"Gürcüstanla bağlı müxtəlif əks qərarlar qəbul edilir" - MÜNASİBƏT BİLDİRİLDİ

"Gürcüstanla bağlı müxtəlif əks qərarlar qəbul edilir" - MÜNASİBƏT BİLDİRİLDİ

"2003-cü ildə Saakaşvilinin hakimiyyətə gəlməsindən indiyə qədər Qərbin Gürcüstandakı siyasətinin məqsədi bu ölkəni Rusiyanın təsiri altından çıxarmaq və Qərbin strukturlarına tam şəkildə birləşdirməkdir". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Aydın Quliyev deyib.

O bildirib ki, Saakaşvilinin dövründə bu istiqamətdə işlər demək olar ki, səkkiz il onlara lazım olan forma və səviyyələrdə getdi: "Ancaq sonradan Saakaşviliyə verilən dəstək ya metodiki səhvlik ucbatından, ya da məqsədli şəkildə müəyyən fasilələr verildiyinə görə Gürcüstanda hakimiyyət yenidən başqa qütbə işləyən qüvvələrin əlinə keçdi. O vaxtdan indiyə qədər də Qərbin Gürcüstandakı vəziyyəti dəyişmək hakimiyyətə yenidən qərbyönümlü qüvvələri qaytarmaq siyasəti kursu tam gücü ilə davam etdirilir.

Son vaxtlar biz Gürcüstanla bağlı Qərbin siyasətində müxtəlif yanaşmalar görürük. Əgər 2012-cü ilə qədər biz Gürcüstana tam şəkildə dəstək görürdüksə, 2012-ci ildən bu yana Gürcüstanda siyasi proseslər İvanişvilinin monopoliyası altına keçəndən sonra yanaşmalar dəyişib. Gürcüstanla bağlı daha çox təziq siyasəti görürük. Hətta bu yaxınlarda Gürcüstana sanksiyalar da tətbiq olunub. Gürcüstanın baş nazirinin BMT-də keçirilən tədbirlərdə iştirakının qarşısı alınıb. Ona hətta dəvətnamə verməkdən də imtina ediblər. Bu gün Avropa parlamenti, Avropa Birliyinin müxtəlif strukturları Gürcüstanla bağlı müxtəlif əks qərarlar qəbul edirlər. Hətta sanksiyalar haqqında düşünürlər. Belə bir şəraitdə Qərbin məqsədi Gürcüstanı yenidən qərbyönümlü kursa tam şəkildə qaytarmaq və Rusiya hakimiyyətinin buradakı mövqelərini tam sarsmaqdır. Əlbəttə, bu istiqamətdə Qərb o qədər konkret əhval-ruhiyyədə fəaliyyət göstərir ki, bu siyasətin Gürcüstanda nəyə gətirib çıxaracağı onlar üçün önəmli deyil".

Onun sözlərinə görə, Gürcüstanı Rusiyanın himayəsindən qoparmaq üçün hər nə desən razılaşacaqlar: "Hətta bu siyasətin sonunda Gürcüstanda vətəndaş müharibəsi törədiləcəyi, qarşıdurmalara, xaosa gətirib çıxaracağı, hətta Gürcüstanla Rusiyanın qarşıdurmasının yenidən başlanması belə baş verəcəksə, ona da getməyə hazırdırlar. Çünki müasir dünyada geosiyasi qarşıdurmalar və mübarizələr açıq şəkil alıb. Qərb də gizlətmir ki, onun hədəfi Gürcüstanı Rusiyanın təsirindən qoparıb Qərbə birləşdirməkdir. Bu yolda hər şeyi önlərinə alıblar. Amma gürcü cəmiyyəti və xalqının hansı rol oynayacağını biz oktyabrın 26-da seçkilər zamanı görəcəyik.

Oktyabrın 26-da Ermənistanın xüsusi həlledici rolu ola bilər. Çünki Ermənistan özü də Qərblə inteqrasiya siyasəti götürdüyünə görə Gürcüstandakı qərbpərəst qüvvələrə təbii müttəfiqi kimi baxır. Ermənistan hakimiyyəti Gürcüstandakı hadisələrə münasibətdə Gürcüstandakı erməni diasporu ilə birlikdə pərdə arxasında çox aktiv rol oynaya bilərlər. Gürcüstanın bu günü qeyri-müəyyəndir. Sabahının isə necə olacağını oktyabrın 26-da görəcəyik".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə