Qlobal kataklizmlər fonunda dövlətçilik maraqlarının qorunması aktual və vacib məsələdir - YAP Sədrinin müavini

Ölkələrimizin birgə səyləri ilə Türk Dövlətləri Təşkilatının nüfuzlu regional güc mərkəzinə çevrilməsi artıq reallıqdır və əminəm ki, onun qlobal beynəlxalq münasibətlər sistemində rolu getdikcə artacaqdır.

Biz hakim siyasi partiyalar olaraq qarşımızda duran bütün vəzifələri layiqincə yerinə yetirməklə bu prosesə öz töhfəmizi verməyə hazırıq. SİA xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov “Türk Dövlətləri Təşkilatı: geosiyasi reallıqlar və qlobal kataklizmlər fonunda yeni strateji hədəflərə doğru” mövzusunda iyunun 15-də Şuşada keçirilən beynəlxalq konfransda səsləndirib.

T.Budaqov vurğulayıb ki, Türk Dövlətləri Təşkilatına üzv olan tərəfdaş dövlətlərin Qarabağda və Şərqi Zəngəzurun bərpası prosesində fəal iştirakı bizim üçün çox önəmlidir. Həmçinin ölkələrimiz arasında “yaşıl enerji” konsepsiyası əsasında əməkdaşlığın perspektivləri də əhəmiyyətlidir.

Onun sözlərinə görə, qlobal kataklizmlər fonunda yeni geosiyasi reallıqların və müxtəlif çağırışların meydana çıxdığı bir dönəmdə dövlətçilik maraqlarının, o cümlədən tarixi ənənələrin və milli-mənəvi dəyərlərin qorunması hər zaman olduğundan daha aktual və vacibdir. Belə bir şəraitdə Türk dövlətlərinin milli maraqlara əsaslanan siyasət həyata keçirərək həmrəylik nümayiş etdirməsi və nəticəyönümlü əməkdaşlığı gücləndirməsi əsas prioritetlərdəndir.

Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edildiyini qeyd edən Mərkəzi Aparatın rəhbəri bildirib: “Prezident İlham Əliyevin Sərəncamı ilə 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması bu baxımdan mühüm əhəmiyyətə malikdir. Bütün bu reallıqlar fonunda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı yekdil qərar beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük etimadın bariz nümunəsi və dövlətimizin müvafiq sahədə fəaliyyətinin yüksək qiymətləndirilməsidir”.

Bütün xəbərlər Facebook səhifəmizdə