"Azərbaycan var olduqca şəhidlərimizin əziz xatirəsi daima uca tutulacaq" - MÜNASİBƏT BİLDİRİLDİ

"27 sentyabr Vətənimizin müdafiəsində və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman hərbiçilərimizin, mülki insanlarımızın ümumilikdə bütün şəhidlərimizə olan dərin ehtiramın ifadəsidir". Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Azər Bayramov deyib.

O bildirib ki, Vətən müharibəsi Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılmışdır: "Eynilə də bizim şanlı tariximizdir. Şəhidlər və qazilər isə qürur mənbəyimizdir. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərən hərbiçilərimiz, eyni zamanda arxa cəbhədə əlindən gələni əsirgəməyən mülki insanlarımız, bütövlükdə Azərbaycan xalqının əzmi və iradəsi, vahid komandanlığı ilə birlikdə yumruq kimi birləşərək həmrəylik nümayiş etdirmişdir. Bu da qələbənin əldə olunmasında əsas rol oynamışdır. Azərbaycan xalqı hər zaman şəhidlərimizin ruhuna hörmətlə yanaşmış və xatirəsini uca tutmuşdur. Vətənimizin müdafiəsində qəhrəmancasına döyüşmüş, bayrağımızı işğaldan azad edilmiş torpaqlarda dalğalandırmış, ölkəmizin bütövlüyü uğrunda canlarını əsirgəməmiş, əsgər və zabitlərimizə, eyni zamanda bütün şəhidlərimizə olan vəfa borcudur. Şəhidlərimiz hər zaman Azərbaycan xalqının qəlbində daima yaşayacaqdır. Xüsusilə, qeyd etməliyik ki, şəhid və qazilərimizin qəhrəmanlıq və fədakarlığı nəticəsində biz işğaldan azad edilmiş torpaqlarımıza qayıdırıq".

"27 sentyabrda təkcə Azərbaycanda deyil, həm də bütün dünya azərbaycanlıları tərəfindən Vətənimiz uğrunda canından keçən şəhidlərimizin xatirəsi dərin hörmət və ehtiramla anılır. 27 sentyabrı Anım Günü ilə yanaşı eyni zamanda Zəfərə gedən yolun başlanğıcı, Zəfər və iftixar, qürur kimi qeyd edirik. Anım Günündə məhz Azərbaycan xalqının uşaqdan böyüyə hər birinin Fəxri Xiyabana üz tutması şəhidlərimizə olan ehtiramın göstəricisidir. Azərbaycan var olduqca şəhidlərimizin əziz xatirəsi daima uca tutulacaq. Allahdan bütün şəhidlərimizə rəhmət, Vətən uğrunda sağlamlığından keçən qazilərimizə şəfa diləyirəm" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə