“Okamponun boykot çağırışı düşüncəsinin qüsurlu olduğunu göstərir” - ŞƏRH EDİLDİ

“Keçmiş prokurorun beynəlxalq birliyin keçirdiyi möhtəşəm bir tədbirə qarşı çıxması və bunu boykot etməyə çağırması onun düşüncəsinin qüsurluluğunu göstərir. Eyni zamanda, bu tədbiri, ev sahibini gözdən salmaq üçün çağırışları Okamponun siyasi cəhətdən yetkin olmadığını, beynəlxalq birlikdə sülhün, əmin-amanlığın deyil, qarşıdurmanın olmasında maraqlı olduğunu nümayiş etdirir”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, bu cür düşünən insan uzun müddət Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru olub: “Belə çıxır ki, həmin vaxtlar Okamponun çıxardığı qərarlarda nə qədər insanların hüquqlarının pozulduğunu, nə qədər ölkənin hüquqlarına zərbə endirildiyini düşünmək çətin deyil. Baxmayaraq ki Ermənistan COP29-un Azərbaycanda keçirilməsinə səs verən ölkələrdən biri olub. Bu gün Ermənistanda demək olar ki, COP29 ilə bağlı hər hansı əks çağırış yoxdur. Belə olduğu halda kənardan kiminsə yeni-yeni kövrək sülh mühiti yaranan Cənubi Qafqazda yenidən gərginlik ocağı yaratmaq istəyi bir daha göstərir ki, dünyada Azərbaycan uğruna, müharibənin, işğalın bitməsinə sevinməyənlər var”.

Millət vəkili qeyd edib ki, bütün bunlara baxmayaraq COP29-a ciddi hazırlıq gedir: “Onlarla ölkə rəhbəri bu tədbirdə iştirak edəcəyini bəyan edir. Azərbaycan beynəlxalq tədbirə ev sahibliyi etmək yönündə müsbət təcrübəyə malikdir. COP29 kimi möhtəşəm tədbiri də yüksək səviyyədə keçirəcək. Okampa kimi siyasi təcavüzkarların Azərbaycanın uğuruna görə əsəb keçirməkdən başqa yolları olmayacaq”.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə