Bakı ilə Ankaranın birliyi Türk dünyasının həmrəyliyinin stimuludur

Şuşa Bəyannaməsi regiondakı siyasi proseslərin bütün məcrasını dəyişdirir, bu sənəd, həmçinin Türkiyə və Azərbaycan xalqları arasında çoxəsrlik qardaşlıq və dostluq əlaqələrinin məhək daşıdır.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, bu sözləri Türkiyə Strateji və Siyasi Araşdırmalar Vəqfinin (TÜRPAV) İdarə Heyətinin üzvü Sinan Demirtürk deyib.

Türkiyəli ekspertin sözlərinə görə, üç il əvvəl Şuşada iki qardaş ölkənin tarixində ilk dəfə olaraq Azərbaycan ilə Türkiyə arasında strateji müttəfiqlik münasibətlərinin hüquqi əsası rəsmiləşdirilib. O, iki qardaş ölkənin liderləri arasında səmərəli dialoq mexanizminin formalaşdırılması və qarşılıqlı fəaliyyətin əlaqələndirilməsi məsələsinə xüsusi diqqət yetirib və buna misal olaraq, Prezident İlham Əliyevin Ankaraya son səfərini göstərib.

Ekspert vurğulayıb ki, dövlət başçılarının səyləri nəticəsində bir çox beynəlxalq platformalarda yeni birgə addımların təməli formalaşır, Bakı və Ankara sanki “vahid dövlət” kimi vahid cəbhədən çıxış edir.

Onun sözlərinə görə, müxtəlif nazirliklər və idarələr səviyyəsində fəal əlaqələr qurulub, imzalanmış çoxsaylı sazişlər və razılaşmalar da bunu sübut edir.

TÜRPAV İdarə Heyətinin üzvü Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərin dirçəldilməsi istiqamətində apardığı uğurlu kursu alqışlayıb və xüsusən də Fransa tərəfindən Bakının ünvanına səsləndirilən əsassız tənqidlərin yolverilməz olduğunu qeyd edib.

“Anti-Azərbaycan dairələrin Qarabağ bölgəsinin erməni əhalisinə qarşı hansısa “zorakılığın” olması barədə yalanlarının əksinə olaraq, Azərbaycan ordusu işğaldan azad edilmiş ərazilərdə dinc əhaliyə heç bir zərər vurmayıb. Bu, həm 44 günlük müharibənin, həm də Qarabağ bölgəsi üzərində Azərbaycanın tam suverenliyini təmin etmək məqsədi daşıyan lokal xarakterli antiterror tədbirlərinin reallığıdır”, -deyə Demirtürk bildirib. O əlavə edib ki, etnik ermənilərin Ermənistana sərbəst və təhlükəsiz şəkildə getməsi diplomatiyanın və Azərbaycan təhlükəsizlik qüvvələrinin uğurunun göstəricisi oldu.

Türkiyəli ekspert Şuşa Bəyannaməsinin Cənubi Qafqaz regionunda sülhün təminatı olduğunu da qeyd edib. “Türkiyə ilə Azərbaycanın birliyi təkcə Qafqazda deyil, Yaxın Şərqdə və Aralıq dənizində də vəziyyətə təsir edən ciddi amildir. Bakı ilə Ankaranın birliyi Türk dünyasının həmrəyliyinin stimuludur”, -deyə Demirtürk vurğulayıb.

O, Azərbaycanın mədəniyyət paytaxtında - Şuşa şəhərində keçirilən çoxsaylı tədbirlərin əhəmiyyətini də qeyd edib.

“Şuşada keçirilən forumlara təkcə dövlət başçıları deyil, dünyanın bir çox ölkələrindən müxtəlif siyasi qüvvələrin nümayəndələri, qeyri-hökumət strukturlarının və ekspert icmasının təmsilçiləri, sahibkarlar da gəlirlər”, -deyə TÜRPAV nümayəndəsi vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə