“Gürcüstanda payızda gözlənilən seçkiöncəsi gərginlik yenidən arta bilər” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
“Gürcüstanda xarici təsirin şəffaflığı haqqında qanun artıq qüvvəyə minib. Bu ölkənin Parlament rəhbərliyi də bəyan edib ki, sözügedən qanunun əsas məqsədi Gürcüstanın siyasi, iqtisadi və sosial sistemlərinin davamlılığını gücləndirməkdir. Beləliklə, “Xarici təsirin şəffaflığı” qanun layihəsində vəsaitlərinin 20 %-dən çoxunu xaricdən alan bütün təşkilatlar xarici təsir agenti kimi qeydiyyatdan keçməlidirlər və buna əməl etməyənlər cərimələnəcəklər. Əslində, Gürcüstan hökuməti öz mövqeyində haqlıdır. Çünki bu gün Qərbin Gürcüstanda tətbiq etdiyi ssenari bu ölkəni Ukraynaya çevirmək niyyəti güdür”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayev deyib.
Onun sözlərinə görə, eyni ssenari 2004-cü ildə Gürcüstanda artıq tətbiq olunmuşdu: “2008-ci bu ölkə müxtəlif vədlərlə Rusiya ilə qarşıdurmaya sürükləndi. Nəticədə Cənubi Osetiya və Abxaziya itirildi. Yəni, gürcü xalqı heç nə qazanmadı, əksinə itirdi.
Qərb qonşu ölkədə vətəndaş cəmiyyətindən istifadə edərək, 25 minə yaxın QHT-nin böyük hissəsini maliyyələşdirir və onları öz iradəsinə uyğun idarə edirdi. Son illər Avropaya inteqrasiya adı altında Gürcüstan cəmiyyətində neqativ dəyişikliklər müşahidə olunmaqda idi. Əslində cəmiyyət özü yaranmış vəziyyətdən düzgün nəticə çıxarmalıdır. Ölkənin milli maraqları bütün maraqlardan üstün olmalıdır”.
“Hesab edirəm ki, bundan sonra etirazlar daha da səngiyəcək. Hər hansı dövlət çevrilişi barədə danışmaq tezdir. Qanun layihəsinə ən kəskin etirazlar vaxtı emosiyaları cilovlamaq mümkün oldu. Qanunun sentyabra qədər təxirə salınacağı gözlənilirdi, bu da baş vermədi. Amma bununla belə, payızda gözlənilən seçki öncəsi gərginlik yenidən arta bilər. Bu gün əslində Ermənistan da 2004-cü ildəki Gürcüstanın yolunu gedir, Paşinyanı da demək olar ki, eyni aqibət gözləyir. Eyni zamanda Moldovanın fəallığı da müsbət nəticələr vəd etmir”,- deyə o əlavə edib.
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB