İqlim dəyişikliyi ilə mübarizədə Azərbaycan-İƏT əməkdaşlığı müzakirə edilib

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Əsəd Məcid Xan ilə görüşüb.

SİA xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, görüşdə Azərbaycan və İƏT arasında mövcud əməkdaşlıq gündəliyində duran məsələlər, iqlim dəyişikliyi ilə mübarizə istiqamətində əməkdaşlığın perspektivləri, habelə ölkəmizin COP29 sədrliyi müzakirə olunub.

Tərəflər arasında BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində keçirilən görüş xatırlanıb, bu kimi təmasların əməkdaşlıq məsələlərinin müzakirəsi baxımından faydalı olduğu diqqətə çatdırılıb.

İƏT çərçivəsində ətraf mühitin qorunması, yaşıl enerji kimi təşəbbüslərin irəlilədilməsinin əhəmiyyəti qeyd olunub.

Qarşı tərəf COP29-un uğurla təşkil olunmasının İƏT üçün qürurverici olduğunu bildirib, bu xüsusda ölkəmizi təbrik edib, sədrlik fəaliyyətində uğurlar arzulayıb.

COP29 çərçivəsində birgə təşəbbüslərin həyata keçirilməsinin regional və qlobal iqlim səyləri baxımından əhəmiyyəti qeyd olunub.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə