Dövlət qurumlarında vakansiyalara nəzarətin artırılması təklif olunub

Dövlət qurumlarında vakansiyalara nəzarətin artırılması təklif olunub

Seçicilərdən işlə təmin olunma ilə bağlı çoxlu müraciətlər alırıq. SİA xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deputat Aqil Məmmədov deyib.

Deputat bildirib ki, məqsədli proqramların yaranması yeni iş yerlərinin yaranması deməkdir: “Vətəndaşların əsas şikayəti dövlət qurumlarında vakansiya barədə məlumatların Dövlət Məşğulluq Agentliyinə verilməməsidir. Dövlət qurumlarında elə işlər var ki, imtahanla götürülür, amma texniki işlərlə bağlı vakansiyaları Dövlət Məşğulluq Agentliyinə vermirlər. Bura rəhbərlər özləri işçi təyin edirlər. Biz bu mexanizmə yenidən baxmalıyıq. Dövlət qurumlarında vakansiya barədə məlumat verməyənlər cəzalandırılmalıdır. Bu məsələ ilə bağlı yeni mexanizm tətbiq edilməlidir, vakansiya barədə məlumat verməyən qurumlar müəyyənləşdirilməlidir”.

Deputat qeyd edib ki, peşə hazırlığından keçən şəxslərin sonrakı taleyi ilə maraqlanılmalıdır: “Yəni 15 minə qədər şəxs gəlir ki, peşə hazırlığından keçir. Bəs onların iş tapıb-tapmaması ilə maraqlanılırmı? Digər tərəfdən, müsabiqə ərəfəsində regionlarda da iş yerlərinin yaradılması diqqətdə olmalıdır. Regionlarda da gənclərin, insanların işlə təmin olunması diqqətdə olmalıdır. Müsabiqələrdə daha çox Bakı və Bakı ətrafı rayonlarda yeni iş yerlərinin yaradılması məsələsi müşahidə edilir”.

Bütün xəbərlər Facebook səhifəmizdə