"Azərbaycanla bağlı münaqişəli mövzular qəsdən şişirdilir" - RƏYLƏR

“Qərb mediasının Azərbaycana qərəzli münasibəti uzun illərdir davam edir. Daim Azərbaycan əleyhinə saxta, yalan məlumatlar yayımlanır. Bilərək yalan uydurmaq və qarşısındakına şər atmaq Qərbin ardıcıl işinə çevrilib”. Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid deyib.

O bildirib ki, Azərbaycanın inkişafı və uğurları bir çox Qərb dövlətlərini qıcıqlandırır: “Buna görə də hökumətlərdən gələn sifarişlər nəticəsində Azərbaycana qarşı qərəzli yazılar, saxta xəbərlər yayımlanır. Azərbaycanın dünyada artan nüfuzu bir çox ölkələri qane etmir. Ölkə başçısı da çıxışlarında informasiya təhlükəsizliyi məsələsinə tez-tez diqqət çəkir. Azərbaycan ictimaiyyəti və mediası da bu məsələlərdə ayıq-sayıq olmalı, çevik davranmalıdır”.

Məsələ ilə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı, filologiya elmləri doktoru Vüqar Zifəroğlu fikirlərini bölüşüb: “Təəssüf ki, artıq uzun illərdir Qərbin Azərbaycana qarşı informasiya müharibəsi aparmasının şahidi olmaqdayıq. Bu əsasən beynəlxalq media və qeyri-hökumət təşkilatları vasitəsilə aparılır. Aparılan informasiya müharibəsində başlıca məqsəd Azərbaycana təzyiq edərək onun müstəqil, milli maraqlara əsaslanan xarici siyasətini dəyişməyə, regionda strateji maraqları olan ölkələrin hədəfləri doğrultusunda fəaliyyət göstərməyə məcbur etməkdir. Müxtəlif media resurslarında yayılan məlumatlarda Azərbaycanla bağlı münaqişəli mövzular qəsdən şişirdilir və ölkənin imici mənfi təqdim edilir.

Bu informasiya müharibəsinin məqsədi bir neçə istiqamətə yönəlib:

İctimai rəyin təsiri: Qərb ölkələri media resursları vasitəsilə Azərbaycan haqqında mənfi imic formalaşdırmağa çalışır. Bu, beynəlxalq ictimaiyyəti Azərbaycan barədə müəyyən bir rəyə yönləndirmək məqsədi daşıyır və ölkənin daxili və xarici siyasətində təzyiq mexanizmi kimi istifadə olunur.

İnsan hüquqları və demokratiya: Çox vaxt insan hüquqları və demokratiya mövzuları önə çəkilərək Azərbaycanda olan vəziyyət qəsdən şişirdilir və ya yanlış istiqamətdə təqdim olunur. Bu cür addımlar Azərbaycanı Qərb dəyərlərini pozmaqda günahlandırmaq və ölkənin beynəlxalq arenada təcrid olunmasına nail olmaq məqsədi güdür.

Enerji və geosiyasət: Azərbaycan bölgədə strateji enerji mənbəyinə malik olduğundan, Qərb bu cür informasiya hücumlarını ölkəni öz təsir dairəsində saxlamaq və ya müəyyən güzəştlərə nail olmaq üçün istifadə edir. Bu informasiya müharibəsi vasitəsilə Azərbaycanı beynəlxalq enerji layihələrində, xüsusən də Avropa ilə enerji təminatında təzyiq altında saxlamaq məqsədi güdülür. Azərbaycan üçün bu cür informasiya hücumlarına qarşı əks tədbirlər görmək və beynəlxalq arenada ölkənin müsbət imicini qorumaq vacibdir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə