Azərbaycanlıların doğma torpaqlarına qayıdışı Bolqarıstan mətbuatında...

Ermənistanın təcavüzü nəticəsində yurdlarından didərgin edilmiş azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz dogma torpaqlarına qayıdışı məsələsi Bolqarıstan mətbuatında geniş işıqlandırılb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, dərc edilmiş məlumatlarda 700 mindən artıq azərbaycanlının vaxtı ilə işğal edilmiş Azərbaycanın Qarabağ və yeddi ətraf rayonundan və 300 mindən çox soydaşımızın Ermənistandan qovulduğu, onlara məxsus ev və mülklərin tamamilə talan edilərək məhv edildiyi, bu qaçqın və məcburi köçkünlərin uzun illər sərt iqlim şəraitində çadır şəhərciklərində və vaqonlarda yaşamalı olduğu diqqətə çatdırılır, onların müharibə başa çatdıqdan sonra öz Vətənlərinə geri qayıtmaq həsrətində olduqları, lakin işğalçılar tərəfindən bütün yaşayış infrastrukturların dağıdılması və ərazilərin kütləvi şəkildə minalanması bu prosesi ciddi ləngitdiyi vurğulanır.

Minatəmizləmə ilə bağlı beynəlxalq dəstəyin aşağı səviyyədə olduğu və 30 ilə yaxın işğal altında saxlanılan müddətdə bu ərazilərdə basdırılan 1,5 milyon minaların son 4 ildə cəmi 56 mininin zərərsizləşdirildiyi barədə məlumat verilir.

Məlumatlarda həmçinin, Ermənistandan qaçqın düşən etnik azərbaycanlıların öz yurdlarına qayıtmasına beynəlxalq diqqətin tələb olunduğu, belə ki müharibə başa çatdıqdan sonra Ermənistandan olan azərbaycanlı qaçqınları təmsil edən - Qərbi Azərbaycan İcmasının Ermənistan hökumətinə müraciət edərək onların Ermənistandakı öz doğma evlərinə qayıtmasına şərait yaratmağı xahiş etdiyi, lakin Ermənistan hökumətinin onların müraciətinə hələ də cavab vermədiyi və bunun əksinə olaraq, Azərbaycan dövlətinin Azərbaycan vətəndaşlığını qəbul etdikləri təqdirdə Qarabağı könüllü tərk etmiş etnik ermənilərin geri qayıdışını təmin etməyə hazır olduğu diqqətə çatdırılır.

Azərbaycanlı qaçqınların öz doğma yurdlarına repatriasiyasının həyata keçirilməsinin regionda sülh və sabitlik, eləcə də xoşməramlı əməkdaşlıq və birgəyaşayış üçün mühüm amil olduğu yayılmış məlumatlarda xüsusi vurğulanır.

Bütün xəbərlər Facebook səhifəmizdə