"Regionumuz son zamanlar gərgin siyasətin meydanına çevrilib" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
"Regionumuz son zamanlar gərgin siyasətin meydanına çevrilib". Bu sözləri SİA-ya açıqlamasında deputat Müşfiq Cəfərov deyib.

O bildirib ki, Cənubi Qafqazda müxtəlif maraqların savaşı gedir: "Hazırda geopolitik savaşın sıçramadığı yeganə region dövləti məhz Azərbaycandır. Ermənistan və Gürcüstanda ciddi güc savaşı gedir. Təbii ki, burada həm daxili, həm də xarici qüvvələrin əli var.
Ermənistanda Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə aksiyalar hələ də davam edir. Keçirilən mitinq və aksiyalarda hər gün onlarla insan saxlanılır, polisin fiziki zorakılığına məruz qalır. Ermənistanda polis azyaşlı, qadın, yaşlı demədən bütün etirazçılara qarşı güc tətbiq edir, bəzi hallarda isə xəsarət yetirir. Aksiyalarda müxalifət fəalları ilə yanaşı, adi vətəndaşlar, hüquq müdafiəçiləri və jurnalistlər də polis zorakalığına məruz qalır, hətta saxlanılanlar da var. Mənə görə regionda yaşanan bu qarşıdurmalarda ən təəssüf hissi yaradan isə "Amnesty İnternational", "Fredoom House” kimi özünü insan hüquqlarının müdafiəçisi elan edən bir çox beynəlxalq təşkilatların, eləcə də jurnalist təsisatlarının bu baş verənlərə heç bir əsaslı reaksiya verməməsidir. Çünki qarşıdurmalarda kifayət qədər jurnalistlər də xəsarət görüb və həbs olunub".
Onun sözlərinə görə, Ermənistanla paralel siyasi gərginliyin yaşandığı, kütləvi etirazlara meydan olan qonşu Gürcüstanla bağlı isə vəziyyət tamam fərqlidir: "Belə ki, bu etiraz aksiyaları bütün adıçəkilən hüquq təşkilatları, Qərb ölkələrinin səfirləri və XİN əməkdaşları tərəfindən diqqətlə izlənilir. Tbilisidəki etiraz aksiyaları mikroskop altında müşahidə edilir desəm, yanılmaram. Bir sözlə Ermənistan və Gürcüstandakı oxşar aksiyalarla bağlı beynəlxalq aləmin ortaya qoyduğu yanaşma, Qərbin demokratiya anlayışının vahid, standart və bərabər olmadığını, sırf öz maraqlarına uyğun olduğunu bir daha təsdiq edir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB