"Həmin qüvvələr istifadə etdikləri erməniləri lazımsız əşya kimi tullayıblar" - ŞƏRH EDİLDİ

"Ermənistanın qatıldığı siyasi oyunlar bir sıra nəticələr doğura bilər. Hər şeydən əvvəl bu proses Ermənistanın özü üçün fəlakətlə nəticələnər". Bu fikirləri SİA-ya açıqlamasında deputat Musa Qasımlı deyib.

O bildirib ki, Ermənistan bugün Rusiya ilə Qərb arasında futbol meydanındakı topa çevrilib, müstəqil xarici siyasət yürüdə bilmir və belə vəziyyət Ermənistanı acınacaqlı vəziyyətə salar. Ermənistan Qərbin köməyi ilə Rusiyanı Qafqazdan sıxışdırmaq prosesində iştirak edir, amma Ermənistan ərazisində Rusiyanın hərbi bazası var, bu ölkənin İran və Türkiyə ilə sərhədini Rusiya sərhədçiləri qoruyur. Ermənistan bir tərəfdən özünü Qərbin yanında olan kimi göstərir, digər bir tərəfdən Ukrayna ilə müharibə aparan Rusiyaya qarşı tətbiq edilmiş sanksiyalar məsələsində şübhəli mövqe tutur. Son illərdə Rusiya-Ermənistan ticarətinin həcminin artması bu məsələdə çoxlu suallar yaradır".

M.Qasımlı əlavə edib ki, Ermənistanın öz ərazisinə Amerikan hərbi qüvvələrini, Avropa İttifaqı müşahidəçilərini gətirməsi regionu yenidən gərginlik mənbəyinə sürükləyir: "Belə davam edərsə, qarşıdakı illərdə geosiyasi şəraitdən asılı olaraq biz Cənubi Qafqazda yeni qanlı hadisələrin şahidi ola bilərik. Ermənistan hakimiyyəti başa düşməlidir ki, bu ölkənin gələcəyi qonşularla dil tapmaqdan, mehriban şəraitdə davranmaqdan keçir. Ermənilərin bədbəxtliyi bu regionda qonşu yaşadıqları haqlarla mehriban münasibətlər qurmaqdan imtina edib, üçüncü qüvvəni regiona gətirmələri ilə bağlıdır. Həmin qüvvələr isə son anda istifadə etdikləri erməniləri lazımsız əşya kimi tullayıblar".

Müəllif: Günay Pənahova

Bütün xəbərlər Facebook səhifəmizdə