TÜRKPA-nın iclasının iştirakçıları Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər
TÜRKPA üzv parlamentlərinin Səhiyyə komitələri sədrlərinin ikinci iclasının iştirakçıları yanvarın 22-də Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər. SİA xəbər verir ki, iclas iştirakçıları Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla anıb, məzarı önünə tər güllər düzüblər.
Sonra iclas iştirakçıları Şəhidlər xiyabanını ziyarət ediblər. Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda mübarizədə canlarını qurban vermiş qəhrəman Vətən övladlarının əziz xatirəsi ehtiramla yad edilib, məzarları üzərinə tər güllər düzülüb.
Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verilib.
Daha sonra Bakıdakı “Türk şəhidliyi” abidəsi ziyarət edilib. Azərbaycanın istiqlaliyyəti uğrunda canlarından keçən, Azərbaycan-Türkiyə qardaşlığının əbədiliyini, sarsılmazlığını əks etdirən bu məzarlıqda uyuyan qəhrəman və fədakar türk qardaşlarımızın əziz xatirəsi anılıb, abidənin önünə gül dəstələri düzülüb.
Qeyd edək ki, bu gün Bakıda keçiriləcək TÜRKPA üzv parlamentlərinin Səhiyyə komitələri sədrlərinin ikinci iclasının əsas mövzusu “İqlim dəyişmələri və sağlamlıq: Qanunvericilikdə iqlim dəyişmələrinin sağlamlığa təsirlərinə dair cavab tədbirləri”dir.
Bütün xəbərlər Facebook səhifəmizdə