ölkənin İsraillə atəşkəs vəziyyətində olmadığını və rəsmi olaraq iki regional rəqib arasında müharibənin davam etdiyini vurğulayır. İranın Ali Rəhbərinin baş hərbi müşaviri general-mayor Yəhya Rəhim Səfəvi bu yaxınlarda qeyd edib: “Bizimlə ABŞ və ya İsrail arasında heç bir protokol, qayda və ya saziş imzalanmayıb. O, əlavə edib: “Məncə, daha bir müharibə ola bilər, ondan sonra müharibələr olmayacaq”.
Lavrov iranlı həmkarı ilə nə danışıb?

Lavrov və Əraqçi İranın nüvə proqramı və Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər. Rusiyanın xarici işlər naziri Sergey Lavrov İranın xarici işlər naziri Abbas Əraqçi ilə telefon danışığı aparıb. Əraqçi Böyük Britaniya, Almaniya və Fransadan olan həmkarları ilə İranın nüvə proqramı ətrafında nizamlanma məsələlərinə dair telefon danışığının nəticələri barədə Lavrova məlumat verib. Lavrov, Xarici İşlər Nazirliyinin qeyd etdiyi kimi, Rusiyanın Birgə Hərtərəfli Fəaliyyət Planı ətrafında vəziyyətin normallaşdırılması və Yaxın Şərqdə gərginliyin azaldılması üçün diplomatik səylərə töhfə verməyə hazır olduğunu təsdiqləyib. Hər iki ölkənin xarici işlər nazirləri ikitərəfli gündəlikdəki prioritet məsələlərə, o cümlədən Rusiya və İran arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Müqaviləsinin həyata keçirilməsinə də toxunublar.

Bu arada, İranın Məqsədini Müşahidə Şurasının üzvü Seyid Məhəmməd Sədr sensasion bəyanatla çıxış edərək Moskvanı son 12 günlük münaqişə zamanı Təl-Əvivə kəşfiyyat məlumatı verməkdə ittiham edib. O, müsahibəsində bildirib ki, Rusiya İranın hava hücumundan müdafiə sistemlərinin yeri ilə bağlı İsrailə məlumat verib. Eyni zamanda Sədr etiraf edib ki, Moskva İsrailin İrana hücumlarını rəsmən pisləyib, lakin onun sözlərinə görə, bu, kifayət deyil. Şura üzvü vurğulayıb ki, Rusiya və İran ciddi əlaqələr saxlamalı olsa da, artıq ölkələr arasında tam etimad mümkün deyil.

Yenə də Zəngəzur dəhlizi…

İranın ali dini liderinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti sosial media hesabında yazıb ki, Qafqaz tarixən İran üçün strateji təhlükəsizlik buferi kimi fəaliyyət göstərib. İranın Ali Rəhbərinin baş müşaviri qeyd edib ki, Qafqaz bu rolu Əhəmənilər fars kralı Böyük Kirin dövründən oynayıb. O, həmçinin vurğulayıb ki, yunan tarixçisi və coğrafiyaçısı Herodotun əsərlərinə görə, Kir İranı köçəri tayfaların basqınlarından qorumaq üçün Qafqaz regionunda istehkamlar tikib və bununla da bölgənin müdafiə sərhədi kimi qalıcı rolunu möhkəmləndirib.

Vilayəti avqustun 9-da Tasnim agentliyinə müsahibəsində Azərbaycanı Naxçıvanla birləşdirəcək Zəngəzur dəhlizi ideyasını rədd edərək, dəhliz planının həyata keçirilməsinin Cənubi Qafqazın təhlükəsizliyini təhlükə altına atacağı barədə xəbərdarlıq edib. O, həmçinin vurğulayıb ki, Moskvanın Tehrana qoşulub-qoşulmamasından asılı olmayaraq İran Qafqaz regionunda Amerika dəhlizinin yaradılmasına mane olacaq.

Digər tərəfdən, ABŞ və Aİ kimi aparıcı oyunçular daxili siyasətlərində müəyyən nüfuzlu ünsürlərin təsiri ilə Türkiyəni Qərbi və Mərkəzi Asiyadakı inteqrasiya prosesindən kənarlaşdırmağa cəhd edə bilərlər. Avqustun 8-də Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyev ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə Vaşinqtonda görüşüb və yekun sülh sazişinin çərçivəsini əks etdirən birgə bəyannamə imzalayıblar. Birgə bəyannamədə ən diqqətçəkən addım “Azərbaycan və Naxçıvanı birləşdirən Zəngəzur dəhlizi”nin istismar hüququnun 99 il müddətinə ABŞ-a verilməsi oldu. Bu barədə türkiyəli ekspertlər Abdullah Kabaoğlu və Ahmet Zahit Güneyin məqaləsində deyilir.

Məqalədə qeyd olunur:

“Bu hissə ABŞ-a yönəlmiş Qərb iqtisadi sistemi üçün Mərkəzi Asiyaya qapı ola biləcək unikal marşrutu təmsil edir. Sovet İttifaqının dağılmasından sonra yaranan bu potensial Azərbaycan və Ermənistan arasında siyasi gərginlik və bununla bağlı iqtisadi qeyri-müəyyənlik ilə məhdudlaşır. Son zamanlar Mərkəzi Asiyada geosiyasi tarazlığın dəyişməsi Qərbin regiona artan marağını daha da artırıb. Rusiya-Ukrayna müharibəsinin ağır siyasi və iqtisadi xərcləri Rusiyanın regiondakı ənənəvi təsirini ciddi şəkildə sarsıtdı. Paralel olaraq, Çinin regionda getdikcə artan iqtisadi təsiri Mərkəzi Asiya türk respublikaları üçün kritik əhəmiyyət kəsb edir, çünki o, regionda rolu getdikcə zəifləyən Rusiyaya alternativdir.

Üstəlik, Çinin “Bir kəmər, bir yol” təşəbbüsünün bir hissəsi kimi Avropaya uzanan kritik infrastruktur layihələrinin bu regionda cəmləşməsi Çinin Rusiya tərəfindən boşaldılan məkanı doldurmaq vəzifəsini daha da asanlaşdıra bilər. Bu vəziyyət qlobal rəqabət şəraitində Mərkəzi Asiyanın Çinin təsiri altına düşməsinin qarşısını almaq üçün ABŞ və onun Qərb müttəfiqlərini regionda daha fəal xarici siyasət yürütməyə vadar edir. İstismar hüququ bu yaxınlarda bağlanmış müqavilə əsasında Amerika şirkətlərinə verilən Zəngəzur dəhlizi bu strategiyaya uyğun olaraq Qərbin Mərkəzi Asiyaya uzanan dəhlizinə çevrilə bilər.

Qərb dünyasının Mərkəzi Asiyaya yenidən marağı Türkiyənin türk cümhuriyyətləri ilə çoxdan gözlənilən əlaqələrini inkişaf etdirmək üçün mühüm imkanlar açır. Soyuq müharibə başa çatdıqdan sonra Türkiyənin xarici siyasətinin prioritetinə çevrilən bu ölkələrlə əlaqələr hazırda arzu olunan səviyyədədir. Buna əsas maneə isə, ilk növbədə, Rusiya və İranın regionda dominantlıq etmək cəhdi ilə bağlıdır. Bu iki oyunçu tarixən region ölkələrini Türkiyə mərkəzli “Orta Dəhliz”dən deyil, öz ərazilərindən keçən Şimal və Cənub dəhlizlərindən istifadə etməyə təşviq etmək üçün diplomatik fəaliyyətdə fəal iştirak ediblər. Lakin Rusiya-Ukrayna müharibəsinin və İrana qarşı 12 günlük müharibənin dağıdıcı nəticələri Zəngəzur dəhlizinin açılmasına imkan yaradıb, Türkiyə üçün Orta Asiyaya effektiv yol açıb.

Saziş çərçivəsində dəhlizin istismarı hüquqlarının Amerika şirkətlərinə verilməsi Rusiya və İranın yaxın gələcəkdə təsirlərini bərpa edə biləcək potensial destruktiv təşəbbüsləri ilə mübarizədə Türkiyənin strateji tarazlığını əhəmiyyətli dərəcədə gücləndirəcək. Beləliklə, Rusiya və İrandan gələn təhdidlərdən uzaq, fasiləsiz quru rabitəsinin təmin etdiyi sabitlik sayəsində Türkiyə həm Mərkəzi Asiya bazarlarında təsirini artıra, həm də əhəmiyyətli iqtisadi faydalar əldə edə bilər. Bu maliyyə faydalarından əlavə, bu proses Türkiyəyə türk cümhuriyyətləri ilə çoxdan gözlənilən sosial-iqtisadi inteqrasiyasını görünməmiş səviyyəyə çatdırmaq imkanı da verir.

ABŞ və Aİ kimi aparıcı oyunçular öz daxili siyasətlərində müəyyən nüfuzlu ünsürlərin təsiri ilə Türkiyəni Qərb və Mərkəzi Asiyada inteqrasiya prosesindən kənarlaşdırmağa cəhd edə bilərlər. Türkiyənin əhəmiyyətli coğrafi üstünlüyü bu fürsəti zəiflədə bilsə də, ABŞ və Yunanıstandakı İsrail lobbisi, eləcə də Aİ-dəki Kiprin Rum administrasiyasının rəhbərlik etdiyi ünsürlər Türkiyənin regionlararası inteqrasiyada payını mümkün qədər minimuma endirməyə çalışa bilərlər. Zəngəzur dəhlizinin yeni statusu Türkiyəyə 30 ildən artıqdır gözlədiyi fürsəti verir, lakin onun həyata keçirilməsi yalnız fəal, çoxşaxəli və ardıcıl diplomatiya ilə mümkün olacaq”.

V.VƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə