Sülhə gedən yolda ortaya çıxan MARAQLAR – TƏHLİL

Sülhə gedən yolda ortaya çıxan MARAQLAR – TƏHLİL

ABŞ, Qərb, eləcə də Rusiya artıq Azərbaycanla Ermənistan arasında gözlənilən yekun sülh sazişinin imzalanması üçün platforma təqdim etməkdə maraqlı görünür. Daha dəqiq desək, regiona soxulmaq məqsədi ilə Cənubi Qafqaza geopolitik müdaxilə mexanizmləri qazanmaq hədəflənir ki, bu da əbəs yerə və səbəbsiz deyil. Ona görə əbəs yerə və səbəbsiz deyil ki, buna nail olan, yəni, sülh sazişinin imzalanması üçün platforma təqdim etmək imkanı əldə edə bilən tərəf uzun müddət qondarma da olsa orbitr statusu ilə sülh sazişi üzərindən regionda özünün geopolitik maraqları üçün şans əldə edəcəyi qənaətindədir və bu, artıq Cənubi Qafqaz uğrunda mübarizədə son şans olaraq qəbul edilir. Amma region ölkələri də nəzərə almalıdırlar ki, kənar qüvvələrin, ümumiyyətlə, kimlərinsə əldə edəcəkləri belə bir şans Cənubi Qafqazın gələcək inkişaf perspektivlərinə ən ciddi təhdid sayılır.

Ermənistan xaosa sürüklənir və qarmarışıqlıq, toqquşma yaratmaqda maraqlı qüvvələrin olması artıq təkzib edilə bilməz

Regiona, yəni Cənubi Qafqaza burun soxmaq üçün, ilk növbədə, ən zəif olan ölkəyə müdaxilələr edildiyini hər zaman müşahidə etmişik və biz bunu indi də Ermənistanda baş verən hadisələrin fonunda görməkdəyik. Görünən odur ki, Ermənistan xaosa sürüklənir və qarmaqarışıqlıq, toqquşma yaratmaqda maraqlı qüvvələrin olması artıq təkzib edilə bilməz. Kilsənin bir nümayəndəsinin guya təşkilatçılığı ilə başlayan etiraz aksiyasını qiyama çevirmək, eləcə də İrəvanın küçə və meydanlarında idarəedilməz qarşıdurma yaratmaq istəyənlərin məhz xaos formalaşdırmaq niyyəti ilə ortalığa atıldığı da bəllidir. Ermənistanda küçə iğtişaşları və hüquq-mühafizə orqanları ilə birbaşa toqquşmalar üçün ilk addımların artıq atıldığı da əbəs yerə deyil və həmin niyyəti reallaşdırmaq üçündür. İndi əsas məqsəd ondan ibarətdir ki, erməni kilsəsinin birbaşa hücumundan dövlət qurumlarını Paşinyan hakimiyyətinin qoruması fonunda vəziyyəti nəzarətdən çıxararaq, hazırkı Ermənistan hakimiyyətinin ciddi şəkildə zəifləməsinə nail olunsun və bundan da istifadə edilərək, müdaxilələr edilsin, prosesə qarışaraq burun soxulsun, geosiyasi maraqlar naminə şans əldə edilsin. Buna görə ABŞ, Qərb, eləcə də Rusiya İrəvanda gedən prosesləri nəinki ciddi şəkildə izləyir, hətta yeri gəldikdə bir katalizator kimi hər biri təsirlər də edir.

Qərb, ABŞ, Rusiya öz maraqları naminə çalışmaqdadır və regiona müdaxilə üçün bütün variantlara əl atılır

Bilirik ki, “kilsə qiyamı” adını qazanan son etirazlar heç də Baqrat kimi bir din xadiminin başının məhsulu deyil. Heç ola da bilməz və bunu təsəvvür belə etmək olmur. Bunun arxasında duran qüvvələrin olduğu da çoxdan bəllidir. Bəlli olan odur ki, həmin qüvvələr Ermənistanın sərhədlərindən kənardadır və ən əsası da bu qüvvələrin başında erməni diasporu durur. Hətta o da bəllidir ki, “kilsə qiyamı” kimi tanınan etirazları məhz erməni diasporu maliyyələşdirir. Doğrudur, Qərbdə, ABŞ-da, Rusiyada olan həmin erməni diasporları öz məqsədləri naminə çalışırlar, amma etiraf etmək lazımdır ki, heç də onların məqsədlərinin, niyyətlərinin reallaşacağını söyləmək olmaz. Tam aydın şəkildə bəlli olur ki, nə qədər erməni diasporu işə qarışmış olsa belə, yenə də Qərb, ABŞ, Rusiya öz maraqları naminə çalışmaqdadır və regiona müdaxilə üçün erməni diasporunun da, lobbilərinin də fəaliyyəti hər birinin işinə yarayır.

Qarabağ klanının məhz Ermənistanda müşahidə edilən etiraz dalğasında maraqlı olması da bir çox məqamlardan xəbər verir. Daha dəqiq desək, bir çox məqamlara aydınlıq gətirmək üçün kifayət edir. Nəzərə alsaq ki, həmin o Qarabağ klanı məhz Rusiyanın nəzarəti və diqtəsi altındadır, deməli, İrəvan küçələrində xaosun yaradılmasında, etirazların artmasında rəsmi Moskvanın maraqlı olduğu özünü sübut edir. Həmin o cinayətkar rejimin indi əldən-ayaqdan getdiyini gördükdə bəlli olur ki, Kreml artıq Ermənistanda öz rıçaqlarını işə salmaq niyyətindədir. Deməli, regiona müdaxilə etmək üçün ruslar özləri də şans axtarışındadırlar. Məsələ burasındadır ki, Moskvanın belə bir mövqeyindən, axtarışından heç ABŞ da, Qərb də narahat deyil. Əksinə, proses soyuqqanlıqla seyr edilir, hələ yeri gələndə bir təkan da verilir. Yəni, belə bir vəziyyəti müşahidə etdiyi halda, Moskvanın müdaxiləsi sadəcə seyr edilirsə, buna ABŞ, Qərb mane olmursa, əksinə vəziyyət qane edirsə, deməli, onlar da xaosda maraqlıdırlar və görünür elə onlar da regiona soxulmaq üçün şans axtarışındadırlar, başda etirazlar olmaqla, bütün variantlara da əl atılır.

Paşinyan hakimiyyətinin bu vaxta qədər sülh prosesini ləngitdiyindən hansısa qüvvələrin istifadə etməsi tamamilə başadüşüləndir

İstər ABŞ, istər Qərb, istərsə də Rusiya Ermənistanın geosiyasi səhvlərindən kifayət qədər istifadə etməkdədir. Rəsmi İrəvan düşmüş olduğu çətin, müşkül vəziyyətdən çıxmağın doğru yolunu bu vaxta qədər müəyyən etmədiyi üçün həmin o sadalanan kənar qüvvələr də fürsətdən istifadə etməyə çalışıblar və yenə də çalışmaqdadırlar. Rəsmi İrəvan Ermənistanda sabitliyin və dövlətçiliyin gələcək taleyinin məhz qonşularla münasibətlərin normallaşdırılmasından asılı olduğunu anlamaqda çətinlik çəkdikcə, kənar qüvvələr bundan yararlanmağa çalışmalı idilər və çalışdılar da. Əgər Ermənistan tərəfi lap əvvəldən bunu başa düşmüş olsa idi, ilk başdan başa düşmüş olsa idi ki, məsələni həll etmək, sabitliyi, təhlükəsizliyi təmin etmək üçün heç bir kənar iştirakçı olmadan ancaq iki ölkənin öz arasında danışıqlar aparması ən doğru yoldur, o zaman kimlərsə regiona burun soxmağa nəinki cəsarət edə bilməzdi, bunu heç ağıla da gətirməzdilər.

Paşinyan hakimiyyəti bu vaxta qədər sülh prosesini ləngitdiyi üçün hansısa qüvvələrin vəziyyətdən istifadə etmək qərarına gəlməsi tamamilə başadüşüləndir. Yəni, öz maraqları naminə ABŞ, Fransa, Rusiya və digər ölkələrin regionda sülhə mane olmaq cəhdləri rəsmi İrəvanın səhvləri fonunda gözlənilən idi. Hər bir ölkə öz geosiyasi maraqları naminə regiona, Cənubi Qafqaza soxulmaq niyyətindədir və bu mənada bölgəmizdə sabitlik məhz onlara sərf etmir. Ona görə də hər biri sülhə gedən yolda tikan kimi bitməyə də hazırdır. Doğrudur, belə görünür ki, rəsmi İrəvan gec də olsa öz səhvini anlamış olub, sülhə gedən yolun ən doğru yol olduğunu anlayıb və yaxın zamanda sülh məsələsi ilə bağlı qəti qərarı da ola bilər, amma kənar qüvvələr artıq bu zamana qədər Paşinyan hakimiyyətinin məsələni uzatmasından yetərincə istifadə edə bilib. Elə xaos yaratmaq məsələsi də məhz bundan qaynaqlanır. Məhz Cənubi Qafqazda mövqe əldə etmək uğrunda hansısa şans qazanmaq istəyi də, niyyəti də, bu istiqamətdə fəaliyyət də bu səbəbdən, yəni Ermənistan hakimiyyətinin regionda təhlükəsizliyi, sabitliyi təmin edən sülh məsələsində qətiyyətsiz olmasına görə formalaşıb. Ümumiyyətlə, istənilən formada təzahür edən maraqlar məhz bu səbəbdən yaranıb.

Paşinyan hakimiyyəti, erməni cəmiyyəti doğru qərar verməli, kimlərə isə axtardıqları şans verilməməlidir

Bu vaxta qədər qətiyyətsizlik edən və indiyə qədər sülh yolunda addımlamağa cəsarət etməyən Paşinyan hakimiyyəti, ilk növbədə, revanşistlərə öz məkrli niyyətlərini ortaya qoymaq üçün yaxşıca şans verib. Beləlikdə də revanşistlər, Qarabağ klanı, cinayətkar rejim hərəkətə keçmək üçün imkan, şans əldə etdiyi qənaətinə gəlib. Paşinyanın hakimiyyət komandası bununla kifayət qədər böyük yanlışlığa yol verdiyini məhz “kilsə qiyamı” deyilən etirazların fonunda başa düşmüş olub. Başa düşmüş olub ki, erməni kilsəsinə qarşı mübarizədə qələbə çalması gərəkir və bununla yanaşı artıq sülhə tərəf addımlamaq ən doğru seçimdir. Həqiqətən də ən doğru seçim məhz beynəlxalq himayədarların təsirindən çıxaraq, məsələni elə region ölkələri öz aralarında həll edərək, heç bir kənar müdaxilələr olmadan sülhə nail olmaq, təhlükəsizliyin təminatını reallaşdırmaq, gələcək inkişafa tərəf addımlamaq hesab olunur və Cənubi Qafqaz ölkələrinin maraqlarını təmin edən budur. Əks halda, məhz həmin o xarici, beynəlxalq himayədarlar özləri məsələni özlərinə lazımi istiqamətə yönəltməkdə maraqlı olacaqlar. Hər biri öz geosiyasi maraqları naminə öz istədiklərini reallaşdırmağa çalışacaq. Bu isə, ilk növbədə, Ermənistanın özünə sərf etməyəcək. Həmin ölkə illər boyu olduğu kimi, bununla yenə də kimlərinsə əlində marionet ölkə olaraq qalacaq, suveren, müstəqil ölkə olmayacaq, qərarlarını belə özü yox, digərləri vermiş olacaq. Bu isə o deməkdir ki, Ermənistanın maraqları yox, beynəlxalq oyunçuların, hayların beynəlxalq himayədarlarının maraqları ön planda olacaq. Məhz elə həmin o sadalanan Qərb, ABŞ, Rusiya da məhz bunun üçün çalışır və bunun üçün də hər biri şans axtarışındadır. Təbii ki, belə bir şərait, yəni, özlərinə aid qərarların ermənilər deyil, amerikalılar, fransalılar, ruslar tərəfindən verilməsi Ermənistanı qane edə bilməz və nə qədər ki, geç deyil, bununla bağlı Paşinyan hakimiyyəti, ümumilikdə erməni cəmiyyəti doğru qərar verməli, kimlərə isə axtardıqları şans verilməməlidir. Əksinə, region dövlətlərinin, Cənubi Qafqaz ölkələrinin öz maraqları ön planda durmalıdır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə