Azərbaycan Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi siyasi islahatları Ulu Öndər Heydər Əliyevin cəmiyyətin birliyinin təmin edilməsi uğrunda atdığı addımların məntiqi davamı adlandırmaq olar. Ölkəmizin daim yeniləşən, müasirləşən siyasi həyatında partiyaların təşəbbüslərlə, yeni təkliflərlə çıxış etməsini də dövlətimizin sağlam siyasi mühiti formalaşdırmaq istəyindən irəli gəldiyini deyə bilərik. Siyasi sistemin komponentləri arasında dialoq, anlaşma, ümumi məsələlərdə birgə fəaliyyət çox önəmlidir. Əlbəttə bunlar olmadan cəmiyyətdə birliyini təmin etmək mümkün olmaz. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ölkə daxilində sabitliyin, sağlam siyasi mühitin yaradılmasında məqsədi cəmiyyətdə birliyi, partiyalar arasında anlaşmanı təmin etməkdir. Bu birlik həm də ölkənin iqtisadi inkişafı, xarici əlaqələrin genişlənməsi, tərəfdaşların etimad və etibarını qazanmaqdır.
Vətən Müharibəsinin ikinci günündə, 29 sentyabr 2020-ci ildə bütün siyasi partiyaların bir araya gəlməsi, vahid mövqedən çıxış etməsi xalq-dövlət həmrəyliyi ilə yanaşı, siyasi təfəkkürün formalaşmasından xəbər verdi. Birgə bəyanatda Ermənistanın işğalçı siyasəti şiddətlə qınandı, mülki əhalinin hədəfə alınması faktı insanlığa qarşı cinayət kimi qiymətləndirildi. Ermənistanın işğalçılıq siyasəti pisləndi, münaqişəni sülh yolu ilə həll etmək istəmədiyi, beynəlxalq hüququn norma və prinsiplərinə məhəl qoymadığı Azərbaycana qarşı daima ikili standartlar tətbiq edən beynəlxalq təşkilatların, keçmiş həmsədr dövlətlərin diqqətinə çatdırıldı. Siyasi partiyaların bəyanatı ölkənin taleyüklü məsələlərində bir yumruq şəklində birləşməyin, məsuliyyəti bölüşməyin təzahürü kimi təqdim etmək doğru olar. Milli məsələlərdə partiyaların bir mövqedən çıxış etmələri artıq ənənə şəklini alıb. Şuşa Bəyannaməsi də həmin ənənənin müsbət tərəflərindən qaynaqlandığını demək olar.
Bu hadisələr bir daha sübut edir ki, cəmiyyətimiz sağlamdır və bu mühitin yaranmasında dövlətimizin başçısı İlham Əliyevin müstəsna xidmətləri var. Sağlam düşüncəli insanların haqq və ədalət naminə şəxsi ambisiyalardan imtina etməsi və milli maraqlardan çıxış edərək vahid qüvvə halına gəlməsi gözləniləndir. Əlbəttə, dövlətimiz tərəfindən formalaşdırılan sağlam siyasi mühit, etimad və etibar cəmiyyətimizin iqtidar və müxalifət cəbhələrinə bölünməsinə mane olan ən böyük amillərdir. Əksini düşünənlər isə bizə yad, düşmən olan qüvvələrdir. İkinci Qarabağ müharibəsi cəmiyyətin birliyinə, bütövlüyünə, düşmənə qarşı bir yumruq kimi birləşməsinə etinasız qalan partiyalar isə ümummilli dəyərlərə sahib çıxmaq imtahanından kəsildilər. Tarixi məqamda siyasi dialoqdan uzaq duranların xalqın adından danışması isə absurddur.
Birlik müvəqəti olmur, davamlı olanda isə ölkənin hərtərəfli inkişafı barədə düşünməyə əsas yaranır. 2020-ci ildən başlanan və siyasi partiyalarla dövlət qurumarı arasında dialoq mühitinin formalaşması ötən müddət ərzində bir sıra qürurverici hadisələrlə yadda qalıb. Bu gün elə siyasi partiya olmaz ki, hazırkı durumdan narazılıq etsin. Deməli, sağlam və anlayışlı dialoq üçün bir tərəfin yox, hər iki tərəfin bir-birinə doğru addım atması lazımdır.
Ötən həftə ölkədə fəaliyyət göstərən siyasi partiya nümayəndələri, tanınmış politoloq və siyasi şərhçilər, habelə internet televiziya kanallarının rəhbərləri, qəzet redaktorları və digər jurnalistlərin işğaldan azad edilmiş torpaqlarımıza növbəti birgə səfəri cəmiyyətimizdə siyasi birliyin növbəti nümunəsi idi. Prezident Administrasiyasının təşkilatçılığı ilə baş tutan səfərə siyasilərin münasibətindən də görünür ki, sağlam əməkdaşlıq mühitinin formalaşması, habelə konstruktiv münasibətlərin bərqərar olunmasına xidmət edən layihə uğurla həyata keçirilib və Prezident İlham Əliyevin dövlət siyasətində bu kimi dəyərlərə üstünlük verməsi Azərbaycanın bütün mənalarda inkişaf perspektivlərindən xəbər verir. Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev siyasi dialoq mühitinin formalaşmasında Prezident İlham Əliyevin təşəbbüsünün önəmli rol oynadığını xüsusi olaraq vurğulayıb, həmrəylik mühitinin strateji əhəmiyyəti və mövcud istiqamətdə görülmüş işlər haqqında geniş məlumat verib. Ölkənin bütün əsas siyasi partiyalarının Xankəndi şəhərindəki Zəfər meydanında bir yerdə toplanmasını siyasi tariximizin ən önəmli hadisəsi adlandıran Ə.Vəliyev bunu vətənpərvər qüvvələri birləşdirən əsas amil hesab edib. O, siyasi partiyalar arasında müzakirələrin və dialoqun cəmiyyətin müxtəlif təbəqələrinin maraqlarını ifadə etməsi üçün vacib olduğunu vurğulayaraq, bu prosesin Azərbaycan demokratiyasının inkişafına töhfə verəcəyini qeyd edib. Əlbəttə, partiyalar arasında dialoqun müsbət nəticələrə gətirəcəyi hər kəsdə əminlik yaradır.
2022-ci ilin dekabrında qəbul edilmiş “Siyasi partiyalar haqqında” yeni Qanun ölkənin partiya sisteminin keyfiyyətcə daha böyük inkişafına zəmin yaradır, siyasi partiyaların ilkin imkanlarını tarazlaşdırır və partiyaların yeni siyasi konfiqurasiyanın formalaşması prosesində aparıcı instituta çevrilməsinə xidmət edir. Bu müsbət ənənə daha sıx şəkildə davam etdirilir, artıq siyasi mühitin yeni standartlara, yeni çağırışlara uyğun inkişafı üçün əsaslı zəmin formalaşıb. Qəbul edilmiş yeni qanun siyasi partiyaların fəaliyyətində əsaslı dönüş və inkişaf yaradıb. Siyasi dialoqun uğurla inkişaf etdirilməsi isə bu mənada xüsusi əhəmiyyət daşqıyır.
Azərbaycanda fəaliyyət göstərən siyasi təşkilatların bir araya gəlməsi, məsələləri “dəyirmi masa” arxasında müzakirə etməsi, problemlərin həlli istiqamətlərini birgə müzakirələr aparması bütün cəmiyyət tərəfindən dəstəklənir. Artıq ölkədə yeni siyasi konfiqurasiya formalaşıb. 2019-cu ilin noyabrında Prezident Administrasiyasında Siyasi partiyalar və qanunverici hakimiyyət ilə əlaqələr şöbəsinin yaradılmasından ötən dövr ərzində siyasi partiyalarla əlaqələr genişləndirilib, bir sıra partiyaların problemləri həll edilib. Bu prosesdə təbii ki, yeni yaradılmış şöbənin və onun rəhbərliyinin kifayət qədər əhəmiyyətli rolu var.
Xatırladaq ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə siyasi münasibətlər müstəvisində təşviq olunan sağlam siyasi dialoq mühiti çərçivəsində təşkil olunan bu səfər sayca beşincidir. Bundan öncə ölkə siyasilərinin, partiya rəhbərlərinin və politoloqların ilk birgə səfəri 2021-ci ilin martın 17-də Ağdam şəhərinə, ikinci birgə səfəri 2021-ci il oktyabrın 7-də Şuşa şəhərinə və və Zəngilana təşkil olunub.
V.VƏLİYEV
Bütün xəbərlər Facebook səhifəmizdə