Rəfah yox ikinci Srebrenitsa. BMT nəyə lazımdır? - TƏHLİL

Rəfah yox ikinci Srebrenitsa. BMT nəyə lazımdır? - TƏHLİL

İsrail blokadada olan Qəzzaya hücumlarını davam etdirərkən sivillərin olduğu çadır şəhərciyinə hücumu nəticəsində ən azı 45 nəfərin ölümü dünya gündəminə sürətlə yayılıb. Hücum zamanı əksəriyyəti qadın və uşaqlardan ibarət çoxlu fələstinlinin yaralandığı da məlumdur. Hücum İsrail qüvvələrinin iki həftə əvvəl quru əməliyyatına başladığı ərazilərdən qaçan minlərlə insanın sığındığı Rəfahda baş verib. Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurası Rəfahdakı hücumu müzakirə etmək üçün 28 mayda fövqəladə iclas keçirib və Baş katib Antonio Quterreş “Qəzzada təhlükəsiz yer yoxdur”, "Bu dəhşətə son qoyulmalıdır" deyib. Məsələnin arxa fonuna baxdıqda mayın 24-də BMT-nin məhkəmə orqanı olan Beynəlxalq Ədalət Məhkəməsi (ICJ) qəbul etdiyi qərara görə İsrailin Rəfaha hücumlarını dərhal dayandırmalı, humanitar yardımların qarşısını almamalı və müharibə cinayətlərini araşdırmaq üçün BMT rəsmilərinin Qəzzaya girməsinə icazə verməli idi.

BMT-nin Rəfahda təhlükəsiz zona elan etməsinə baxmayaraq, İsrailin bu ərazini bombalaması böyük hiddətlə birlikdə bir sıra maraqlı məqam doğurur. Bu cür hallar BMT-in nüfuzunu və beynəlxalq hüququn gerçəkliyini sual altında qoyur. Digər tərəfdən roket atışlarının belə dəqiq olmasının doğurduğu şübhə ilə BMT əməkdaşlarının İsrail ordusuna koordinatları verməsi kimi iddialar doğub. BMT kimi beynəlxalq təşkilatların qərəzsizliyi və vətəndaş cəmiyyətinin təhlükəsizliyi üçün çalışması gözlənildiyi halda bu cür hadisələr BMT-nin effektivliyini və etibarlılığını ləkələyir. Bu hadisənin, Kosovodakı Srebrenitsa qətliamına bənzədiyini də deyə bilərik. Bosniya müharibəsinin ən qaranlıq və ən ağrılı hadisələrindən biri olan Srebrenitsa qətliamında da BMT Srebrenitsanı təhlükəsiz zona elan etsə də, bu qərarın həyata keçirilməsində yol verilən çatışmazlıqlar və səhvlər böyük qətliama səbəb olmuşdu.

BMT-nin Srebrenitsada uğursuzluğunun kökündə hərbi qüvvə çatışmamazlığı, qərar qəbul etmədə ləngimə, passivlik və kommunikasiyanın olmaması kimi amillər dayanırdı. Srebrenitsada yerləşdirilmiş BMT sülhməramlı qüvvələri mülki əhalinin təhlükəsizliyini qorumaq və təmin etmək üçün yetərsiz və təcrübəsiz olması nəticəsində minlərlə günahsız insan həlak olmuşdu. Belə ki, bu dönəmdə BMT hərbi bürokratlarının serblərlə əməkdaşlıq etdiyi iddası dünya gündəminə yayılmışdı. Bu faciəli hadisədən sonra Rərafda baş verənlər, dünyada sülhün və insan hüquqlarının qorunmasında beynəlxalq qurumların qeyri-adekvatlığını bir daha ortaya qoydu. Srebrenitsa BMT-nin qeyri-adekvatlıq travması və oxşar fəlakətlərin təkrarlanmaması üçün dərslərin çıxarılması lazım olan bir abidəyə çevrilmişdi. Amma görünən odur ki, üzərindən onillər keçməsinə baxmayaraq BMT hələ də effektiv və güvənli deyil.

Zərdüşt Quluzadə

Bütün xəbərlər Facebook səhifəmizdə