Ərazilər minalardan təmizlənəcək və köçkünlər öz yurdlarına qayıdacaqlar – KOMİTƏ SƏDRİ ŞƏRH ETDİ

Ərazilər minalardan təmizlənəcək və köçkünlər öz yurdlarına qayıdacaqlar – KOMİTƏ SƏDRİ ŞƏRH ETDİ

“Müharibənin başa çatmasından bir neçə il keçməsinə baxmayaraq, erməni təcavüzkarlarının ərazilərimizə basdırdıqları minalar, partlayıcı maddələr yenə də vətəndaşlarımızın canına qəsd etməkdədir.” Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.

Komitə sədri xatırladıb ki, bu günə kimi 361 vətəndaşımız mina qurbanı olmuş, onlardan 68 nəfəri dünyasını dəyişmiş, 293 nəfəri isə ağır yaralanmışdır. “Ümumiyyətlə, Azərbaycana edilən təcavüz müddətində 3400-dən çox vətəndaşımız minalardan zərər çəkmişdir. Onların içərisində uşaqlar, qadınlar daha çoxdur. Mina qurbanlarının sayının artması bu gün də davam edir və ərazilərimizdə təhlükəsizliyin təmin olunması zamanı ANAMA-nın xilasediciləri, eləcə də ərazidə işləyən mülki əhali minaların qurbanına çevrilirlər. Sözsüz ki, bu dözülməz bir haldır və dəfələrlə bu barədə beynəlxalq təşkilatlar qarşısında məsələ qaldırılsa da, Ermənistan rəhbərliyindən basdırılmış minaların xəritələrinin verilməsi tələb edilsə də buna lazımi əhəmiyyət verilməyibdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Minaların ətraf mühitə təsirinin azaldılması: Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması” mövzusunda keçirilən beynəlxalq konfrans iştirakçılarına ünvanladığı məktubunda bu barədə ətraflı bəhs edibdir. Məktubda bildirilir ki, minalar ətraf mühitə təsir edir, həm də təbiətə ciddi ziyan vurur və bu ekoloji tarazlığı pozur. Ölkəmizdə minatəmizləmə tədbirləri yüksək səviyyədə aparılsa da, ancaq ərazilərdə kütləvi halda minaların bazdırılması təhlükəsizliyə maneələr yaradır və həmin ərazilərdə dinc quruculuq, bərpa işlərinin aparılmasını çətinləşdirir.

Sözsüz ki, həmin ərazilər minalardan təmizlənəcək və köçkünlər öz ata-baba yurdlarına qayıdacaqlar. Ölkə rəhbəri konfrans iştirakçılarına ünvanladığı məktubunda gələcəyə böyük ümidlər bəslədiyini və işğaldan azad olunmuş ərazilərin minalardan mümkün qədər təmizlənməsinə ümidvar olduğunu ifadə edibdir. Sözsüz ki, görülən işlər, həyata keçirilən tədbirləri deməyə əsas verir ki, bütün ərazilər istənilən vaxtda və lazımi qaydada minalardan təmizlənəcək. Çünki bu, həm iqtisadi inkişaf, həm ətraf mühitin mühafizəsi, həm də insanların təhlükəsizliyi və həmin ərazilərə köçün daha tez baş verməsi üçün əhəmiyyətlidir”.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə