“Trampın Nobel sülh mükafatına namizədliyi qlobal siyasi rezonans yarada bilər” -EKSPERT RƏY BİLDİRDİ

"Cənab Prezidentin vurğuladığı kimi, Donald Trampın müharibələri dayandıran və sülh gətirən lider kimi təqdim olunması onun Nobel sülh mükafatına namizədliyi üçün ciddi siyasi və simvolik əsas yaradır. Trampın prezidentliyi dövründə atdığı bəzi addımlar bu imicin formalaşmasına xidmət edib". Bu sözləri SİA-ya açıqlamasında beynəlxalq ekspert Anar Əliyev deyib.

Onun sözlərinə görə, yaxın Şərqdə İsrail ilə bəzi ərəb ölkələri arasında münasibətlərin normallaşmasına gətirən “Abraham Razılaşmaları”nın təşviqi, Şimali Koreya ilə birbaşa dialoqa girərək uzun illər davam edən gərginliyi yumşaltmaq cəhdləri, eləcə də bəzi beynəlxalq münaqişələrdə hərbi qarşıdurmadan çox diplomatik həll yollarına üstünlük verməsi bu arqumenti gücləndirir: "Əgər bu təşəbbüs beynəlxalq ictimai rəydə geniş şəkildə gündəmə gətirilərsə, iki əsas istiqamətdə rezonans doğuracağı qaçılmazdır. Birinci istiqamət, Trampı dəstəkləyən qüvvələr və onun siyasətini müsbət dəyərləndirən dövlətlər bunu ABŞ-ın qlobal sülh təşəbbüslərində lider rolunun yenidən təsdiqi kimi görəcəklər. Bu, həm də onun şəxsi siyasi imicini gücləndirərək beynəlxalq aləmdə “sülh lideri” statusunu möhkəmləndirə bilər.

İkinci istiqamət isə, Trampın əleyhdarlarının reaksiyası ilə bağlıdır. Onlar bu təşəbbüsü Nobel Komitəsinə siyasi təzyiq kimi təqdim edə, hətta Trampın bəzi beynəlxalq proseslərdə tənqid olunan mövqelərini qabardaraq onun sülh mükafatına layiq olmadığını iddia edə bilərlər. Bu, xüsusilə Qərb mediasında qızğın debatların yaranmasına gətirib çıxara bilər. Bütün bunlara baxmayaraq, belə bir təqdimat Trampın 2024-cü il seçkiləri öncəsində beynəlxalq diqqəti üzərinə çəkməsi, ABŞ-ın sülh proseslərində rolunun yenidən müzakirə mövzusu olması və qlobal diplomatiya gündəmində yeni siyasi kombinasiyaların formalaşması üçün zəmin yarada bilər. Ən əsası, bu təşəbbüs yalnız Trampın şəxsi nüfuzuna deyil, ABŞ-ın xarici siyasətdə yumşaq güc imkanlarının gücləndirilməsinə də xidmət edə bilər. Bu səbəbdən, Cənab Prezidentin fikirlərinə söykənərək Trampın Nobel sülh mükafatına namizədliyi ideyası, həm regional, həm də qlobal səviyyədə siyasi dinamikanı canlandıra biləcək mühüm bir diplomatik jest kimi qiymətləndirilə bilər".

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə