Yenə də Avropanın korrupsiya məsələsində adı hallanmağa başlayıb. Dəfələrlə avropalıların korrupsiya məsələlərinə, çirkabına bulaşması barədə məlumatlarla qarşılaşmışıq və bu dəfə də Avropa Parlamentində yeni korrupsiya qalmaqalı haqda informasiyalar var. Bu dəfə söhbət artıq Brüssel və Strasburqda Avropa Parlamentinin işinə olan “müdaxilə” məsələsindən gedir və araşdırılan da məhz budur.
Avropa siyasətçiləri korrupsiyaya alışqandırlar və haqq, ədalət kimi ən ali dəyərlər ayaqlar altına atılmaqdadır
“Amerikanın səsi” Avropada korrupsiya qalmaqalı ilə bağlı kifayət qədər ciddi məlumatlar yayıb. Məlumata görə, hal-hazırda bütün diqqət Avropa siyasətinin ifrat sağ cinahının nümayəndələri, Almaniya və Hollandiyadan olan Avropa Parlamentinin deputatlarına yönəlib. İstintaqda iştirak edən şəxslərdən biri də ifrat sağçı Almaniya üçün Alternativ partiyasından olan Maksimilian Kranın keçmiş köməkçisi Guillaume Praduradır. Məlumatda həmçinin, Hollandiyalı deputat Marsel de Qraaf və Almaniya üçün Alternativ partiyasınin keçmiş deputatı Maksimilian Kranın Kremlin təbliğatına yardım etməkdə ittiham olunduğu bildirilir. Belçika prokurorları bildiriblər ki, Fransa hakimiyyətinin köməyi ilə Pradourun Şerbekdəki evində, eləcə də Brüssel və Strasburqdakı Avropa İttifaqı parlament binalarında və ofislərində axtarışlar aparılır. Hüquq-mühafizə orqanlarının bəyanatında qeyd edilir ki, “axtarışlar müdaxilə, passiv korrupsiya və cinayət təşkilatına üzvlük işinin bir hissəsidir”.
Belə görünür ki, Avropa Parlamentinin korrupsiya qalmaqalı məsələsi yenə də öz təsdiqini tapmaqdadır. Əgər axtarış aparılırsa, bununla bağlı məlumar da verilirsə, deməli, ortada hansısa faktlar var. Əks halda, bu barədə iddia belə səsləndirmək olmazdı. Faktların olması isə artıq korrupsiya qalmaqalının yenə də doğru olduğu qənaətinə gəlməyə əsas verir. Belə çıxır ki, Avropa siyasətçiləri artıq korrupsiyaya alışqan olublar və bu vaxta qədər dünyaya ali dəyərlərdən dəm vuran avropalılar artıq aldıqlarının müqabilində haqq, ədalət kimi ən ali dəyərləri ayaqlar altına atmaqdadırlar.
Belə çıxır ki, Avropada korrupsiya çoxdan adi bir təcrübə kimi artıq qəbul olunmaqdadır
Fransanın Milli Mitinq partiyasından qovulan Pradura haqqında yaxşıca məlumatlıyıq. Bilirik ki, bir neçə il bundan əvvəl həmin o Pradura antisemit foto dərc etdiyinə görə partiyadan qovulmuşdu və bundan sonra o bu vaxta qədər hollandiyalı ifrat sağçı deputat Marsel de Qraafın yanında çalışır. Çalışır yox, nə ilə isə çirkin işlərlə məşğul olur desək, daha doğru olar. Çünki onun işi və fəaliyyəti barədə ağız dolusu danışmaq mümkün deyil və ancaq bəd əməllərinin siyahısını çıxarmaq mümkündür. Heç şübhəsiz ki, Milli Mitinq partiyasından qovulan Praduranın “ələ alınması” gedib erməni lobbisinin, diasporunun fəaliyyəti ilə əlaqəli olacaq və onun da “fəaliyyəti” məhz Avropanın qərarlarına təsir etməkdən ibarət olub. “Qara siyahı”ya düşməsi də bu baxımdan təsadüfi sayıla bilməz.
Onu da diqqətə çatdıraq ki, rus təbliğatını yaymaq üçün avropalı qanunvericilərdən istifadə etdiyi iddia edilən şəbəkəni Çex kəşfiyyatı bu ilin aprel ayında ifşa etdikdən sonra Belçika prokurorları Rusiyanın Avropa İttifaqı parlamentinə müdaxiləsi ilə bağlı iddiaları araşdırmağa başlayıb. Müstəntiqlərin diqqəti Kremlyönümlü iş adamı Viktor Medvedçuk tərəfindən maliyyələşdirilən Avropanın Səsi internet saytına yönəlib. Xatırladaq ki, daha sonra, məhz bunun ardınca bu sayt Avropa İttifaqı sanksiyaları ilə qadağan edilib.
Hadisələrin gedişindən görünür ki, bu dəfə Avropa Parlamentinin divarları arasında açıq şəkildə ifadə edilmiş siyasi çalarlarla növbəti korrupsiya qalmaqalı Avropa İttifaqına təsir etmək imkanı üçün milyonlarla rüşvətin üzə çıxdığı əvvəlki “Qatargate”dən heç də az səs-küylü olmayacaq. Bilirik ki, bu korrupsiya hekayəsinin əsas oyunçuları spiker müavini Eva Kiley, Avropa Parlamentinin deputatları Mark Tarabella, Andrea Kozzolino, Pier Antonio Panzeri və Nikolo Fiqa-Talamanka idi. Onların hamısı da rüşvət almaqda və Avropa İttifaqı siyasətinə təsir etmək cəhdində ittiham olunublar. İndi də bunun kimi korrupsiya qalmaqalının ortaya çıxması artıq bunun bir ənənəyə, vərdişə, adətə, hətta onlar üçün adi hala çevrildiyini deməyə əsas verir. Beləliklə, bəlli olur ki, Avropa Parlamentinin fəaliyyətində korrupsiya çoxdan adi bir təcrübə kimi artıq qəbul olunmaqdadır və nüfuzlu erməni lobbisi bir zamanlar bu nüfuzlu təşkilatın divarları arasında irəli sürülən saxtakarlıq sxemlərinin sponsoru olduğu da məlum olur.
Avropada adlı-sanlı siyasətçilər erməni dəyirmanına su tökmək üçün dəfələrlə satın alınıb
Sirr deyil ki, Avropa İttifaqındakı Erməni Dostluq Qrupu xüsusilə “fəallıq” göstərir və ələlxüsus da Avropa İttifaqının qanunverici orqanında ermənipərəst və anti-Azərbaycan qətnamələrini fəal şəkildə təbliğ edir. Onu da bilirik ki, həmin qrupun fəaliyyət göstərməsinin əsas hərəkətverici qüvvəsi mafioz milyarder Kaspar Karampetyanın rəhbərlik etdiyi Avropa Ədalət və Demokratiya Uğrunda Erməni Federasiyasıdır. Qeyd etdiyimiz bu personaj Afrikadakı regional münaqişə zonalarından tədarük edilən şübhəli mənşəli almazların ticarəti ilə sərvət qazanıb və külli miqdarda vəsait sahibi olduğuna görə Avropa Parlamentində korrupsiya sxemlərini həyata keçirməkdə əhəmiyyətli dərəcədə uğur qazana bilib. Karampetyan Belçikada zərgərlik mağazaları şəbəkəsinə sahibdir və almaz biznesindən əldə etdiyi külli miqdarda gəlirin böyük bir hissəsini Qarabağdakı separatçılara, həmçinin ASALA kimi erməni terror qruplaşmalarına dəstək verməyə yönəldib. Uğurla inkişaf edən həmin o almaz biznesi sayəsində Karampetyan, Ermənistanın xarici kəşfiyyat xidməti ilə birgə fəaliyyət göstərən Avropa Ədalət və Demokratiya Uğrunda Erməni Federasiyası belə yaratmağa da nail olub. Karampetyan özü hətta bir dəfə etiraf da edib ki, 2017-ci ildə Brüsseldə cəmi bir şam yeməyi zamanı erməni separatizminə dəstək üçün 3,8 milyon avro toplaya bilib. Geniş maliyyə imkanları sayəsində Karampetyan Ermənistanın Azərbaycan ərazilərini işğal etdiyi dövrdə müntəzəm olaraq Qarabağa səfər edən avropalı siyasətçiləri öz sıralarına cəlb edə də bilib. Bununla bağlı konkret faktlar da var. Məsələn, 2017-ci il 15 mart tarixində Strasburqda ən dəbdə olan “Le Bartholdi Pub” restoranında Karampetyan bir sıra avropalı deputatları masa arxasında toplaya bilib. Tezliklə Andre de Bust de Varnaf, Emanuel de Bok və Pyer Kompaninin simasında bir neçə parlamentari Karampetyanın müşayiəti ilə Qarabağda da peyda olub. Bir sözlə, qaranlıq almaz biznesinin gəlirləri ilə satin alınan avropalı siyasətçilər erməni biznesmenin marioneti kimi çıxış ediblər. Ümumiyyətlə, Avropada adlı sanlı siyasətçilər erməni əsilli tərəfindən dəfələrlə satin alınıb.
Korrupsiya məngənəsini artıq bütün dünya ictimaiyyəti çox yaxşı görür
Xatırladaq ki, bu ilin, 2024-cü ilin fevralında Avropa Parlamenti iki qətnamə qəbul edib və onların hər biri də məhz Azərbaycana qarşı dərhal sanksiyaların tətbiqinə, eləcə də strateji enerji tərəfdaşlığına dair anlaşma memorandumunun dayandırılmasına çağırış edilməsi ilə yadda qalıb. Hər halda, bunun nə demək olduğunu başa düşmək çətin deyil. Xüsusilə də sadalanan faktlar fonunda məsələnin nə yerdə olduğunu müəyyən etmək heç də çətin deyil. Sanksiya tətbiqi çağırışının da, strateji enerji tərəfdaşlığına dair anlaşma memorandumunun dayandırılması çağırışının da arxasında “nəyin” dayandığı çoxdandır gün kimi aydındır. Korrupsuya qalmaqallarının birinin digərini əvəz etməsi onu göstərir ki, bəzi avropalı siyasətçilər məhz ermənilər tərəfindən satin alınıblar və onlar buyruq qulu kimi davranaraq, Avropanın divarları arasında qəbul olunmalı olan qərarlara süni şəkildə təsir etmək niyyəti güdürlər.
Bir sıra faktlar açıq şəkildə göstərir ki, avropalı deputatların və Avropa Parlamentinin üzvlərinin xeyli hissəsi erməni diasporunun onlara verməyə hazır olduğu pul müqabilində Avropanın maraqlarına qarşı çıxmağa hazırdırlar. Daha doğrusu, onlar artıq həmin qərarlara qarşı çıxırlar da. Görünən odur ki, bir çox “satılmış” avropalı deputatlar aktiv şəkildə korrupsiya hərraclarında özlərini bazarda hiss edir və hətta alver də edirlər. Ona görə də demək olar ki, Avropa Parlamenti korrupsiya və qeyri-qanuni lobbiçilik bataqlığına o qədər qərq olub ki, bütün bunlar bütövlükdə Avropa İttifaqı üçün ciddi imic itgisi deməkdir. Ona görə ciddi imic itgisi deməkdir ki, Avropanın yenə də korrupsıya məngənəsındə olduğunu artıq bütün dünya ictimaiyyəti çox yaxşı görür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB