“Gürcüstanda hazırki proseslərin baş verəcəyini öncədən proqnozlaşdırmışdıq. Hətta Qərb siyasi dairələrinin bəzi təmsilçiləri oktyabrda parlament seçkilərindən öncə açıq şəkildə bildirirdilər ki, seçkilərə ciddi hazırlaşmaq lazımdır. Yəni, Qərb siyasi dairələri Gürcüstandakı seçkilərə ciddi hazırlaşmağın vacibliyini vurğulayırdı. Buna istinad edərək, sözsüz ki, Gürcüstanda iğtişaşların törədiləcəyi, inqilablara cəhd olunacağını bildirmişdik. Bütün bunlar bu gün özünü göstərir. Bundan öncə bir sıra post Sovet ölkələrində, elə Gürcüstanın özündə təşkil olunmuş rəngli inqilabların ssenarisi bu gün növbəti dəfə Gürcüstanda müşahidə olunur. Gürcüstandakı etirazçılar çox ciddi koordinasiya olunan qruplardır və əsasən Qərbin maliyyəsi hesabına fəaliyyət göstərirlər”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Mirbəşiroğlu deyib.
O bildirib ki, Qərbi narahat edən əsas məqam Gürcüstan parlamenti tərəfindən “Xarici agentlər haqqında” qanun qəbulundan sonra onun nəzarətində belə sosial baza, kütlə olmayacaq: “Bu kütlə sayəsində Gürcüstanın daxili siyasi həyatına müdaxilə olunurdu, qərarla təsir göstərildi. Müvafiq qanunun qəbul olunması faktiki olaraq Qərbin Gürcüstan üzərində nəzarətinin aradan qalxması demək idi. Buna görə də Qərb qanunu süngü ilə qarşıladı, qanunun qəbulundan sonra Gürcüstanın Avropa İttifaqına üzvlüyü yolunun bağlanacağı bildirildi. Qərb Gürcüstanla bütün əlaqələrə yenidən baxacağını göstərdi. ABŞ-ın Gürcüstanla strateji tərəfdaşlığı dayandırdığını bildirməsi bunu aydın şəkildə sübut edir. Buna görə də hazırki vəziyyətdə Gürcüstan hökumətinin Avropa İttifaqına üzvlüklə bağlı mövqe sərgiləməsi əslində Qərbin bir neçə ay öncə sərgiləmiş olduğu mövqelərə adekvat reaksiya idi.
Əslində burada Qərb üçün narahatlıq doğuran məqam yoxdur. Gürcüstan hökuməti 2028-ci ilə qədər prosesin davam edəcəyini bildirir.
Rəngli inqilab ssenarisi digər post Sovet ölkələrində bundan öncə müşahidə olunub. Bu gün də eyni proses Gürcüstanda tətbiq olunur. Bu zaman Qərb cəmiyyətin tam təsiri altında olan sosial qruplarını aktiv istifadə edir. Bu isə həm Gürcüstan, həm də region üçün təhlükə yaradır. Çünki Qərb siyasi dairələri özləri üçün loyal olan siyasi rejimlərin formalaşmasında maraqlıdır. Belə rejimlər formalaşdıqdan sonra isə onlardan geosiyasi rəqiblərinə qarşı müqavimət tələb edir. Bu isə bütün Cənubi Qafqaz regionunda gərginliyə səbəb ola bilər. Qərbin əsas məqsədi də məhz budur.
Bu gün Gürcüstanda Qərbin təsiri altında hakimiyyət böhranı yaşanır. Çox nadir hallarda rast gəlinir ki, ölkə prezidenti etirazçıları həvəsləndirsin. Gürcü xalqı regiona uyğun olan mövqe sərgiləyir, Gürcüstanın digər dövlətlərlə əlaqələrinin inkişafının vacibliyi bildirilir”.
Bütün xəbərlər Facebook səhifəmizdə