İnformasiya və kommunikasiya texnologiyalarının inkişafında böyük uğurlar var - TƏHLİL

İnformasiya və rabitə sahəsindəki inkişaf ölkəmizin sosial-iqtisadi həyatında mühüm rol oynayır. Təsadüfi də deyil ki, informasiya və kommunikasiya texnologiyaları öz inkişaf səviyyəsinə görə iqtisadiyyatın bütün sahələrində daha qabarıq şəkildə nəzərə çarpır. Mövcud informasiya və rabitə sahələrinin intensiv və yüksək səviyyədə inkişafını, ilk növbədə məhz yeni xidmət növlərinin, o cümlədən, mobil telefon rabitəsinin, internetin ölkəmizdə təşəkkül tapması və genişlənməsi ilə səciyyələndirmək, əsaslandırmaq olar.

Reallıq bundan ibarətdir ki, hal-hazırda Azərbaycan Respublikasında informasiya-kommunikasiya texnologiyaları sahəsindəki fəaliyyət məhz Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi strateji xətt üzrə uğurla davam etdirilir. Məhz 2003-cü ildə təsdiq olunmuş “Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiya” bu istiqamətin ölkəmiz üçün vacibliyini və əhəmiyyətini vurğulayan ilk rəsmi sənəd hesab olunur.

Hazırki dövrdə, daha dəqiq desək, 21-ci əsrdə Azərbaycanda informasiya cəmiyyətinə keçid və bu keçidin qurulması, elektron hökumətin formalaşdırılması və intellektual potensialın inkişafı sayəsində informasiya və kommunikasiya texnologiyaları sahəsi neft sektorundan sonra prioritet sahə hesab olunur. Məhz bu baxımdan da informasiya və kommunikasiya texnologiyaları ölkənin sosial-iqtisadi həyatına son illər daha ciddi şəkildə nüfuz edib. Xüsusən də müasir dövrdə və gələcək perspektivdə informasiya və kommunikasiya texnologiyalarının əhəmiyyətinin ön plana keçdiyi də təkzibedilməzdir. Müasir rabitə və informasiya texnologiyaları, ölkənin hərtərəfli inkişafı, əhalinin intellektinin yüksəldilməsi, həmçinin dünyada baş verən inteqrasiya proseslərinə daha aktiv cəlb olunması istiqamətində respublikamızın qarşısında yeni imkanlar açır. Rabitə Nazirliyinin ləğv edilərək, məhz həmin nazirliyin bazasında Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin yaradılması bu sahənin gələcək inkişafı, eləcə də hər bir vətəndaşın müasir informasiya-kommunikasiya texnologiyalarından bəhrələnməsi imkanları baxımından əvəzsiz hesab olunur. Bu, heç də təsadüfi, heç də səbəbsiz deyil və qısa müddət ərzində bu istiqamətdə bir çox işlərin görülməsi, mühüm addımların atılması qeyd olunanları bir daha təsdiq edir.

Ölkəmizdə 1994-cü ildən mobil telefon rabitəsinin geniş istifadəsi artıq Azərbaycanın sosial-iqtisadi həyatında mühüm rol oynamaqdadır. Azərbaycanda mobil telefon abunəçilərinin sayının 11 milyondan çox olması bunun, qeyd olunan reallığın əyani sübutudur. Ümumiyyətlə, statistik göstəricilər bir çox məqamları, ələlxüsus da inkişafı təsdiq edir. Ələlxüsus da təsdiq edir ki, ölkəmizdə enerji sahəsindən sonra informasiya texnologiyaları daha çox inkişaf etmiş qeyri-neft sektorudur. Regionun ən dinamik inkişaf edən ölkəsi kimi Azərbaycan bu gün informasiya və kommunikasiya sahəsinin genişləndirilməsi üçün böyük imkanlara malikdir. Cəmiyyətimiz də öz növbəsində bu imkanlardan maksimum bəhrələnərək, dünya birliyinə inteqrasiyanı özünün ən başlıca vəzifəsi kimi görməkdədir.

İnformasiya mübadiləsinin xarici ölkələrdən asılılığının aradan qaldırılması, iqtisadi və informasiya təhlükəsizliyinin əsas komponentlərindən olan telekommunikasiya peykinin hazırlanması və orbitə çıxarılması strateji məqsədləri ilə əlaqədar “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 04.11.2008-ci il tarixli Sərəncamının, habelə 17 avqust 2009-cu il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı”nın icrasının təmin edilməsi məqsədilə müvafiq tədbirlər görülübdür. Azərbaycan Respublikasının Prezidenti ölkəmizin ilk telekommunikasiya peykinin orbitə çıxarılması, idarə olunması və istismarı işlərinin həyata keçirilməsini təmin etmək məqsədi ilə “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin təsis edilməsi haqqında” 2010-cu il 3 may tarixli Sərəncam imzalayıbdır. Azərbaycanın ilk rabitə peyki, Amerikanın “Orbital Sciences Corporation” şirkəti tərəfindən inşa olunubdur və bu da həmin istiqamətdə növbəti uğura imza atılması deməkdir.

Dövlət orqanlarının fəaliyyətinin səmərəliliyinin və operativliyinin yüksəldilməsi, əhali, biznes qurumları ilə, həmçinin öz aralarında əlaqələrin asanlaşdırılması və sərbəstləşdirilməsi məqsədi ilə informasiya-kommunikasiya texnologiyalarından istifadə edilməsi dünya təcrübəsində «elektron hökumət» olaraq tanınır. Ölkəmizdə bu istiqamətdə də uğurlara imza atılıb. Dövlət orqanlarının informasiya sistemləri arasında informasiya mübadiləsinin təşkilinə və vətəndaşların dövlət orqanlarının göstərdiyi elektron xidmətlərdən “bir pəncərə” prinsipi əsasında istifadəsinə şərait yaratmaq məqsədilə www.e-gov.az “elektron hökumət” portalı yaradılaraq istifadəyə verilibdir. Hazırda “elektron hökumət” portalına onlarla dövlət orqanının informasiya sistemləri qoşulub və bu qurumların 200-dən artıq elektron xidmətinin portal vasitəsilə həyata keçirilməsi təmin olunubdur. “Elektron hökumət” şlüzü dövlət orqanlarında mövcud olan informasiya sistemlərindən səmərəli istifadəni təşkil etməyə, onlar arasında təhlükəsiz əlaqələrin yaradılması, sorğuların verilməsi, cavablandırılması və elektron xidmətlərin göstərilməsi zamanı informasiya sistemlərində mövcud olan sənədlərin vətəndaşlardan istənilməməsinə imkan verir, şərait yaradır.

Artıq elektron vergi bəyannamələrinin təqdim edilməsi, abituriyentlərin və magistrlərin qəbul imtahanlarına, dövlət qulluğuna qəbul ərizələrinin verilməsi, seçici siyahılarının dəqiqləşdirilməsi, elektron sağlamlıq kartlarının tətbiqi, elektron məktubla müxtəlif dövlət orqanlarına müraciətlərin edilməsi, məlumatların alınması həyatımızın reallığıdır. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 iyul tarixli Fərmanına əsasən yaradılıbdır. Dövlət Agentliyi fəaliyyət istiqamətlərinə uyğun olaraq, Azərbaycan Respublikasında “ASAN xidmət” mərkəzlərinin vahid şəkildə idarə edilməsini, xidmət mərkəzlərində fəaliyyət göstərən dövlət orqanlarının əməkdaşlarının fəaliyyətinin əlaqələndirilməsini, nəzarət və qiymətləndirmənin aparılmasını, dövlət orqanlarının informasiya bazalarının qarşılıqlı inteqrasiyasını, elektron xidmətlərin təşkili prosesinin sürətləndirilməsini, bu sahədə idarəetmə sisteminin təkmilləşdirilməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

Azərbaycanda informasiya cəmiyyətinin formalaşmasına dövlət qayğısı, informasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı, onun xalqımızın rifahına xidmət edən aparıcı amilə çevrilməsi ölkəmizin gələcək perspektivlərinə hesablanmış siyasətin tərkib hissəsidir. Ölkədə ən son texnoloji yeniliklərin tətbiq edilməsi, internetə simli, simsiz, mobil texnologiyalarla çıxış imkanlarının yaradılması bunun bariz nümunələrindəndir. Ölkəmizdə informasiya və kommunikasiya texnologiyalarının inkişaf dinamikası, uğurla həyata keçirilən neft strategiyası nəticəsində ölkəyə olan inamın artması, beynəlxalq qurumlarla uğurlu əməkdaşlıq nümunələri, yüksək texnologiyaya əsaslanan iqtisadiyyatın formalaşması üzrə qarşıya qoyulan vəzifələr, dövlət siyasətinin tərkib hissəsi kimi informasiya və kommunikasiya texnologiyaları sahəsinə göstərilən böyük diqqət və qayğı, ölkəmizin yaxın gələcəkdə yüksək texnologiyalar sahəsində böyük uğurlar qazanacağına zəmanət verir.

Müəllif: İnam Hacıyev

6.3.13. "İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi"

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin dəstəyi ilə hazırlanmışdır.

Bütün xəbərlər Facebook səhifəmizdə