TDT-yə üzv dövlətlərin ədliyyə nazirlərinin birinci iclası Qazaxıstanda keçiriləcək

TDT-yə üzv dövlətlərin ədliyyə nazirlərinin birinci iclası Qazaxıstanda keçiriləcək

Türk Dövlətləri Təşkilatı çərçivəsində üzv dövlətlər arasında əməkdaşlıq istiqamətləri 2009-cu ildə imzalanmış təşkilatın təsis edilməsinə dair Naxçıvan sazişində əksini tapıb. Naxçıvan sazişi təşkilata üzv dövlətlər arasında hüququn aliliyini, insan hüquqları və əsas azadlıqların təmin edilməsi, habelə qarşılıqlı hüquqi yardım, məhkəmə-hüquq sahəsində əməkdaşlığın həyata keçirilməsini əsas məqsəd və vəzifələr kimi təsdiq edib. Təşkilat yarandığı gündən bu günədək üzv və müşahidəçi dövlətlər arasında hüquq sahəsində bir neçə əməkdaşlıq xətti və platforması qurulub. SİA xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının Baş katibinin müavini Sədi Cəfərov "Türk dövlətlərinin hüquq tətbiqetmə fəaliyyətlərində rəqəmsallaşma və inteqrasiya" mövzusunda keçirilən beynəlxalq konfransda çıxış edərkən deyib.

S.Cəfərov xatırladıb ki, təşkilata üzv dövlətlər 2021-ci ildə Türk Dövlətləri Təşkilatının Baş prokurorları Şurasının əsasnaməsini imzalayıblar. Beləliklə, prokurorluq orqanları arasında əməkdaşlıq platforması təsis edilib.

Hazırda bu platformanın səmərəli şəkildə fəaliyyət göstərdiyini qeyd edən S.Cəfərov Baş prokurorlar Şurasının növbəti üçüncü konfransının bu ilin iyulunda Qırğızıstanda keçiriləcəyini bildirib.

Baş Katibin müavini, həmçinin Ali Məhkəmə rəhbərlərinin növbəti konfransının bu il Qazaxıstanda keçiriləcəyini qeyd edib. Bildirilib ki, cari ildə Türk Dövlətləri Təşkilatının üzv dövlətlərinin ədliyyə nazirlərinin birinci iclasının da Qazaxıstanda keçirilməsi planlaşdırılır.

Bundan əlavə, bu ilin sentyabrında təşkilata üzv dövlətlərin daxili işlər nazirlərinin birinci iclasının Qırğızıstanda keçirilməsi nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə