"1993-cü il iyunun 15-i olmasaydı, bu günkü zəfər də olmazdı" - ŞƏRH EDİLDİ

"1993-cü il iyunun 15-i olmasaydı, bu günkü zəfər də olmazdı" - ŞƏRH EDİLDİ

"15 iyun tarixinin mahiyyətini, fəlsəfəsini bilməkdən ötrü ilk növbədə 1988-ci ildən sonra Azərbaycan xalqının qarşısında dayanan vəzifələri və onların necə həyata keçirilib-keçirilməməsi məsələsinə diqqət yetirmək lazımdır". Bu sözləri SİA-ya açıqlamasında deputat Musa Qasımlı deyib.

Millət vəkili bildirib ki, hələ Sovet ittifaqının mövcud olduğu zamanda Ermənistan Azərbaycana qarşı əsassız ərazi iddialarını irəli sürdü: "Azərbaycan rəhbərləri Ermənistanın bu fəaliyyətinin qarşısını ala bilmədilər. 1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan xalqının qarşısında bir sıra vəzifələr dayanırdı. Bunlar daxili siyasətdə dövləti qurmaq, planlı sosialist təsərrüfatından azad bazar iqtisadiyyatına keçmək, təkpartiyalı sistemdən çoxpartiyalı sistemə keçmək, demokratik cəmiyyət qurmaq, xarici siyasət sahəsində Azərbaycanın dövlət müstəqilliyini tanıtmaq, Ermənistanın Azərbaycanın daxili işlərinə müdaxiləsinin qarşısını kəsmək, torpaqların işğalını dayandırmaq idi. 1991-1993-cü illərdə Azərbaycanda hakimiyyətdə olan rəhbərlər bu vəzifələri yerinə yetirə bilmədilər. Nəticədə 1993-cü ildə ümumi böhran yarandı. Bu böhran iqtisadiyyatın, siyasətin, mənəvi-psixoloji ruhun, daxili və xarici siyasətin böhranı idi. İnsanların sabaha ümidi yox idi. Müstəqil dövlət itirilmək, ölkə xaricdən dəstəklənən seperatçılıqla parçalanmaq, xalq vətəndaş müharibəsi astanasında dayanmışdı.

Azərbaycanda hakimiyyətdə olanlar bu məsələni həll edə bilmədilər. Gəncədə hərbi hissədə qiyam baş verdi. Belə bir şəraitdə nə edəcəyini bilməyən Azərbaycan hakimiyyəti xalqın təkidli tələbi ilə Naxçıvandan Ulu öndər Heydər Əliyevi Bakıya dəvət etdi. Heydər Əliyevin Bakıya dəvət edilməsi qurtuluş, xilaskarlıq missiyası daşıyırdı. Heydər Əliyev hakimiyyətə gələndən sonra düşmənə ilk zərbə endirildi. Horadiz əməliyyatından sonra atəşkəsə gedildi. Dövləti və milləti gələcəkdə torpaqların işğaldan azad edilməsi üçün hazırlamaq xəttini seçdi. Heydər Əliyev ölkənin inkişafının açarını tapdı. Bu, "Əsrin Müqaviləsi" oldu. Azərbaycan tarixində ilk dəfə olaraq təbii sərvət olan nefti milli sərvətə çevirən dövlət adamı Heydər Əliyev oldu. Heydər Əliyev dövləti qurdu, ölkəni seperatçılıqla parçalanmaq təhlükəsindən qurtardı, xalqı bütövləşdirdi, vətəndaş müharibəsi təhlükəsindən xilas etdi. Heydər Əliyev 1995-ci ilin noyabrın 12-də Azərbaycan konstitusiyasının qəbulunun və hazırlanmasının memarı oldu. Heydər Əliyev ilk dəfə olaraq Azərbaycanda ölüm hökmünü ləğv etdi. Azərbaycan geniş islahatlar yoluna çıxdı".

"1993-2003-cü illər Azərbaycanda güclü dövlətin yaradılması və torpaqların işğaldan azad edilməsinə hazırlığın ilkin mərhələsidir. Heydər Əliyevin millət və dövlət qarşısında qoyduğu hədəfləri cənab Prezidentimiz İlham Əliyev müstəsna ustalıqla yerinə yetirdi. 44 günlük Vətən müharibəsində qazanılan qələbənin, 2023-cü il aprelin 23-də dövlət sərhədlərimiz üzərində nəzarətin tam qurulmasının, sentyabrın 19-20-də lokal xarakterli antiterror tədbirlərində separatçı rejimin diz çökməsi, cənab Prezident İlham Əliyev tərəfindən Xankəndidə dövlət bayrağımızın ucaldılması, dövlət suverenliyimizin tam bərqərar edilməsinin təməli 1993-cü ildə iyunun 15-də atıldı. 1993-cü il iyunun 15-i olmasaydı, bu günkü zəfər də olmazdı. 1991-ci ildən sonra millətimizin həyatında dönüş anı 15 iyundur" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə