Azərbaycan–Misir əməkdaşlığının tarixi kökləri var - DEPUTATIN ŞƏRHİ

Azərbaycan–Misir əməkdaşlığının tarixi kökləri var - DEPUTATIN ŞƏRHİ

“Misir-Azərbaycan əlaqələrindən danışarkən tarixə kiçik ekskurs etmək kifayətdir. Rəsmi Qahirə Azərbaycanın müstəqilliyini ilk tanıyanlardandır. 1993-cü ildə qarşılıqlı diplomatik əlaqələrin yaradılması haqqında protokola əsasən həmin ilin aprel ayından Misirin Bakıda, 1994-cü ilin yanvarından isə Azərbaycanın Qahirədə səfirliklərinin fəaliyyətə başlaması iki ölkə arasında əməkdaşlığın təməlini qoymuşdur. Həmin ilin sentyabrında Ulu Öndər Heydər Əliyevin Qahirəyə ilk səfəri Misir-Azərbaycan arasında diplomatik münasibətlərdə yeni mərhələnin başlanğıcını qoydu, Prezident İlham Əliyevin beynəlxalq aləmdəki uğurlu xarici siyasəti isə ölkələrimiz arasında əlaqələrin genişlənməsinə və əməkdaşlığın inkişafına yeni təkan verdi”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Deputat qeyd edib ki, Azərbaycan-Misir əlaqələri bu gün sürətlə inkişaf edir: “Bu əməkdaşlığın qədim tarixi kökləri var. Hələ sovet dönəmində Azərbaycanla Misir arasında mehriban dostluq əlaqələri olub. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra bu əlaqələr keyfiyyətcə yeni səviyyəyə yüksəlib. Bu gün bu siyasət Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ermənistan-Azərbaycan münaqişəsinin həlli məsələsində Misir Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəkləyib və üzv olduğu beynəlxalq təşkilatlarda ədalətli mövqeyini daim müdafiə edib. Dost ölkələr olan Azərbaycan və Misir həm ikitərəfli, həm də coxtərəffli platformalarda sıx əməkdaşlıq edirlər. İki ölkə beynəlxalq təşkilatlarda – BMT-də, Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında birgə fəaliyyət göstərir və bir-birini dəstəkləyir. Ölkələrimiz arasında ticari-iqtisadi məsələlər də daim gündəmdədir. Azərbaycanda ticarət, sənaye və xidmət sahələrində Misir investisiyalı 10-dan çox şirkət fəaliyyət göstərir. İki ölkə arasında ticarət əlaqələrinin genişləndirilməsi üçün böyük potensial var. Enerji sahəsində əməkdaşlığımız çoxşaxəlidir və bu əlaqələrin genişləndirilməsi üçün tədbirlər həyata keçirilir. Prezident İlham Əliyevin iyunun 7-də Misirə uğurla baş tutan rəsmi səfəri ölkələrimiz arasında münasibətlərin inkişafında yeni səhifə açacaq. Səfərin məqsədi ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə verməkdir”.

Bütün xəbərlər Facebook səhifəmizdə