"Ermənistan hər nə qədər silahlansa da, Azərbaycana çatması mümkün deyil" - MÜNASİBƏT BİLDİRİLDİ

"Ermənistanda bir tərəfdə hələ də öhdəliklərini icra etməyən və müxtəlif bəhanələrlə sülh sazişindən qaçan Paşinyan hakimiyyəti, digər tərəfdə isə “mən revanşistəm və ömrümün sonuna qədər də revanşist olaraq qalmaqda davam edəcəm”, - deyən Baqrat və onun havadarları var". Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib.

O bildirib ki, belə bir şəraitdə Azərbaycanın davamlı olaraq istənilən situasiyaya hazır olması şərtdir: "Əslinə baxanda, Paşinyan hakimiyyətinin yeni-yeni bəhanələrlə sülhdən yayınma cəhdləri də elə revanşistlər üçün imkan yaratmağa bərabər hesab oluna bilər. Məsələn, Azərbaycana ərazi iddiları ilə bağlı Konstitusiya dəyişikliyinə gedilməməsi özü də revanşist qüvvələrin əlində oynamağa bərabər hesab oluna bilər.

Hər kəs qəbul edir ki, rəsmi Bakının Ermənistan müstəqillik bəyannaməsi və Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının çıxarılması tələbi kifayət qədər haqlı tələbdir və bununla bağlı Konstitusiya dəyişikliyi heç bir halda Ermənistanın daxili işi hesab oluna bilməz. Bu, artıq Azərbaycanın ərazi bütövlüyünə təhdiddir və Azərbaycanın da beynəlxaq hüquqa görə də bu təhdidləri ortadan qaldırmaq hüququ var. Bunu Ermənistan ya xoşluqla, müvafiq dəyişikliklə təmin etməlidir, ya da Azərbaycan bu təhdidin ortadan qaldırılması üçün hətta Ermənistanı silahsızlaşdırmaqla bağlı müəyyən addımlar ata bilər. Əgər ərazi iddiaları qalmaqda davam edərsə, bu o deməkdir ki, gələcəkdə hər hansı Ermənistan hakimiyyəti ölkəsinin əsas qanununu, yəni Konstitusiyanı əsas tutaraq sülh sazişini tamamilə bir kənara ata bilər".

Onun sözlərinə görə, ölkə başçısının TÜRKPA nümayəndələri ilə görüşdə də dediyi kimi, Ermənistan anlamalı və başa düşməlidir ki, bu cür revanşist mövqenin davam etdirilməsi son nəticədə Ermənistanın özünün dövlət olaraq mövcudluğunu təhlükə altına alacaq və bu, Ermənistanın sonu olacaq: "Çünki Ermənistan hər nə qədər silahlansa da, hər nə qədər öz hərbi arsenalını inkişaf etdirsə də, Azərbaycana çatması mümkün deyil. Təkcə İkinci Qarabağ savaşında öz hərbi arsenalının 80 faizini itirən, 44 gün ərzində 10 mindən çox fərarisi olan və cəmi 23 saatlıq anti-terror əməliyyatı nəticəsində on min nəfərlik əsgəri tərksilah olunan bir ölkənin Azərbaycana qarşı dayanması mümkün deyil".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə