Trollar tükənib ANALİZ

Dağıdıcı müxalifətin əmmaməli mollalardan fərqlənməyən başbilənlərinin xarici siyasətlə bağlı mövqelərinə nəzər yetirdikdə aydın olur ki, bu şəxslərin diplomatiyadan, balanslaşdırılmış siyasətdən anlayışları yoxdur. Sadəcə, xaricdən verilən tezislərdir ki, onları da dilə gətirirlər və ya status şəkilində sosial şəbəkələrdə paylaşırlar. Bu zaman anlamırlar ki, yanlış fikirləri ilə özlərini rüsvay etməklə yanaşı, ölkənin də imicinə zərbə vurmuş olurlar. Ancaq görünən ondan ibarətdir ki, AXCP sədri Əli Kərimli, Milli Şuranın rəhbəri Cəmil Həsənli və onlara trolluq edən Fuad Qəhrəmanlı, Gültəkin Hacıbəyli, Seymur Həzi və digərləri ictimai tənbehdən və qınaqdan nəticə çıxartmırlar. Hər gün ötən günə nisbətən daha geniş formada özlərini rüsvay edən "siyasi təhlillər" aparır və "siyasi proqnozlarla" çıxış edirlər. Yadıma bu məqamda AXC-Müsavat hakimiyyəti dönəmində xarici işlər naziri olmuş Tofiq Qasımovun yazdığı bir ifadə düşdü. T.Qasımov yazırdı: "Müxalifətçilik yaxşıdır, nə istəyirsən danışırsan, deyirsən və heç kim də sənə irad bildirmir. İqtidarda olarkən isə hər bir sözünə və cümlənə fikir verməlisən, məsuliyyətli olmalısan". Əli Kərimli, Cəmil Həsənli və onların trolları müxalifətdə olduqlarından ağıllarına deyil, ağızlarına gələnləri danışırlar. Gah Rusiyanı ittiham edir, gah Asiya ölkələrini qınayırlar, müəyyən hallarda isə müsəlman ölkələrinin bostanına daş atırlar. Bu halda düşünmürlər ki, bu cür yersiz və ağılsız hərəkətləri ilə Azərbaycanın dövlət imicinə kölgə salırlar. Ermənistan mətbuatı, sosial şəbəkə istifadəçiləri onların fikirlərini əsas gətirərək Azərbaycan xalqına və dövlətinə qarşı ittiham irəli sürürlər. Bir dəfə də olsun sözügedən ünsürlər ABŞ-a və ya Avropaya qarşı tənqidi fikirlər səsləndirmirlər. Əksinə, müstəqil media mənsubları və ya politoloqlar ABŞ-ı və Avropanı, xüsusilə də Avropa İttifaqını tənqid edərkən sanki başlarına daş, qarınlarına azar dolur. Başlayırlar xor dərnəyinin cükküldəyən üzvləri kimi ağız-ağıza verib Avropa İttifaqının qərəzli fəaliyyətini tənqid edənləri təhqir etməyə.

Əli Kərimli Avropanın qaranlıq dairələrinin Bakıdakı təmsilçisi olduğunu gizlətmək istəmir

Bir qədər əvvəl AXCP sədri Əli Kərimli paylaşdığı statusunda yazır: "Biz Avropadan uzaqlaşdıqca, Ermənistanın dostları artacaq. Bizim Avropa ilə döyüşməyimiz Ermənistanın müttəfiqlərini çoxaldacaq. Anti-Avropa siyasəti onsuz da bərbad gündə olan iqtisadiyyatımıza güclü zərbə vuracaq. Azərbaycanın maddi yardım, sərmayə, kredit, texnologiya əldə etmək imkanları məhdudlaşacaq. Avropadan imtina edib, Mərkəzi Asiyalaşmaq siyasəti davam etdikcə, sadə azərbaycanlının Avropaya vizasız gediş-gəliş arzusu arzu olaraq qalacaq, repressiyalar davam edəcək, məmur özbaşınalığı, hüquqsuzluq və yoxsulluq artacaq. Xalqımız fərqində olmalıdır: rejimin bu anti-Avropa siyasətindən itirən təəssüf ki, biz azərbaycanlılar olacaq". Bir sözlə, Ə.Kərimli bütün varlığı ilə Avropa İttifaqının təmsilçisi və tərəfkeşi rolunda çıxış etdiyini nümayiş etdirir. Lakin bir dəfə də olsun Avropa İttifaqının Azərbaycanla bağlı qəbul etdiyi ermənipərəst qətnamələrinə etirazını bildirməyib. Sual etməyib ki, nədən Avropa İttifaqı Ermənistanın Azərbaycanla sərhəd ərazilərinə mülki missiya adı altında agentura şəbəkəsi yerləşdirib? Niyə Avropa İttifaqının rəsmi nümayəndəsi Cozef Borelle "Azərbaycan Ermənistan ərazilərinə hücum etsə, biz seyrçi qalmayacağıq", - deyə sayıqlamasına ən azı narazılığını bildirməyib? Susub, danışmayıb, ona görə ki, maliyyə yardımları məhz Avropanın qaranlıq dairələrindən gəlir. Xırda yanlışlıq həmin qrantların kəsilməsi ilə nəticələnər ki, bu da onun siyasi varlığının sonu ola bilər.

İlham Hüseyn agent olmadığını sübut etməlidir

Diqqətçəkən məqam ondan ibarətdir ki, Ə.Kərimli nə deyirsə trollar da tutuquşu kimi onun dediklərini səsləndirirlər, statuslar paylaşırlar. Hansı mənəviyyata və əxlaqa xidmət etdiklərini heç özləri də düz-əməlli bilməyən Fuad Qəhrəmanlı, İlham Hüseynli, Seymur Həzi və digərləri hər gün çərənləyirlər. Deyirlər ki, Rusiya pisdir, bəzi müsəlman ölkələri yaxşı müsəlman deyillər. Yenə də ABŞ və Avropanın tərifi göylərə qaldırılır. Görün AXCP-nin baş trolu İlham Hüseyn nə deyir: "Hər gün Qərbi söyənlərin övladları Avropada, ABŞ-da təhsil alır, bəzilərinin övladları vətəndaşlıq da alıb, özlərinin istirahətləri, müalicələri Qərbdədir, Qərb ölkələrinə investisiya yatırırlar və s". Birincisi, bu məxluq anlamır ki, dünya yaranandan bu günə qədər insanlar daha ecazkar və mənzərəli, nisbətən sakit guşə axtarışındadır və arzu etdiyi məkanı aşkar edincə, orada yaşamağa üstünlük verirlər. Yalnız azərbaycanlılar Avropaya, ABŞ-a getmirlər, eyni zamanda sözügedən ölkələrdən də Azərbaycana işləməyə və yaşamağa gələnlər var. Statistikaya əsasən demək olar ki, bu gün ABŞ-ın və Avropanın 350 minə yaxın vətəndaşı Azərbaycanda işləyir və yaşayır. Rusiyadan və keçmiş ittifaq respublikalarında da ölkəmizə daimi yaşamağa və işləməyə gələnlərin sayı az deyil. Ərəb ölkələrindən də Bakımıza və regionlarımıza turist olaraq səfər edənlərin sayı kifayət qədərdir. Həm də müsəlmanlar Azərbaycanın sakit və sabit ölkə olduğunu nəzərə aldıqlarından burada qalıb yaşamağa daha çox üstünlük verirlər. Bu baxımdan, insanların bir yerdən digər yerə köç etməsi heç də təəccüblü görünməməlidir. Bunu İ.Hüseyn anlamırsa, deməli, o, Avropanın qaranlıq dairələrinin agentidir. Agenti isə çox ciddi cəza gözləyir. Yəni, qanunvericiliklə başqa ölkələrə agentlik edənlər cinayət məsuliyyətinə cəlb edilir və alınlarına "satqın", "xəyanətkar" damğası vurulmaqla uzun müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilirlər. İ.Hüseyn agent deyilsə və düşünürsə ki, haqqında formalaşan rəy yanlışdır, o zaman ortaya sübut və dəlillər qoymalıdır. Heç şübhəsiz ki, İ.Hüseyn torbalı olduğundan ortaya heç bir sübut qoya bilməyəcək. Bu isə onun haqlı ittihamlara məruz qalacağından xəbər verir.

İLHAM ƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə