"Fransanın ciddi şəkildə beynəlxalq səviyyədə imicinə ağır zərbələr dəyib" - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

"Fransanın ciddi şəkildə beynəlxalq səviyyədə imicinə ağır zərbələr dəyib" - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

"Fransa-Ermənistan dostluğunun hansısa pərdəarxası məqamının olduğunu düşünmürəm. Bu münasibətlər açıq münasibətlərdir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Oqtay Qasımov deyib.

O bildirib ki, 150 ildən artıqdır ki, Fransa imperial dövlət olaraq erməni kartından öz siyasətində istifadə etməyə çalışıb, Osmanlını zəiflətmək istəyib: "Heç təsadüfi deyil ki, 19-cu əsrin 2-ci yarısında Osmanlı ərazisində fəaliyyət göstərən seperatçı erməni komitələrinin rəhbərlərinin hamısı Fransa universitetlərini bitirmiş şəxslər idi və oradan təlimatlar alırdılar. Birinci dünya müharibəsində də Osmanlı ərazisində yaşayan ermənilərin yaratdığı silahlı birləşmələr Fransız ordusunun tərəfində də Osmanlıya qarşı döyüşüblər. O cümlədən, rus ordusunun tərəfində Osmanlı ordusuna arxadan zərbələr vuraraq xəyanət ediblər.

Fransa bu faktordan özünün siyasətində uzun müddət Türkiyəyə qarşı istifadə edib. Baxmayaraq ki, NATO-da, guya, Türkiyə ilə müttəfiq sayılan Fransa erməni soyqırımını qəbul edən ilk dövlətlərdəndir, ermənilər vasitəsilə Türkiyəyə qarşı hər zaman mübarizə aparıb. İşğal dövründən əvvəl də hələ Sovetlər birliyi zamanı Ermənistanda baş verən zəlzələdə Fransadan göndərilən humanitar yardım adı ilə yüklərin arasında əhəmiyyətli dərəcədə silah-sursat aşkarlanmışdı. Hələ o zaman Sovetlər birliyinin Dövlət Təhlükəsizlik Komitəsi bununla bağlı məlumatlar yaymışdı. İşğal dövründən bu günə qədər də Fransa Ermənistanı dəstəkləməyə davam edir. Bu günkü dəstəyin əsas səbəbi ondan ibarətdir ki, Fransa Ermənistan vasitəsilə Güney Qafqazda öz təsir imkanlarını artırmaq istəyir".

Onun sözlərinə görə, son 10-15 ildə Fransa, xüsusilə də, Mərkəzi və Şimali Afrikada ciddi şəkildə mövqelərini itirib: "Faktiki olaraq Afrikadan qovulmaq üzrədir. Keçmiş müstəmləkələr ona qarşı etirazlar edərək qoşunlarının ölkədən çıxarılmasını tələb edirlər. Buna da xeyli dərəcədə nail olublar. O cümlədən Okeaniya ölkələrində Fransaya qarşı ciddi etirazlar var. Fransanın ciddi şəkildə beynəlxalq səviyyədə imicinə ağır zərbələr dəyib. Həm də bunu bir formada kompensasiya etmək üçün erməni faktorundan istifadə edir. Məhz buna görə də bölgədə sülhə maraqlı deyil və gərginliyin qalmasında maraqlıdır. Çünki gərginlik olacağı halda Ermənistan vasitəsilə bölgədə yerləşmək istəyir. Eyni zamanda həm də Zəngəzur dəhlizinə bu və ya digər formada nəzarət etmək üçün səhm paketi almaq istəyir".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə