Koreya Respublikasının parlamenti Prezident Yun Sok-Yola impiçment elan edib. SİA xəbər verir ki, bunu parlamentin spikeri Vu Von Şik deyib.
Səsvermədə 300 deputatın hamısı iştirak edib və onlardan 204-ü impiçmenti dəstəkləyib, 85 nəfər prosesin əleyhinə çıxıb, üç nəfər bitərəf qalıb, səkkiz nəfərin səsi isə etibarsız sayılıb.
Bundan sonra Konstitusiya Məhkəməsi ya impiçmenti təsdiqləyəcək, ya da Yun Sok Yolun vəzifəsinə bərpa olunması barədə qərar qəbul edəcək. Bu proses altı ayadək vaxt apara bilər.
Yun Sok Yol isə öz növbəsində parlamentin hərbi vəziyyətin ləğvi tələbinə tabe olduğu üçün qanunları pozmadığını iddia edib.
Müxalifətin fikrincə, ölkədə hərbi vəziyyətin tətbiqi üçün heç bir əsas olmayıb. Konstitusiyaya görə, dövlət başçısının yalnız müharibə, hərbi münaqişə və ya milli miqyaslı fəlakət zamanı ictimai asayişi qorumaq üçün hərbi vəziyyət elan etmək hüququ var.
Xatırladaq ki, Koreya Respublikasının Prezidenti Yun Sok Yol müxalifəti qiyama yönələn fəaliyyətdə günahlandıraraq dekabrın 3-də gecə saatlarında ölkədə fövqəladə hərbi vəziyyət rejimi elan edib. Dekabrın 4-nə keçən gecə məsələ parlamentdə səsverməyə çıxarılıb və prezidentdən hərbi vəziyyətin ləğv olunmasını tələb edən qətnamə qəbul olunub. Nəticədə dövlət başçısı təxminən 6 saat davam edən hərbi vəziyyət rejimini ləğv etmək məcburiyyətində qalıb.
Bütün xəbərlər Facebook səhifəmizdə