“Elə münaqişə ocaqları var ki, onların alovlanma ehtimalları daim yüksəkdir” - ŞƏRH OLUNDU

“Elə münaqişə ocaqları var ki, onların alovlanma ehtimalları daim yüksəkdir” - ŞƏRH OLUNDU

“Dünyada davam edən münaqişələr qlobal nizamın və birliyin əldə edilməsi məsələsini bir xeyli çətinləşdirir. Elə münaqişələr var ki, onların qısa zamanda həll edilmək perspektivləri görünmür. Xüsusilə, indiki situasiyası fonunda Rusiya-Ukrayna müharibəsinin yaxın zamanda bitməsi tendensiyası gözlənilmir. İsrail-Fələstin qarşıdurmasında hər hansı bir mənada bölgədə sülh və tamamilə əbədi stabilliyə səbəb olacaq anlaşmanın əldə edilməsi məsələsi də çətin görünür”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov deyib.

Politoloq bildirib ki, davam edən münaqişələrlə yanaşı, elə münaqişə ocaqları var ki, onların daim alovlanma ehtimalları yüksək səviyyədədir: “Son dövrlər Şimali Koreya ilə Cənubi Koreya arasında gərginliyin və təhdidkar ritorikanın artdığını müşahidə edirik.
Həmçinin, Çinin Tayvan adası ilə bağlı aydın mövqeyi var və hesab edirəm ki, Tayvan münaqişəsi də hər an partlamağa hazır olan münaqişə ocaqlarından biridir.
Bütün bu situasiyalar göstərir ki, bu gün qlobal nizamın hazırkı münaqişələri həll etmək imkanları o qədər real deyil. Əksinə, yeni münaqişə ocaqlarının yaranması riskləri də böyüyür. Təbii ki, mövcud vəziyyətdən çıxış yolu siyasi güc mərkəzlərinin barışa və dövlətlərarası münasibətləri yaxşılaşdırmağa yönəlik addımlar atmaq olar. Görürük ki, bəzən elə beynəlxalq münasibətlər sisteminin özü savaşları tətikləyir, nəinki barışı”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə