İran, Şoyqu və Zəngəzur dəhlizi - ANALİTİK

Azərbaycan Ermənistandan sülh tələb edir, münaqişəni, müharibəni, qarşıdurmanı rədd edir. Bu barədə ölkəmizin həm rəsmi, həm də qeyri-rəsmi dairələrində fikirlər üst-üstə düşür. 30 illik münaqişənin sonlandırmaq üçün Bakı bütün imkanlardan istifadə edir. Amma İrəvan hələ də vaxtı uzadır, revanşist addımlarla özünü ümidləndirir, silahlanır, Avropada, Asiyada özünə tərəfdaşlar toplamağa can atır. Nəticə isə eynidir, Azərbaycan əzəli torpaqlarını heç kimə peşkəş vermək niyyətində deyil. Müharibə ilə gələnin isə aqibətini gördük…

Bu gün hər kəs sülhdən danışır, əlbəttə, bura Ermənistanı və əksər erməniləri aid etmək olmaz. Azərbaycan sülh üçün bəzi şərtlər irəli sürür və şərtlər beynəlxalq sənədlərlə oxşarlıq təşkil edir. Yəni iki dövlət bir-biri ilə sülh bağlayırsa, tərəflərin ali sənədlərində, yəni konstitusiyasında qarşı tərəfə ərazi iddiaları olmamalıdır. Ermənistanda isə nəinki Azərbaycana, hətta qardaş Türkiyəyə də ərazi iddiaları var. Bu isə sülhlə bir araya sığmır. Eyni zamanda müharibəni bitirmək üçün imzalanmış üçtərəfli Bəyanatın 9-cu bəndinə görə Azərbaycanın qərb rayonları ilə Naxçıvanı maneəsiz birləşdirən Zəngəzur dəhlizinin açılması nəzərdə tutulub. Amma ötən 3 il yarım ərzində Ermənistan nəinki infrastrukturun yaradılmasına cəhd etməyib, hətta bütün danşıqlarda bunun mümkünsüzlüyünü dilə gətirib ki, bu da qəbul edilmiş sənədlə bir araya sığmır. İrəvan bununla ən azından öz nüfuzunu ayaqlar altına atır.

“Söhbət Konstitusiyanın Azərbaycanın təzyiqi altında dəyişdirilməsindən deyil, seçicilərin bir suala cavab verməsindən gedir: Siz sülh istəyirsiniz, yoxsa Azərbaycanla yeni qarşıdurma üçün fürsət? Əgər Ermənistan hakimiyyəti sualı bu cür qoyarsa, düşünürəm ki, referendumda iştirak edəcək Ermənistan vətəndaşlarının əksəriyyəti sülhü dəstəkləyəcək”, – bunu müsahibəsində Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi, səfir Elçin Əmirbəyov deyib o bildirib. O, əlavə edib ki, biz əmin olmaq istəyirik, sülh sazişi keçmişdə olduğu kimi gələcəkdə revanşizmi və ya Azərbaycana qarşı hər hansı ərazi iddialarını mümkünsüz edəcək bir növ sarsılmaz sazişdir əlavə edib.

Prezidentin xüsusi nümayəndəsinin sözlərinə görə, hazırda danışıqları asanlaşdıran amillərdən biri də odur ki, hər iki tərəf qalan məsələlərdən ən mübahisəli olanını – Azərbaycanın qalan hissəsini onun eksklavı olan Naxçıvanla birləşdirəcək nəqliyyat marşrutlarının təşkili, yəni Zəngəzur dəhlizi məsələsini həll etməyə razılaşıb. “Biz qarşılıqlı razılaşma əsasında bu bəndi sülh sazişindən çıxarmaq və onun müzakirəsini sonrakı mərhələyə keçirmək qərarına gəldik. Beləliklə, biz onu mətndən çıxarmağa qərar verdik, lakin bunun ölkələrin gələcəkdə müzakirə etmək və ümumi razılığa gəlmək üçün qayıda biləcəyi məsələlərdən biri olması faktını hələ də mətndə əks etdirə bilərik”, – o qeyd edib.

Deməli, Zəngəzur dəhlizi prioritet olsa da, hələlik gündəmdə deyil. Əsas məsələ sülhdür. Naxçıvana yol yox deyil. Bu gün işlək vəziyyətdə olan, sabah isə yenisi ilə əvəzlənəcək İran üzərindən keçid var. Münasibətlər də yüksək səviyyədədir. Amma bəzi dövlətlər var ki, hərəkətləri ilə ya bunu ləngidir, ya da dəhlizin açılmasını tezləşdirmək istəyir. Əlbəttə, hər iki tərəf öz maraqlarından çıxış edir və bir-birinə heç də dost münasibətdə deyillər. Bunlar Rusiya və ABŞ-dır. Hər iki tərəfin öz maraqları və meyarları var. Yəni söhbət Zəngəzur dəhlizinin də içində olduğu Orta Dəhlizə kimin nəzarət etməsindən gedir. Hər iki tərəfin savaşı bunun üstündədir.

Şoyqunun İran səfəri…

Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun Bakıya gəlməzdən əvvəl İranda səfərdə oldu. İran-İsrail gərginliyinin pik həddə olduğu bir vaxtda Rusiyanın yüksək çinli məmurunun Tehrana səfəri özü ilə birgə çoxlu suallar yaradıb. Ən böyük sual da,Şoyqunun İrandan birbaşa Bakıya gəlməsidir. Şoyqu səfər zamanı İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi, Silahlı Qüvvələrinin Baş Qərargah rəisi və prezident Məsud Pezeşkianla görüşlər keçirib. Təhlükəsizlik, ticarət-iqtisadi layihələr, eləcə də qlobal və regional təhlükəsizlikdən başqa, Tehranın Moskvadan konkret istəkləri də olub. Təbii ki, İran indiki halda Rusiyadan yalnız silah istəyə bilər və istəyib. “Su-35” qırıcıları, hava hücumundan müdafiə sistemləri, radar qurğuları ilk sırada dayanır. Bəzi növlərdə razııq əldə olunsa da “Su-35” qırıcılarının İrana satışı hələlik real görünmür.

Rusiya indiki məqamda genişmiqyaslı İran-İsrail müharibəsinin olmasını istəmir. Prezident Vladimir Putin İranın dini lideri Ayətullah Xameneidən HƏMAS-ın siyasi liderinin Tehranda öldürülməsinə sakit cavab verməsini və İsrailin mülki obyektlərini hədəf almamağı xahiş edib. Total bir müharibə gərginliyin arealını genişləndirə, prosesə başqa oyunçuları cəlb edə bilər. Bu zaman Rusiya İranı qorumalı olduğu üçün prosesin böyüməsində maraqlı deyil. Digər tərəfdən, İran-İsrail gərginliyi Cənubi Qafqaza da sıçraya bilər. Digər tərəfdən Yaxın Şərqdə gərginlik, müharibə ab-havası Rusiyaya sərf edir. Əvvəla, Rusiya bu yolla böyük ölçüdə silah satışı gerçəkləşdirə bilər. İran artıq Rusiyanı arzularına çatdırır, bahalı silahlar istəyir, “Hizbullah” və HƏMAS-a da silah tədarükü edilə bilər. Bununla da Rusiya Ukraynada itirdiklərini və müharibə zamanı “qazandığı” sanksiyalar səbəbindən sata bilmədiklərini bu gün rüallaşdıra bilər. İkincisi, nə qədər ki, İran-İsrail qarşıdurması sözdən total müharibə fazasına keçməyib ABŞ regiona diqqətini artıra bilər. Hazırda isə Rusiya Ukraynada üstünlük əldə edib və bunu Yaxın Şərqə də daşımaq istəyir.

Şoyqu Azərbaycan Prezidenti ilə görüşdü

Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunu qəbul edib. Azərbaycan liderinin mətbuat xidmətindən verilən məlumata görə, görüş Bakıda baş tutub. Heç bir təfərrüat verilmir. Avqustun 5-də cənab Şoyqu Tehranda İran prezidenti Məsud Pezeşkianla danışıqlar aparıb. Onlar əməkdaşlıq haqqında razılığa gəliblər, həmçinin Yaxın Şərqdəki münaqişələri və “ABŞ-ın üçüncü ölkələrin işlərinə müdaxiləsini” müzakirə ediblər. Bundan əlavə, Rusiya Təhlükəsizlik Şurasının katibi İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqiri ilə də görüşüb.

İran prezidenti Məsud Pezeşkian Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ilə görüşündə İran hakimiyyətinin HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin qətlinə görə İsrail qarşısında cavab verəcəklərini vəd edib. Pezeşkianın sözlərinə görə, İran münaqişəni gərginləşdirməyə çalışmır, lakin “İsrailin cinayətlərinə” cavab zərbəsi endirmək niyyətindədir. İran prezidenti cənab Şoyqu ilə söhbətində deyib: "İran İslam Respublikası regionda müharibə və böhranın miqyasını genişləndirmək niyyətində deyil, lakin bu rejim öz cinayətlərinə və həyasızlığına mütləq cavab verəcək". Məsud Pezeşkian həmçinin Rusiyanın Fələstin xalqına dəstəyini yüksək qiymətləndirib.

İrandan sonra Azərbaycana səfər edən Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun bu ziyarətləri həm dünya, həm də ölkə ictimaiyyəti arasında ciddi müzakirə yol açıb. Əksər təhlilçilər bu səfəri Rusiyanın İranı dəstəkləməsi kimi dəyərləndirib. Yəni, Rusiya rəsmisi bu addımı atmaqla Vaşinqtona İrana hücum etməmək mesajını verib.

Bəzi şərhçilər isə Rusiyanın indiki vaxtında, Ukrayna ilə aktiv müharibə şəraitində, bütün Qərbin ona qarşı birləşdiyi bir vəziyyətdə İranı dəstəkləməyin onun milli maraqlarına zidd olduğunu bildirirlər. Moskvanın məqsədi İran-İsrail gərginliyini bir az daha artırmaqdır. Bu, ABŞ-ın diqqətini Ukrayna savaşından yayındıracaq və NATO ölkələri bütün diqqətlərini Yaxın Şərqə yönəldəcək. Bu gün bütün dünyada maraqların savaşı gedir. Bəzi dövlətlər üzdə düşmən olsalar da, bəzi məsələlərdə eyni mövqedədirlər. İran da bunun fərqindədir və məhz bu səbəbdən də son zamanlar Rusiyadan kənarlaşıb Avropaya meyllənmək xəttini tutub. Məsələ burasındadır ki, İrana qarşı Qərbin total hücumu İran körfəzində neft daşınmalarını tamamilə dayandıra, ən yaxşı halda isə kəskim məhdudlaşdıra bilər. Bu da dünya bazarında neftin kəskin bahalaşmasına səbəb ola bilər. Nəticədə Orta Dəhliz aktuallaşa bilər. Orta dəhlizə isə nəzarəti Qərblə Rusiya ələ keçirmək uğrunda Yaxın Şərqdəki münasibətlərdən də kəskin mövqe ortaya qoyurlar. Yəni qarşıdurma ondan da betərdir. Amma Cənubi Qafqazın hansı ölkəsi üzərindən bunu etməyə çalışırlar. Əlbəttə, Ermənistan həm Qərb, həm də Rusiya üçün “ələyatım” ölkə sayılır.

Azərbaycanı isə regional lider kimi unutmaq olmaz, Bakının razılığı olmadan regional layihələrin heç birinin həyata vəsiqə qazanmadığını ən yaxşı Qərbdə bilirlər. ABŞ-ın Zəngəzur dəhlizinin açılmasında ciddi marağının olduğu deyilir. Bu mənada gizli danışıqlar versiyasının Vaşinqtonun nəzarətində aparıldığına dair iddialar var. Qeyd olunur ki, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması və sülh müqaviləsinin imzalanması üçün həlli vacib olan məsələlərdən biri də Zəngəzur dəhlizinin açılmasıdır. Məsələ ilə bağlı həm Bakı ilə İrəvan, həm də qlobal güclər arasında müəyyən bir rəqabətin olduğu bildirilir. Regionun əsas ölkələri Rusiya və Türkiyə dəhlizinin açılmasında maraqlıdırlar. Moskva isə ümumiyyətlə dəhlizə özünün nəzarət etməli olduğunu düşünür. Bu nə Bakının, nə Ankaranın, nə də İrəvanın ürəyincədir.

ABŞ isə dəhlizin Ermənistanın suverenliyi çərçivəsində açılmasını istəyir. Vaşinqton Zəngəzur dəhlizinə Ermənistanın nəzarət etməli olduğunu deyir. Suverenlik məsələsində Bakının xüsusi tələbi olmasa da, İrəvanın dəhlizə nəzarət etməsi bizim maraqlarımıza uyğun deyil. Çünki 10 noyabr bəyanatında maneəsiz hərəkət anlaşıyı var. Bunun sıradan çıxmasına icazə verə bilmərik. Amerika Birləşmiş Ştatları Cənubi Qafqazda fəal şəkildə iştirakını genişləndirir və Rusiyanın bu regionda təsirini azaltmağa çalışır. Məhz bu məqsədlə Vaşinqton yeni ticarət yolunun yaradılması üzərində işləyir, onun açılması Moskvanın - eyni zamanda Pekinin və Ankaranın maraqlarına təsir edəcək. ABŞ üçün beynəlxalq münasibətlərdə əsas şey pulların, boru kəmərlərinin və dəhlizlərin hara getməsidir. Demokratiyanın, insan haqlarının qorunması, siyasi proseslərin şəffaflığı kimi məsələlər fundamental xarakter daşımır. Bunlar müəyyən ölkələri istənilən istiqamətə aparmaq üçün istifadə edilən çubuqlardır.

Şoyqunun səfərində əsas məqamlardan biri körfəzdə yaranacaq problem səbəbindən diqqətin Cənubi Qafqaza yönəlməsidir. Nə qədər ki, Rusiya sərhədçiləri İranla sərhədi nəzarətdə saxlayır, həm də İranın başı Yaxın Şərqə qarışıb Zəngəzur dəhlizini işlək vəziyyətə gətirmək lazımdır. Moskva buna çalışır. Əlbəttə, bu versiyalardan biridir, digər bir məsələ isə Amerika ordusunun bəzi hissələdinin Zəngəzurdakı erməni hərbi hissələrinə müxtəlif adlar altında yerləşdirilməsi barədən məlumatların dolaşmasıdır. Gələcəkdə bunun həm Azərbaycan, həm də Rusiya üçün problemlər yaradacağı bəllidir.

V.VƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə