“Azərbaycan dünyada ən çox ərazisi minalarla çirkləndirilmiş ölkələrdən biridir“ - ŞƏRH OLUNDU

“Azərbaycan dünyada ən çox ərazisi minalarla çirkləndirilmiş ölkələrdən biridir“ - ŞƏRH OLUNDU

“Azərbaycan dünyada ən çox ərazisi minalarla çirkləndirilmiş ölkələrdən biridir. Ermənistan tərəfi Azərbaycan torpaqlarında 1-1.5 milyon ədəd minan tətbiq edib. Bu günə qədər həmin minaların dəqiq xəritəsini Azərbaycana verməyib. Ermənistan tərəfinin təqdim etdiyi xəritələrin dəqiqliyi isə 20-25 faiz təşkil edir. Bir sözlə, Ermənistanın ölkəmizə qarşı mina terroru davam edir. 1991-ci ildən bu günə qədər 3400-ə qədər soydaşımız mina terrorunun qurbanı olub. Bu qurbanlar içərisində 358 nəfər uşaq olub”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Elşad Mirbəşiroğlu deyib.

Deputat bildirib ki, müasir mərhələdə ərazilərin minalardan təmizlənməsi məsələsi çox ciddi aktuallıq kəsb edir: “Azərbaycan bu mənada BMT ilə sıx əməkdaşlıq edir. BMT-nin müvafiq strukturları hazırda dünyanın 30-a qədər ölkəsində ərazilərin minalardan təmizlənmə prosesində iştirak edir. Lakin cənab Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycan öz ərazilərini minalardan öz resursları hesabına təmizləyir. Bizim bu istiqamətdə kifayət qədər təcrübəmiz var. Təəssüflə, qeyd etmək lazımdır ki, bu mənada da bəzən ikilistandartlar siyasətinin şahidi oluruq. BMT ayrı-ayrı ölkələrdə ərazilərin minalardan təmizlənməsi məsələsinə diqqət ayırdığı halda, biz o qədər də yaxından dəstək görmürük. Amma buna baxmayaraq Azərbaycan öz gücü hesabına ərazilərimizin aktiv şəkildə minalardan təmizlənməsi işini həyata keçirir.

Azərbaycanın mina bəlasına dünya diqqətinin cəlb edilməsi istiqamətində təşəbbüsləri də çox təsirli amil rolunda çıxış edir. Belə ki, artıq sayca üçüncü dəfə Azərbaycan bu mövzu ətrafında konfransa ev sahibliyi edir. Bunun iki istiqamətdə çox mühüm təsiri var. Birincisi, belə konfrans dünyanın diqqətini Azərbaycan ərazilərinin ciddi şəkildə minalarla çirklənməsinə çəkir. Sözsüz ki, bu istiqamətdə gələcəkdə beynəlxalq dəstəyin olması bizim üçün məqbul olar. Bu mənada konfrans əhəmiyyətlidir.

İkincisi isə konfrans çərçivəsində çox ciddi müzakirələr həyata keçirilib. Bu həm də qlobal təhlükəsizliyə çox ciddi töhfədir. Çünki müasir mərhələdə beynəlxalq təhlükəsizliyə təhdid yaradan amillərdən biri də mina məsələsidir. Bu gün ölkələrin ərazilərinin minalardan azad edilməsi çox ciddi beynəlxalq problem olaraq qalır. Azərbaycan bu mənada həm təşəbbüskar rolunda çıxış edir, həm də öz praktiki addımları ilə nümunələr təqdim edir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə