"Son bir il ərzində Azərbaycan ilə İran İslam Respublikası arasında münasibətlərdə müsbət dinamika müşahidə olunmaqdadır. 44 günlük Vətən müharibəsindən sonra İranın Azərbaycana qarşı sərgilədiyi sərt siyasi mövqe, təxribat xarakterli addımlar, Ermənistanla, eləcə də vaxtilə Qarabağdakı separatçı rejimlə əlaqələrin davam etdirilməsi ikitərəfli münasibətlərdə ciddi gərginliklərə səbəb olmuşdur". Bu sözləri SİA-ya açıqlamasında politoloq Oqtay Qasımov deyib.
Onun sözlərinə görə, keçən ilin may ayından etibarən bu münasibətlərdə nisbətən yumşalma prosesi müşahidə edilməyə başlanmış və İranın yeni prezidenti vəzifəyə gəldikdən sonra əlaqələrdə müsbət tendensiyalar daha da aydın şəkildə nəzərə çarpmışdır: "İran prezidentinin 2024-cü ilin aprel ayında Azərbaycana etdiyi rəsmi səfəri münasibətlərin inkişafında yeni bir mərhələnin başlanmasına zəmin yaratmışdır.
Bu səfər çərçivəsində müxtəlif sahələr üzrə əməkdaşlıq imkanları müzakirə olunmuş, ortaq layihələrin həyata keçirilməsi məsələləri gündəmə gətirilmişdir. Xüsusilə, Araz çayı üzərində inşa ediləcək hidrotexniki qurğular və enerji layihələri ikitərəfli münasibətlərin inkişafında mühüm rol oynaya biləcək strateji addımlar kimi qiymətləndirilir. Bu əməkdaşlıq təşəbbüsləri Azərbaycan-İran münasibətlərinin gələcək inkişafı üçün əlverişli zəmin formalaşdırır".
Politoloq qeyd edib ki, bütün müsbət tendensiyalara baxmayaraq, təəssüf ki, İranın Azərbaycan Respublikasına yönəlik siyasətində hələlik prinsipial və köklü dəyişikliklərin baş verdiyini müşahidə etmirik: "Bu dəyişimin baş verməsi də qısa zaman ərzində real görünmür. Bunun əsas səbəbi, İran tərəfinin Azərbaycanın müstəqilliyini və regional güc statusunu öz milli təhlükəsizliyi üçün potensial təhdid kimi qəbul etməsi ilə bağlıdır.
Şübhəsiz ki, İran prezidentinin ötən ay Azərbaycana etdiyi səfər iki ölkə arasında münasibətlərin normallaşması və inkişafı baxımından müəyyən qədər müsbət impuls yaratmışdır. Lakin son günlərdə İran rəsmilərinin, xüsusilə də səfirlik və xarici işlər nazirinin müavini səviyyəsində səsləndirilən bəyanatlar bu pozitiv meyillərin davamlılığına dair suallar doğurur. Belə ki, İran rəsmilərinin Zəngəzur dəhlizi ilə bağlı mövqeyi, bu məsələdə əvvəlki mövqe ilə mahiyyət etibarilə dəyişmədiyini göstərir. Bu isə öz növbəsində, Azərbaycan-İran münasibətlərində yenidən gərginliyin yaranması üçün münbit zəmin yaradır. Halbuki İran Prezidenti ötən ay verdiyi müsahibədə Zəngəzur dəhlizinin açılmasının Ermənistanın ərazi bütövlüyünə təhlükə yaratmayacağı halda İranın buna qarşı çıxmayacağını bəyan etmişdi. Buna baxmayaraq, İran Xarici İşlər Nazirliyinin müavini tərəfindən son günlərdə verilən açıqlamalarda Ermənistanın bu dəhlizi açmayacağına dair konkret təminatlar istənilməsi regionda sabitlik və əməkdaşlıq üçün deyil, əksinə, gərginliyin davamı üçün zəmin yaratdığı təəssüratını formalaşdırır"- deyə o əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə