Alətə çevrilənlərdən PRİMİTİV MANİPULYASİYA - TƏHLİL

Alətə çevrilənlərdən PRİMİTİV MANİPULYASİYA - TƏHLİL

Azərbaycanın ərazilərini öz istəkləri və qondarma qurumun, eləcə də İrəvanın təhriki ilə tərk edən və Ermənistana üz tutan ermənilərin ərköyünlükləri, davranışları artıq erməni cəmiyyətini təngə gətirib və bu, onların özlərinə məxsus mətbuat səhifələrində də öz əksini tapır. Görünən odur ki, özlərini məcburi köçkün kimi qələmə verənlər Ermənistan qanunlarına əməl etməməklə, digərlərinin də hüquqlarını pozmaqla özlərinə qarşı ikrah hissi doğurublar və artıq qətiyyən erməni cəmiyyətində xoş qarşılanmırlar. Əksinə, mövcud vəziyyətdən istifadə edərək, eləcə də qondarma qaçqın statuslarını gözə soxaraq, primitiv manipulyasiya etdiklərini Ermənistanda hamı çox yaxşı başa düşür.

Alətə çevrilən ermənilər bütövlükdə erməni cəmiyyətini də bezdirib

Azərbaycana məxsus olan torpaqlarda, Qarabağ iqtisadi rayonunun ərazilərində məskunlaşmış, onillər boyu yaşamış, amma 44 günlük müharibədən və rüsvayçı məğlubiyyətlərindən sonra ərazilərimizi tərk etmiş və Ermənistana üz tutmuş ermənilər çoxdandır ki, könüllü olaraq Ermənistan müxalifətinin alətinə çevrilib. Alətə çevrilən bu kütlənin qanunsuz, ərköyün davranışları təkcə Paşinyan hakimiyyətini deyil, bütövlükdə erməni cəmiyyətini bezdirib və bunun da səbəbi bəllidir. Bəlli olan odur ki, özlərinin guya qaçqın onduqlarını ortaya atanlar, əslində, özlərinə məxsus olmayan torpaqları, həm də öz xoşları ilə tərk etdiklərini elə bil bilmirlər, yaxud unudublar. Amma təkcə onlar deyil, bütün haylar, eləcə də bütün dünya ictimaiyyəti belə yaxşı bilir ki, bizə məxsus olan Qarabağ ərazilərini könüllü şəkildə tərk edənlər Ermənistana müvəqqəti sığınacaq yeri kimi üz tutublar. Məsələ burasındadır ki, onlar sığınacaq bilərək üz tutduqları Ermənistana hələ də sağmal inək kimi baxmaqda davam edirlər. Elə hesab edirlər ki, Ermənistan hökuməti onları daim hər cəhətdən, ələlxüsus da maddi baxımdan təmin etməli, nazları ilə sonsuza qədər də oynamalıdır. Artıq çox açıq-aşkar şəkildə hiss olunur ki, təkcə hökuməti deyil, eləcə də yerli vətəndaşları da özlərinə borclu hesab edirlər və bunu gizlətmirlər də. Onlar elə hesab edirlər ki, Ermənistan vətəndaşları, sadəcə olaraq, onları qucaqlarında gəzdirməyə, eləcə də onların çox vaxt kobudluq, özbaşınalıq, qanunsuzluq və hörmətsizliklə təzahür edən bütün iyrəncliklərinə dözməyə borcludurlar. Təbii ki, belə düşüncə və davranışlar erməni cəmiyyətində kəskin şəkildə narazılığa səbəb olub və indi Ermənistana məxsus olan mətbuat səhifələrindən də görürük ki, belə həyasızlıqların məhz primitiv manipulyasiya olduğu çoxdan qəbul olunub. Çünki manipulyasiyanın nə və necə olduğunu haylar, Ermənistan vətəndaşları lap əvvəldən çox yaxşı bilirlər və dəfələrlə istifadə də ediblər. İndi bizim ərazilərimizi tərk edənlərin manipulyasiya etmələrini də yerli haylar ilk addımlarından belə başa düşüblər və ikrah hissi də elə lap əvvəldən yaranıb.

Əsassız iddialarını ortaya atmaqla özlərinin əsl üzlərini, simasızlıqlarını, hiyləgərliklərini göstərmiş olurlar

Ermənistan müxalifətinin əlində olan media indi məhz Qarabağdan öz xoşları ilə köçənləri fəal şəkildə müzakirəyə çıxarıb və alət kimi istifadə etməkdədir. Xüsusən də Köçəryanın, eləcə də Sarkisyanın “qidalandırdığı” media və sosial şəbəkələrin erməni seqmenti guya məcburi köçkünlərin halından narahat olunduğu barədə daş atıb baş tuturlar. Onlar təkcə Ermənistan hakimiyyətini deyil, bütövlükdə erməni cəmiyyətini günahlandırırlar. Hadisələri elə təqdim edirlər ki, guya Qarabağdan Ermənistana üz tutan ermənilərə qarşı çoxsaylı təhqirlər var. Guya onlara qarşı hörmətsizlik edilir və düşmən münasibət göstərilir. Deyilənlərdən belə çıxır ki, guya Ermənistanda onlara qarşı düşmənçilik edirlər. Doğrudanmı belədir, yoxsa yenə də cinayətkar rejim öz ənənəsinə uyğun olaraq hiyləgərcəsinə gediş etməkdədir? Əlbəttə ki, müxalifətin, cinayətkar rejimin nəzarətində olan istər media səhifələri, istərsə də sosial şəbəkələr guya məcburi köçkün sayılanların əsassız iddialarını ortaya atmaqla özlərinin əsl üzlərini, Sarkisyanların, Koçaryanların simasızlıqlarını, hiyləgərliklərini göstərmiş olurlar. Eyni zamanda, onların manipulyasiyaya əl atdıqları da özünü göstərmiş olur, çünki mənasız, əsassız iddialara istinad etməklə hay-küy qoparmaları hər şeyi bəlli edir.

Elə hiyləgərcəsinə manipulyasiyalar edirlər ki, hiyləgərləri özlərini belə heyrətləndirir və bezdirir

Şübhəsiz ki, elə Ermənistan ictimaiyyəti özlərini məcburi köçkün, qaçqın kimi qələmə verənlərin heç də məcburi köçkün və qaçqın olmadıqlarını çox yaxşı bilir. Bununla belə onlar mütəmadi olaraq, həm İrəvanın və digər Ermənistan şəhərlərinin küçələrində, həm də sosial şəbəkələrdə özlərini məcburi köçkünlər kimi sırımağa çalışanların əsassız iddiaları ilə qarşılaşırlar. Həyasızlıqlarından da artıq Ermənistan ictimaiyyəti cana doyub. Ələlxüsus, ölkələrinin müstəqillik illərində onların saxlanması, nisbətən daha tox, daha doymuş vəziyyətdə və təhlükəsiz yaşaması üçün çəkilən xərclərin böyük hissəsinin Ermənistanın dövlət büdcəsi hesabına həyata keçirildiyini unutduqları yerli erməniləri hədsiz dərəcədə qızışdırıb və onlara qarşı nifrətə kökləyib. Ən çətin anlarında, daha dəqiq desək, ötən əsrin 90-cı illərinin əvvəllərində son qəpik-quruşlarına qədər, son tikə çorəklərinə qədər onlara verənlər indi qarşılaşdıqları ənənəvi erməni həyasızlığına özləri də dözə bilmirlər. Azərbaycan ərazilərini, Qarabağ iqtisadi rayonumuzu tərk etdikləri zaman da onları qarşılamaq, yedizdirmək, isindirmək və hətta qonaq etmək üçün irəli durmalarına nankorluq etmələrini də qəbul etmək onlara ağır gəlir. Doğrudur, həqiqətən də bu həyasızlığa, bu nankorluğa dözmək ağırdır, çətindir və biz özümüz də erməni həyasızlığının və nankorluğunun acısını çəkmişik, nə demək olduğunu da bilirik. Amma gör nə qədər həyasızlıq və nankorluq edirlər ki, hiyləgərlikdə tayı-bərabəri olmayan, nankorluğu ənənəyə çevirən hayların özləri də bundan bezar olurlar və ikrah hissi ilə qarşılayırlar. Gör nə qədər hiyləgərcəsinə manipulyasiyalar edirlərsə, bu, hiyləgərlərin özlərini belə heyrətləndirir və bezdirir. Lakin unudurlar ki, haylar bu vaxta qədər tarix boyu çox hiyləgərliklərə əl atıblar və hələ də öz ənənələrindən əl çəkən kimi görünmürlər və onlar üçün Qarabağı tərk edən ermənilərin etdikləri ən primitiv manipulyasiyalardır.

Ermənistanın bundan artığına heç gücü də çatan deyil və manipulyasiyalar da mənasızdır

Bəlkə Köçəryan, Qukasyan, Saakyan tərəfindən idarə olunduqları dövrlər üçün darıxırlar? Axı, həmin o qondarma rejimin idarəetməsi altında olanda heç adam da sayılmırdılar. Yəni, özlərinə qarşı belə münasibətə, qanunsuzluğa bu qədər öyrəşiblər ki, indi həmin şəraiti istəyirlər? Doğrudanmı onlar istəyirlər ki, yenə də başlarını əyib həmin qondarma rejimin idarəetməsinin altına düşsünlər? Bəlkə unudublar ki, onlar qondarma rejimin idarəçiliyi altında kimlərsə tərəfindən daim təhdid, təzyiq altında yaşayıblar? Yoxsa, həmin şəraitdə yaşamaq arzusundadırlar və səs-küy, hay-həşir salmaları da buna görədir? Özlərini yenə də “qapaz” altına salmaq üçün manipulyasiyalara əl atmalarını həqiqətən də heç təsəvvür belə etmək olmur. Bəs bu manipulyasiyalar nəyə görədir axı?

Bəli, heç kim demir ki, bu gün Ermənistanda ciddi problem və çatışmazlıqlar yoxdur. Bunu düşünən belə çətin tapıla. Hamı yaxşı bilir ki, Ermənistan səfalət içərisində olan bir ölkədir. Heç kim üçün sirr deyil ki, erməni cəmiyyəti rəzalətlə, rüsvayçılıqla üzləşib və hələ də vəziyyətdən çıxa bilmir. Bəllidir ki, ermənilər qətiyyən yaxşı vəziyyətdə deyillər və bunda da günahkar həmin ölkənin yürütdüyü işğalçılıq siyasəti, bötüvlükdə Ermənistan özüdür. Amma özlərini qondarma da olsa qaçqın sayanlar unudurlar ki, Ermənistanda halları, vəziyyətləri oynadıqları çirkin oyunlarla, hiyləgərliklə, manipulyasiyalarla qətiyyən yaxşılaşan deyil. Onlara təklif olunan vətəndaşlığı, Azərbaycan vətəndaşlığını qəbul etsəydilər və ölkəmizin qanunlarına tabe olsaydılar, o zaman vəziyyətlərini yaxşı təsəvvür edə bilərdilər. Əks halda, bunu heç ağıllarına da gətirməsinlər. Çünki Ermənistanın bundan artığına heç gücü də çatan deyil və manipulyasiyaları da mənasızdır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə