Xocalı soyqırımı qurbanlarının xatirəsi Çində anılıb

Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar Azərbaycanın Çindəki səfirliyində anım mərasimi keçirilib.

SİA xəbər verir ki, diplomatların, Çin ictimaiyyətinin nümayəndələrinin, Çində yaşayan və təhsil alan azərbaycanlıların iştirak etdikləri tədbirdə əvvəlcə səfirliyin ərazisindəki “Xarıbülbül” barelyefinin önünə gül dəstələri qoyulub, Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbir iştirakçıları Xocalı dəhşətlərini əks etdirən fotosərgi ilə tanış olublar.

Azərbaycanın Çindəki səfiri Bünyad Hüseynov Xocalı qətliamının Ermənistanın Azərbaycana təcavüzü tarixində dinc əhaliyə qarşı törədilmiş ən ağır cinayətlərdən biri və 1-ci Qarabağ müharibəsinin ən faciəli səhifəsi olduğunu vurğulayıb. Bildirib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə uşaq, qadın və ahıllar da daxil olmaqla 613 nəfər qətlə yetirilib, 1275 nəfər girov götürülüb, 150 nəfərin taleyi hələ də məlum deyil. Erməni rəhbərlərinin etiraflarına görə, dinc əhalinin məhv edilməsi əməliyyatı bir neçə həftə ərzində hazırlanıb. Ermənistan silahlı qüvvələrinin Xocalı şəhərinin işğalı zamanı törətdikləri vəhşiliklər beynəlxalq media və təşkilatlar tərəfindən sənədləşdirilib.

Diplomat Xocalı faciəsinə ilk dəfə siyasi-hüquqi qiymətin verilməsinin xalqımızın Ümummilli Lideri Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra mümkün olduğunu diqqətə çatdırıb. Azərbaycan dövləti Ermənistanın azərbaycanlılara qarşı törətdiyi cinayətlərin, o cümlədən Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırımı kimi tanınması üçün ardıcıl iş aparır. Heydər Əliyev Fondunun xətti ilə geniş vüsət almış “Xocalıya ədalət!” kampaniyası çərçivəsində dünyanın müxtəlif yerlərində çox sayda tədbir, təqdimat həyata keçirilib, kitablar, məqalələr dərc edilib, sərgilər təşkil olunub.

Qeyd olunub ki, Azərbaycan xalqı erməni şovinistlərinin etnik təmizləmə, soyqırımı siyasətinə məruz qalıb, tarixi torpaqlarından qovulub.

“Son illər Xocalı faciəsini fərqli hisslərlə yad edirik. Qaçqın, köçkün sözləri “Böyük qayıdış” ifadəsi ilə əvəz olunub. Xocalıda qətliam törədən canilərin bir qismi artıq ədalət mühakiməsinə çıxarılıb. Əminik ki, bu soyqırımının törədilməsində əli olan digər canilər də layiqli cəzalarına çatacaqlar”, - deyən B.Hüseynov əlavə edib ki, 2023-cü ildə həyata keçirilmiş antiterror tədbirləri nəticəsində Azərbaycanın bütün ərazilərində dövlət suverenliyi və Konstitusiya quruluşu bərpa edilib. 2023-cü il oktyabrın 15-də Xocalıda Azərbaycan Bayrağı ucaldılıb. Xocalıda qətlə yetirilmiş sakinlərin xatirəsi 2024-cü ilin fevralın 26-da ilk dəfə olaraq Xocalı şəhərində anılıb. Azərbaycan Prezidenti İlham Əliyev Xocalı qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədilə Xocalı Soyqırımı Memorialının təməlini qoyub, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

Tədbirdə işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma işləri nəticəsində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyatın bərpa olunduğu, Böyük Qayıdış Proqramının icra edildiyi diqqətə çatdırılıb.

Tədbirdə Xocalı soyqırımına, Qarabağ və Şərqi Zəngəzurun bərpasına dair videolar nümayiş olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə