“ABŞ-Azərbaycan münasibətlərində kifayət qədər pozitiv meyllər mövcuddur” - MÜNASİBƏT BİLDİRİLDİ
“ABŞ-Azərbaycan əlaqələri bu gün yüksələn xətt üzrə inkişaf edir, iki ölkənin rəsmiləri arasında intensiv təmaslar və aktiv dialoq mühiti mövcuddur, Birləşmiş Ştatlar Prezidentinin davamlı şəkildə Azərbaycan dövlət başçısına təbrik məktubları göndərməsi, regionda enerji təhlükəsizliyinin təmin olunmasında rolunu vurğulaması ölkəmizin ABŞ üçün müttəfiq qismində qəbul edilməsinin göstəricisidir. Həm sülh gündəliyi, eyni zamanda COP29-a sədrlik istiqamətində ABŞ-la Azərbaycan arasında səmərəli dialoq mühiti mövcuddur”. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Vüqar Əhmədov deyib.
Onun sözlərinə görə, ABŞ davamlı şəkildə Azərbaycanla əməkdaşlığın genişləndirilməsində və müxtəlif səviyyələrdə təmasların qurulması istiqamətində maraqlı tərəf və qlobal tərəfdaşdır: “Əlbəttə ki, Azərbaycan da bu gün həm regional və qlobal səviyyədə gedən siyasi proseslərə həssaslıqla yanaşır, regionda sülhün və təhlükəsizliyin təmin olunmasında, Avropa müttəfiqlərinin enerji təhlükəsizliyi istiqamətində Birləşmiş Ştatlarla konstruktiv dialoq və sağlam əməkdaşlıq mühitinə töhfə verir”.
“Ümumilikdə demək olar ki, bu gün ABŞ-Azərbaycan münasibətlərində kifayət qədər pozitiv meyllər mövcuddur və bu əlaqələr bölgədə qalıcı sülhə, regional iqtisadi və nəqliyyat kommunikasiyaların daha da inkişaf etdirilməsinə xidmət edə bilər. Azərbaycanın Qərb dövlətləri, o cümlədən Birləşmiş Ştatlarla əməkdaşlığı hər zaman bölgəmizə iqtisadi dividentlər və rifah vəd edibdir”,- deyə o əlavə edib.
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB